Modern.az

Qarabağdakı qanunsuz məskunlaşma beynəlxalq təşkilatlarda qaldırılırmı? - Üç DEPUTAT

Qarabağdakı qanunsuz məskunlaşma beynəlxalq təşkilatlarda qaldırılırmı? - Üç DEPUTAT

18 Noyabr 2019, 15:55

Ermənistan hakimiyyəti sülh mesajları ilə çıxış etsə də, reallıqda işğal altındakı Qarabağ torplaqlarında süni məskunlaşdırma və infrastrukturun yaradılması prosesinə fasilə verilmir.

 

Azərbaycanın işğal altındakı torpaqlarında hətta Yaxın Şərq regionundan belə kütləvi şəkildə erməni köçürüb yerləşdirən rəsmi İrəvan və Qarabağdakı qondarma rejim bu ərazilərə Ermənistandan yol da çəkdirir.

 

Bəs görəsən, Azərbaycan Milli Məclisinin beynəlxalq təşkilatlardakı nümayəndə heyətləri Qarabağda qanusuz erməni məskunlaşdırılması və bunun qarşısının alınması ilə bağlı məsələ qaldırıblarmı?

 

Azərbaycanın NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin üzvü Qüdrət Həsənquliyev bildirib ki, son iclasda toxunulmasa da, zaman-zaman bu məsələ qurumun iclasında qaldırılıb:

 

“NATO PA-da həmişə bir fikir səsləndirilir ki, bu problemlə ATƏT məşğuldur, biz isə ATƏT-in bu missiyasını NATO olaraq dəstəkləyirik. Ona görə də onlar hər hansı məsələyə münasibət bildirməkdən, bu məsələni müzakirə etməkdən imtina edir. Yəni NATO PA-nın yanaşması belədir. NATO-nun dövlət başçılarının sammitində dəfələrlə Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunub. Amma NATO özü də bu məsələylə məşğul olmaqdan imtina edir ki, məsələylə ATƏT məşğul olur”.

 

ATƏT PA-dakı nümayəndə heyətimizin üzvü Fazil Mustafa bildirib ki, bunun qarşısını sadəcə Qarabağda məskunlaşan və məskunlaşdırılan erməniləri vurub çıxarmaqla almaq olar:

 

“Ordakı bütün erməniləri öz gəldikləri yerə qovub göndərmək lazımdır. Bu məsələni hərbi yolla çözmək lazımdır ki, ermənilər orada özbaşınalıq eləməsinlər. Beynəlxalq təşkilatların yüzdə beşi şikayət edib, ermənilərin iradəsiylə həyata keçirilmir ki!”

 

Fazil Mustafa qeyd edib ki, bu məsələdə kənar qüvvələrin yanaşması da rol oynayır:

 

“Biz konkret olaraq hərb yolu ilə məsələni çözməliyik. Yəni Azərbaycan qanunu ilə razılaşmayan erməni orada yaşamamalıdır, bunun yolu isə hərbdən keçir. Ən azından qanunlarımızı tanıyan ermənilərin yaşamasına izin olsun”.

 

Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətimizin üzvü Asim Mollazadə bildirib ki, bu, ermənilərin növbəti cinayətlərindən biridir:

 

“Bilirsiniz ki, ermənilər o qədər cinayət törədib ki… Qanunsuz məskunlaşma da növbəti cinayətdir. Təəəssüflə qeyd etmək istəyirəm ki, Ermənistanın beynəlxalq hüquq normalarını kobud şəkildə pozmağına beynəlxalq təşkilatlar göz yumurlar. Təbii olaraq Azərbaycan hər bir beynəlxalq platformlardan istifadə edərək bu vəziyyətləri dünyaya çatdırmalıdır və Ermənistanın cinayətlərinin qarşısını almaq üçün müvafiq qərarlar qəbul etməlidir. Çox təəssüf ki, bu qərarlar qəbul edilməyib və biz beynəlxalq hüququn acizliyini görürük”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir