Modern.az

Sən kimi deputat görmək istərdin?

Sən kimi deputat görmək istərdin?

1 Dekabr 2019, 16:37

Biri deyir ki, deputatlar gənc, yəni sütül adam olmalıdır. Bir başqası bunu inkar edib bildirir ki, deputat yaşlı, təcrübəli, ağsaqqal (və ya ağbirçək) adam olmalıdır. Bunlar yaşla bağlı təkliflərdir.

Cinslə bağlı təkliflər də irəli sürülür. Kimi deputatın kişi, kimi də qadın olmağını iddia edir.

Sosial statusla, lap elə iştaha və yemək-içməklə bağlı fikirlər də maraq doğurur. Məsələn, uzun illərdən bəri Milli Məclisdə kök atıb kökəlmiş bir deputat da bildirir ki, acları yox, artıq yeyib doyanları deputat seçmək (?) lazımdır.

Reklama görə deputat olmaq istəyənlər və onların tərəfdarları da az deyil. Məsələn, məşhur adamların (artist, müğənni, aktyor, aparıcı, şoumen və b.) fanatları öz kumirlərini bu uca kürsüdə görmək istəyir.

Bəlağətlə, həm də ucadan danışmaq istedadı olanların da öz azarkeşləri var və bu azarkeşlər öz sevimlilərini deputatlığa daha layiqli namizəd hesab edirlər.

Siyasi xadimlərsə parlamentdə yalnız debat aparmaq qabiliyyəti olan kəsləri təsəvvür edir.

Əlbəttə, bu konuda başqa şərt və təkliflər irəli sürənlər də var.

Təbii ki, mənim də öz arqumentim var. Əvvəla, parlamentə adamları təyin etmək yox, seçmək lazımdır. İkincisi, adamları yaş, cins, sosial təbəqə, peşə və s. kimi amillə bağlı deyil, parlamentari təfəkkürünə görə, həm də daha çox iqtisadi-hüquqi-siyasi və bir də fəlsəfi sahədəki bilik, bacarıq və səriştəsinə görə bu instituta seçmək lazımdır. (Sonuncu təklifi, yəni “fəlsəfi” məsələni özümə işarə olaraq dedim).


Yaxşı, dostum, bəs Sən kimi deputat görmək istərdin?


Firuz Mustafa

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir