Modern.az

Müsavat mühacir alveri ilə bağlı yeni açıqlama yaydı

Müsavat mühacir alveri ilə bağlı yeni açıqlama yaydı

Aktual

15 Noyabr 2019, 17:30

Müsavat Partiyasının mətbuat xidməti son günlər partiyaya qarşı aparılan kampaniya ilə bağlı açıqlama yayıb.

 

Modern.az-ın Musavat.com-a istinadən məlumatına görə, açıqlamada bildirilir ki, son günlər Almaniyada qanunsuz miqrant problemi ilə bağlı həyata keçirilən əməliyyat Azərbaycanda tamamilə təhrif olunaraq, guya Müsavat Partiyasına qarşı əməliyyat kimi təqdim edilib. 

Bildirilir ki, həmin əməliyyatın hədəfi nəinki Müsvat Partiyası, heç azərbaycanlı mühacirlər də deyil.

 

"Almaniyada həyata keçirilən əməliyyata, rəsmi məlumata görə, 510 polis cəlb edilib, 6 federal əyalət üzrə 38 obyektdə axtarış aparılıb. Bu obyektlərdən yalnız 13-ü azərbaycanlılara, böyük əksəriyyəti isə ukraynalı, suriyalı və digər ölkələrdən olan miqrantlara məxsusdur. 

Əməliyyat çərçivəsində hər hansı bir Müsavat üzvünün saxlanıldığı barədə iddia təsdiq olunmayıb".

 

Açıqlamada qeyd olunur ki, bu iddia ilk olara Meydan TV-nin əməkdaşı Həbib Müntəzir tərəfindən irəlü sürülüb:

 

"Getdikcə daha çox təhrif edilərək şaxələnən iddiaya görə, saxlanılanlar arasında guya Müsavat Avropa Koordinasiya Mərkəzinin rəhbəri İlham Həsən, onun müavini kimi təqdim edilən Mehdi Xəlilbəyli, həmçinin fəallar Abdin Cavadov, Rəşad Məmmədov, Elşən Abdullayev və keçmiş CÇM rəhbəri Elçin Əkpərovun da olduğu iddia edilib. 

Əvvəlcə qeyd edilməlidir ki, Mehdi Xəlilbəyli təşkilatda hər hansı vəzifə tutmur. Adı çəkilən digər şəxslər Müsavat üzvləri deyil, Rəşad Məmmədov isə, nəinki üzv deyil, uzun müddət Müsavat AKM və müsavatçılar əleyhinə kampaniya aparan şəxsdir. Onların saxlandıqlarını təsdiq edən hər hansı fakt da ortada yoxdur.  

Həmçinin İlham Həsənin saxlanması haqında xəbər təkzib edilib. O, canlı yayımda verdiyi müsahibədə özünün və təşkilatın digər üzvlərinin saxlanması barədə xəbərin yalan olduğunu bildirib". 

 

Həmçinin qeyd olunub ki, Müsavat Partiyası qanunsuz miqrasiya və saxta sənədlərin verilməsi ilə bağlı obyektiv araşdırmaların aparılmasında maraqlıdır:

 

"Əgər Almaniya polisinin həyata keçirdiyi əməliyyat nəticəsində hər hansı bir Müsavat Partiyası üzvünün qanundan kənar fəaliyyəti aşkar olunarsa, həmin şəxs(lər) buna görə fərdi məsuliyyət daşıyacaq. Bununla yanaşı, Müsavat Partiyası da bu halda həmin şəxs(lər)lə bağlı adekvat tədbirlər görəcək. 

Müsavat Partiyası bu mövzuda yazılar dərc edən media orqanlarını peşəkar davranmağa çağırır. Yayılan məlumatlarla bağlı araşdırmalar davam edir. Yaxın vaxtlarda daha ətraflı məlumatlar veriləcək”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir