Modern.az

Vasim müəllim milli sərvətimizdir - Deputat YAZDI

Vasim müəllim milli sərvətimizdir - Deputat YAZDI

15 Oktyabr 2019, 14:00

Ziyad Səmədzadə,

Akademik,

Milli Məclisin İqtisadi siyasət,

sənaye, sahibkarlıq komitəsinin sədri 


Bu yazını hələ 7 il öncə Vasim müəllimin yubiley-doğum günündə yazmışdım, ancaq hesab edirəm ki, bu gün də bu yazının təkrar dərc edilməsi məqsədəuyğundur. Çünki Vasim müəllim xalqımızın böyük oğlu, böyük vətəndşı idi.

 

***

 


Dünya böyükdür, nəhəng-nəhəng qitələrdən ibarətdir. Ancaq dünya Yaxın Şərqdə göz açmış, dilə gəlmişdir. Təsəvvürə gətirin ki, bütün peyğəmbərlər Yaxın Şərqdə doğulmuş, bütün Allah kəlamı kitabları – “Avesta”, “Tövrat”, “İncil” və sonuncu müqəddəs kitabımız “Qurani-Kərim” Yaxın Şərqdə yazılmışdır. Tarix də Şərqdən başlamışdır, desəm, yəqin ki, səhv etmərəm. Avropa alimləri də tarixin ilk fəslini Şərqlə, xüsusən Yaxın Şərqlə başlamışlar. Təsadüfi deyil ki, Babil dövlətləri, Misir, Midiya, Mesopotamiya, Yunanıstan  bəşər tarixinin əlifbası sayılırlar. Fəxr edirik ki, Vətənimiz Azərbaycan da Yaxın Şərqin ən zəngin tarixi olan ölkələrindən biridir


Azərbaycan tarixini, mədəniyyətini Bəhmənyar və Tusi kimi alimlər, dağdan uca Dədə-Qorqud abidəsi, Nizami, Xəqani, Nəsimi, Füzuli, Xətai kimi şeir-sənət zirvələri əzəmətə mindirib. Orta əsrlərdən isə dünyada şərqşünaslıq elmi yaranıb, zənginləşib, təkmilləşib. Heç şübhəsiz, Azərbaycan şərqşünaslığınınyaranmasında, onun nüfuzlu elmə çevrilməsində böyük tarixçi və şərqşünas alimlərimiz akademik Əbdülkərim Əlizadənin, akademik Ziya Bünyadovun xidmətlərini minnətdarlıqla qeyd etmək lazımdır.


Sevindirici haldır ki, bu gün Azərbaycan şərqşünaslığı adlarını çəkdiyim şərqşünas alimlərimizin layiqli davamçısı akademik Vasim Məmmədəliyevin yaradıcılığında, tədqiqatlarında daha da mükəmməlləşir. Vasim müəllim Azərbaycan xalqının milli sərvətidir. XX əsrdə Azərbaycan xalqı çox böyük ziyalılar yetişdirib, artıq XXI əsrdən 12 il keçib bu ziyalıların ən yüksək səviyyədə olanları Azərbaycan Milli Elmlər Akademiyasının akademikləridir. Üzeyir Hacıbəyov, Səməd Vurğun, Qara Qarayev, Mirzə İbrahimov, Əbdülkərim Əlizadə, Həmid Araslı, Əlisöhbət Sumbatzadə, Ziya Bünyadov, Əhməd Mahmudov, Firudin Köçərli... Bu alimlər içərisində Vasim Məmmədəliyev də var. Elə bu kifayətdir ki, Vasim müəllimin yaradıcılığı haqqında deyilən sözlərə yekun vurulsun.



Mən Vasim müəllimi uzun illərdir tanıyıram. İslam aləminin ən dəyərli alimlərindəndir. Vasim müəllim milli-mənəvi dəyərlərimizi dünyanın ən yüksək tribunalarından təmsil edir. Biz qloballaşan dünyada, İslam dünyasına haqsız hücumların olduğu bir dövrdə yaşayırıq. Bu haqsız hücumlara cavab vermək təkcə siyasətçilərin öhdəsinə düşmür, bu hücumlara cavab vermək şərqşünas alimlərin də vacib vəzifələrindən sayılır. Vasim müəllimi dünyanın harasına göndərsən o, həmin yerdə alimlər arasında parlayar. Çünki o, sözün əsl mənasında alimdir, əsl ziyalıdır.


Vasim müəllim elmdə Fərhad kimi külüng vuran, bununla da özünəməxsus elm yolu açan nadir alimlərdəndir. O, mənəvi saflığın, milli qürurun, milli-mənəvi dəyərlərin, xeyirxahlığın, alicənablığın, nəhayət İslam dininin bayraqdarıdır. Vasim müəllimin elmi potensialı, İslam dini, onun fundamental əsasları barədə baxışları böyük bir məktəb, böyük bir xəzinədir.


Mənim fikrimcə, dövləti qorumaq üçün ilk növbədə milli-mənəvi dəyərləri qorumalıyıq. Əgər dövlət varsa, milli-mənəvi dəyərləri yoxsa, o dövlət deyil. Dövlətin gücü onun iqtisadi qüdrəti ilə yanaşı milli-mənəvi dəyərləri ilə ölçülür. Vasim müəllimin millət qarşısında ən böyük xidmətlərindən biri də milli-mənəvi dəyərlərimizi çox mükəmməl və savadlı şəkildə qorumağıdır.


Vasim Məmmədəliyev İslam aləminin incəliklərinə, dərinliklərinə yaxından bələd olan bir alimdir. Vasim müəllim heç vaxt şöhrətpərəst olmayıb, çünki o, insanlıq tərbiyəsini Qurani-Kərimdən, Peyğəmbər əleyhüssəlamın hədislərindən və Həzrət Əlinin müdrik kəlamlarından alıb. Sadəlik, təvazökarlıq, xeyirxahlıq, nəciblik, ləyaqət, hörmət, sədaqət onun qanına, canına, iliyinə hopmuşdur.


Təkrar edirəm ki, Vasim müəllim milli sərvətdir. Milli sərvəti də qorumaq lazımdır. Bu da təsadüfi deyil ki, cənab Prezident insan kapitalına yüksək qiymət verir. Hər bir sahənin insan kapitalı var. Çox təəssüf ki, Vasim Məmmədəliyev kimi insanlar azdır.


O, dost kimi, insan kimi, ailə başçısı kimi də cəmiyyətdə böyük nüfuz qazanmışdır. Milyonların ola bilər, amma cəmiyyətdə nüfuzun olmaz. Nüfuz qazanmaq, millətin önündə getmək hər adama nəsib olmur, kimə nəsib olubsa onu xoşbəxt adlandırmaq olar. Vasim müəllim Azərbaycanda da, dünyada da bu xoşbəxtlərdəndir.


Heç şübhəsiz ki, Vasim müəllimin bir ziyalı, əsl vətəndaş kimi formalaşmasında mənsub olduğu nəslin, kökün, yetişdiyi sağlam ailə mühitinin böyük rolu olmuşdur. Alimin uşaqlığı da, gəncliyi də Abşeronda keçib. Abşeron böyükdür. Amma baxın, görün Vasim müəllim Abşeronda nə qədər nüfuza malikdir. Nəinki Abşeronu, Azərbaycanı qarış-qarış gəzəsən hamısı Vasim müəllimi tanıyır. Çünki onun apardığı verilişlər – “Haqqın dərgahı”, “Nurdan damlalar” hamının qəlbinə yol tapıb. Belə bir deyim var: “Günəş gündüz nur verər, Ay gecələr, əqlin işığı isə həm gündüzü, həm də gecəni nurlandırır”. Vasim müəllim bu verilişlərdə öz elminin nurunu yorulmadan, xüsusi zövqlə insanlara bəxş edir. Vasim müəllim bir həqiqəti də yaxşı dərk edir ki, insanın yaxşısı xalqa xeyir verəndir, elm öyrədəndir. Bu mənada insanlar onun qeyri-adi istedada və möhkəm mərama malik olduğunu görür və qiymətləndirirlər.

 
Alimin böyüklüyü, gücü ondadır ki, o, elmini təbliğ edir. Şərqin incisi sayılan Nizamini, Füzulini, digər klassikləri, muğamları təbliğ edən insan əlbəttə ki, pak insan olar. O, oxunan qəzəllərin, şeirlərin hamısının mənasını bilir. Vasim müəllimin xəmiri bunlardan yoğurulub. Varından, vəzifəsindən asılı olmayaraq o, həmişə ona ehtiyacı olan insanların yanındadır.


Vasim müəllim fəaliyyəti dövründə bir neçə mükafatlara layiq görülmüşdür. Ən dəyərlisi isə möhtərəm Prezidentimiz İlham Əliyevin sərəncamı ilə aldığı “Şöhrət” ordenidir.


İnanıram ki, ömrünün 70 illik yubileyini qeyd edən Vasim müəllim hələ uzun illər elmimizin inkişafına, sağlam əqidəli gənclərin formalaşmasına öz layiqli töhfəsini verəcəkdir.


Əziz dostum, sevinclə qeyd etdiyiniz 70 il deyərdim ki, Vasim Məmmədəliyev ömrünün  bir mərhələ bayramıdır. Bir daha Sizi yubiley münasibəti ilə səmimi-qəlbdən təbrik edirəm! Arzum budur ki, Vasim müəllimi Allah qorusun, Vətən üçün, xalq üçün, ailəsi üçün, bütövlükdə İslam dünyası üçün.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır