Modern.az

“Sovet hakimiyyəti başa düşürdü ki, Meydan hərəkatı xalqı müstəqilliyə aparır” - Tapdıq Fərhadoğlu

“Sovet hakimiyyəti başa düşürdü ki, Meydan hərəkatı xalqı müstəqilliyə aparır” - Tapdıq Fərhadoğlu

16 Noyabr 2019, 17:46

1988-ci ilin noyabrında 100 minlərlə azərbaycanlı Ermənistanın təxribatlarına və Sovet İttifaqının ikili siyasətinə etiraz olaraq o zaman Bakıdakı Azadlıq Meydanında toplaşdı. Bu, Azərbaycanda milli-azadlıq hərəkatının başlanğıcı idi.

Sovet İttifaqı rəhbərliyinin ermənilərin Dağlıq Qarabağa iddiasına loyal münasibəti və qərəzli mövqeyi, Azərbaycan xalqını ayağa qaldırmışdı. Yüz minlərlə insanın Azadlıq Meydanına axışması isə ən yeni tarixin təməlini qoydu.

 

Azərbaycanda bu hadisələr milli azadlıq hərəkatı kimi qiymətləndirilir və Vətənimizin istiqlaliyyət qazanmasında əsas amil sayılır. 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.

Dirçəliş günü ilə bağlı xatirələrini Milli Azadlıq Hərəkatının iştirakçılarından olan “Amerikanın səsi” radiosunun müxbiri Tapdıq Fərhadoğlu Modern.az-la bölüşüb.

 

O, bildirib ki, Meydan hərəkatında hər kəs öz istəyi ilə iştirak edirdi:

 

“Meydan hərəkatında hamı heç bir çağırış olmadan, öz arzu-istəklərinə görə iştirak edirdi. Bu hərəkatda xalq ölkənin müstəqilliyi uğurunda mübarizəyə qoşuldu. Meydan hərəkatı xalqın öz ürəyində saxladığı azadlıq, müstəqillik, suverenlik hisslərinin bir nəticəsi idi. “Meydan”dan qabaq çoxlu gizli təşkilatlar yaradıldı və tələbələr, gənclər, insanlar hamısı həmin təşkilatlarda birləşdilər”.

 

Tapdıq Fərhadoğlu bildirib ki, gizli təşkilatlarda birləşdikdən sonra insanlar Milli Azadlıq Hərəkatını başlatmağa hazır oldular:

 

“Meydan hərəkatından əvvəl yürüşlər keçirilirdi. Bu yürüşlər düz aprel ayından başlayaraq davam edirdi. Bu yürüşlərin nəticəsi Meydan hərəkatına gətirib çıxardı. Bu hərəkat; Azərbaycan xalqının öz müstəqilliyi uğurunda apardığı mübarizə Ermənistanda yaşayan 300 minə yaxın azərbaycanlının öz yurdlarından qaçqın düşməsinə səbəb oldu. Mən həmin qaçqınlıq həyatını yaşayan ailənin üzvüyəm. Həmin vaxtlarda mənim valideynlərim Ermənistanda yaşayırdı. Mən qaçqın düşən valideynlərimi Kəlbəcər rayonunun qarlı dağlarından, ermənilərin ölüm pəncəsindən xilas etdim. Buna görə də mən Meydan hərəkatının son günlərində iştirak edə bilmədim. Amma hərəkatın ilk günlərində də, sovet ordusu Meydana gələndə biz onun şahidi olduq”.

 

Jurnalist qeyd edim ki, hərəkatın iştirakçıları sovet ordusuna qarşı hər hansı təxribata, qarşıdurmaya yol verməyib, onlara qarşı heç bir güc tətbiqi baş verməyib.

 

“Bununla yanaşı sovet hakimiyyəti başa düşürdü ki, Meydan hərəkatı xalqı öz müstəqilliyinə aparır və kommunist hökümətinin sonu deməkdir, xalq hakimiyyətə gələcəkdir. Buna görə də hərəkatın qarşısını almaq üçün sovet ordusu hər vasitədən istifadə etməklə xalqın mübarizəsinin qarşısını almağa çalışırdılar”, - deyə T.Fərhadoğlu bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...