Modern.az

“Parlament siyasət meydanıdır” - Sədr müavini 

“Parlament siyasət meydanıdır” - Sədr müavini 

Aktual

6 Dekabr 2019, 17:57

Modern.az “Ana Vətən” Partiyasının sədr müavini Arzuman Abdulkərimovla müsahibəni təqdim edir:

 

- Arzuman bəy, fevralın 9-da Azərbaycan Milli Məclisinə növvədənkənar seçkilər keçiriləcək. Təmsil etdiyiniz partiya seçkiyə qatılacaqmı?

 

- Təbii. Təmsil olunduğum “Ana Vətən” Partiyası Azərbaycan siyastində öz yeri, öz sözü olan, yarandığı gündən dövlətçilik prinsiplərinə xidmət edən siyasi partiyadır. Partiya Azərbaycan Respublikasının müstəqilliyinin bərpasından sonra hər zaman Milli Məclisdə təmsil olunub, ölkənin qanunverici bazasının formalaşdırılmasında aktiv iştirak edib. Siyasi fəaliyyətimi “Ana Vətən” Partiyasında davam etməyimin əsas səbəblərindən biri də budur. Ümumiyyətlə siyasi fəaliyyətimlə bağlı qərarlar qəbul edəndə çalışıram ki, onların ictimai məzmunu dərin, cəmiyyətə xeyri böyük olsun. Parlament fəaliyyəti istənilən siyasətçinin öz potensialından daha effektiv istifadə platformasıdır. Düşünürəm ki, dekabrın 7-nə təyin olunan partiya məclisində də 9 fevral seçkisində aktiv iştirak qərarı veriləcək və biz seçki kampaniyasına rəsmən start verəcəyik.

 

- Son aylarda “Ana Vətən” Partiyasına yeni simalar gəldi. Bu proses davam edəcəkmi?

 

- Sözsüz. Konkret ideoliji xətti, dəqiq hədəfləri olsa da hər bir siyasi qurumun, o sıradan “Ana Vətən” Partiyasının çağın tələbi ilə yenilənməyə ehtiyacı var. Pariya sədri hörmətli Fəzail Ağamalı Azərbaycanın ən təcrübəli siyasətçilərindəndir. O, Sovetlər Birliyini dönəmindən – uzaq 70-ci illərdən Azərbaycanın müstəqillik mübarizəsinə qoşulub, təqiblərə, həbs təhlükələrinə baxmayaraq müstəqilliyin əldə olunmasında xüsusi xidmətlər göstərib, milli-azadlıq hərəkatının önündə olub, çağdaş Azərbaycanın quruculuğunda yaxındaş iştirak edib. Fəzail müəllim kimi təcrübəli, eyni zamanda dövlətçiliyə, Heydər Əliyevin siyasi irsinə sadiq siyasi liderin başçılıq etdiyi təşkilatın bundan sonra da ölkənin siyasi tarixində xüsusi yeri, rolu olacağı heç kimdə şübhə doğurmur. “Ana Vətən” Partiyası Azərbaycan hələ Sovetlər Birliyinin tərkibində olarkən elan edilib, bugünə qədər öz adı, öz yolu ilə siyasi səhnədədir. Sözsüz ki,  partiya Azərbaycan dövlətinin quruculuğunda iştirak etmək istəyən, “Ana Vətən” Partiyasının ideyalarını öz düşüncələrinə yaxın bilən hər bir Azərbaycan vətəndaşı üçün açıqdır və biz partiya rəhbəriyi olaraq təşkilatımızın güclənməsinə, sıralarımızda milli dəyərlərə bağlılığı ilə seçilib siyasiətin yeni tendensiyalarına ayaq uyduran xüsusən yeni nəslin təmsil olunmasına çalışacağıq.

 

- Növbədənkənar parlament seçkisi ölkədə sürətlə gedən islahat prosesinin məntiqi nəticəsi kimi gündəmə gəldi. Siz bütünlükdə baş verən dəyişiklikləri necə qiymətləndirirdiniz?

 

- Bu, prezident İlham Əliyevin həyata keçirdiyi ağ inqilabdır. Biz qısa müddətdə uzun illər gözlənilən proseslərin şahidi olduq. Azərbaycanın həm siyasi vitrini dəyişir, həm ölkə sosial dövlət modelinə daha sürətli keçid edir. Bu gün biz ölkənin siyasi, sosial, ictimai gündəmi ilə bağlı ən sərt tənqidləri siyasi sistemin rəhbəri cənab prezident İlham Əliyevdən eşidirik, onun cəmiyyəti narahat edən neqativləri aradan qaldırmaq üçün necə radikal addımlar atdığını görürük. Bu dəyişiklik ab-havası həm vətəndaş, həm də siyasətçi kimi bizi sözsüz ki, son dərəcə məmnun edir. Azərbaycan artıq dövlət kimi oturuşma, dünya dövlətləri içərisində söz sahibinə çevrilmə mərhələsini arxada qoyub. Biz indi Azərbaycanı sürətlə irəliyə aparacaq, modern dövlətə çevirəcək addımlar ərəfəsindəyik və düşünürəm ki, bu gün siyasətdə olub-olmamasından asılı olmayaraq Azərbaycan firavan, güclü dövlət kimi görmək istəyən hər bir vətəndaş prezident İlham Əliyevin bu addımlarını dəstəkləməlidir.

 

Növbədənkənar seçki ilə bağlı qərar verilənlər ölkədəki bütün siyasi partiyalar, o sıradan müxalifət düşərgəsi müzakirələr aparır. Boykot çağırışları da var, seçkidə iştirak təklifləri də. Sizin müxalifət düşərgəsində gedən polemmikalara baxışınız necədir?

 

- YAP-ın icra katibi Əli Əhmədovun söylədiyi kimi, Milli Məclis prezidentin siyasi qərarlarına adekvat deyildi. Müxalifət partiyaları da eyni durumdadır. Uzun illər nə rəhbərliklərində, nə strategiya və taktikalarında heç bir dəyişiklik edə bilməyən müxalif düşərgə bugünün siyasi tələblərinə adekvat addımlar ata bilmir. Top onların meydanındadır. İddia etdikləri kimi, xalqın böyük kütləsi onları dəstəkləyirsə, buyursunlar, seçkidə güclərini ortada qoysunlar. Seçki həm də siyasi partiyaların cəmiyyətdəki nüfuzlarını öyrənmələri üçün vasitədir. Yalnız iddiaları ilə real vəziyyətləri üst-üstə düşməyən, cəmiyyətin “siyasi meyit” saydığı şəxslər müxtəlif bəhanələrlə prosesdən kənarda qalacaqlar. Ölkədə dəyişiklik istəyən, bunun üçün siyasi baxışlarını ən doğru yol sayan bütün qüvvələr seçkiyə gedəcək.

 

- Həm siyasətçi, həm də zamandaş olaraq parlamentin yeni tərkibini necə görmək istəyirsiniz?

 

- Milli Məclis siyasət meydanıdır və düşünürəm ki, deputatlar hansı peşənin sahibi olmaqlarından asılı olmayaraq siyasətçi olmalıdırlar. Bu gün cəmiyyətdə gələcək parlamentin tərkibi ilə bağlı müxtəlif çağırışlar var. Görünən odur ki, insanlar tənqidi baxışları olan şəxslərin Milli Məclisdə təmsilçiliyini daha çox arzulayırlar. Bunun səbəblərindən biri də ötən parlamentdə susqun deputatların çoxluğu ilə bağlıdır. Vətəndaş öz təmsilçisini Milli Məclisdə fəal görmək istəyir. Bu başa düşüləndir. Ancaq siyasəti bilmədən tənqid etmək də cəmiyyətə yaxşı heç nə vəd etmir. Ona görə də arzu edirəm ki, yeni tərkibdə savadlı hüquqşünaslar, iqtisadçılar, vətəndaş cəmiyyəti institutları təmsilçiləri, elm, mədəniyyət xadimləri təmsil olunsa da onlar dövlətanlayışını dərk edən milli düşüncə daşıyıcısı olsunlar.

 

Aydın Həsənli

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı