Modern.az

Jurnalistlər 2019-cu ilin idman hadisələrindən DANIŞDILAR: “Millimiz azarkeşləri əsəbləşdirdi”

Jurnalistlər 2019-cu ilin idman hadisələrindən DANIŞDILAR: “Millimiz azarkeşləri əsəbləşdirdi”

Media

16 Dekabr 2019, 12:56

İl sonuna sayılı günlər qalıb. Təbii olaraq, yola saldığımız il hər kəsin yaddaşında fərqli təəssüratları ilə yadda qalır. Maraqlıdır, Azərbaycanın idman sahəsi 2019-cu ildə hansı hadisələrlə yadda qaldı?

 

Modern.az bu sualla bağlı media nümayəndələri arasında kiçik sorğu keçirib.

 

Qol.az saytının baş redaktoru Aydın Bağırov hesab edir ki, bu il böyük yarışlar olmadı, əsas yarışlar gələn il olacaq.

 

“Xüsusi olaraq idman sahəsində yadda qalan hadisə kimi Teymur Rəcəbovun şahmat üzrə Dünya Kubokunu qazanmağını göstərmək olar. Əsas məsələ isə təbii ki, futbolla bağlı idi. Futbolda da təəssüf ki, hər il olduğu kimi mənfi nəticələr təkrarlandı. Ən mənfi hal budur ki, Azərbaycan millisi  bu il qrupda cəmi 1 xal qazandı. Bu, 24 illik fasilədən sonra milli komandamızın ən uğursuz göstəricisi idi”, - deyən baş redaktor xatırladıb ki, Azərbaycan futbolu 1995-ci ildə uğursuzluqlara düçar olub və bunu başa düşmək olardı:

“Amma onun üstündən 24 il keçib. Komandalara dövlət tərəfindən, SOCAR-ın xətti ilə yaxşı pul ayrılır, bu gün təkcə Federasiyaya ayrılan pulun məbləği 20 milyon manatdan artıqdı. Milli komanda üçün hər cür yüksək şərait yaradılıb, amma nəticələr ayrılan vəsaitə uyğun deyil. Bizim bu gün bir deyil, daha artıq xalımız olmalı, Azərbaycan milli komandası ayrılan pulun müqabilində Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanmalı idi. Ümumiyyətlə, futbol idarəçiliyində ciddi qüsurlar var, idarəetmə sistemində təcili şəkildə islahatlar aparılmalıdır. Milli komandamızla yanaşı, klublarla da bağlı narazılıqları çatdırmaq istyirəm. Belə ki, “Neftçi” klubu gözlənilirdi ki, Avropa Liqasının qrupuna düşəcək, amma olmadı. “Qarabağ” klubundan gözləntimiz qrupdan çıxması idi, amma bu da olmadı. Halbuki, onun tarixində belə yaxşı şans bu il yaranmışdı. Ümumiyyətlə, Azərbaycanda futbol sahəsi inkişaf etdirilməlidir, bölgələrdə uşaq futbol klubları yaradılmalıdır”.

 

Azad Azərbaycan Televiziyasının (ATV) əməkdaşı Sənan Şəfizadə isə bildirib ki, 2019-cu il bir sıra hadisələrlə yadda qalıb:

 

“Futbol sahəsində UEFA Avropa Liqasının finalı kimi nüfuzlu matçın Bakıda keçirilməsi unudulmaz anlar yaşatdı. Eyni zamanda, futbol üzrə millimiz Avro -2020 seçmə mərhələsində cəmi 1 xal toplamasıyla azarkeşləri əsəbləşdirdi. Uğurlarımız dedikdə, yeniyetmə şahmatçıların dünya birinciliyində qazandığı medallar, 16 yaşlıların Ümumdünya Olimpiadasındakı qələbəsini xatırlamaq olar. Teymur Rəcəbovun ölkə idmanı tarixində ilk dəfə Dünya Kubokundakı möhtəşəm qələbəsini unutmaq mümkün deyil. Cüdoçularımız lisenziya yarışlarında, Dünya Kuboklarında, Avropa Çempionatında layiqli çıxış etdi”.

 

Sənan Şəfizadə qeyd edib ki, bu il Bakıda keçirilən bədii gimnastika üzrə Dünya Çempionatında yığmamız Tokio Olimpiadasına vəsiqə əldə etdi:

 

“Gənc gimnastımız Zöhrə Ağamirova da olimpiadada iştirakını rəsmiləşdirdi. Gimnastlar bu il bütün yaş qruplarında önəmli nəticələr əldə etdi. Dünya Yaş Qrupları, Dünya Kubokları, Avropa çempionatlarında qazanılan uğurlar gimnastikamızda yeni səhifə açdı. Güləşdə Mariya Stadnikin növbəti dünya çempionluğunu söyləməsəm olmaz. "Qarabağ" növbəti dəfə Avropa Liqasında iştirak etdi, amma qrupdan çıxa bilmədi. Təəssüf futbol sahəsində millimiz bizi sevindirmədi. Üstəlik Birinci Divizion matçlarında çoxlu sayda danışılmış oyunlar üz çıxdı. 25 futbolçu buna görə ömürlük futboldan uzaqlaşdırıldı. Su idman növlərində, basketbolda, voleybolda sevindirici xəbər olmadı. Bu növlərdə vəziyyət o qədər yaxşı deyil. Hətta voleybol klublarımızın avrokuboklarda iştirakdan imtina etməsi yaxşı deyil. Basketbol çempionatı yenidən yaradıldı. Avarçəkmə ümumiyyətlə demək olar fəaliyyətini dayandırdı. 2020-ci il daha ciddi sınaq ilidir. Olimpiada ilində idmançılarımız maksimum gücünü göstərməlidir”.

 

Offsideplus.az saytının əməkdaşı Zeynəb Əliyeva da hesab edir ki, ilin idman hadisəsi kimi Bakıda keçirilən UEFA Avropa Liqasının finalını göstərmək olar:

 

“Bu final matçı ölkədə keçirilən ən mötəbər idman tədbirlərindən biri idi. Şəxsi fikrim soruşularsa, hətta birincisi də deyə bilərəm. İdmançılarımızın çıxışlarını dəyərləndirdikdə, Teymur Rəcəbovun şahmat üzrə Dünya Kubokunun qalibi olmasını ilin əsas hadisəsi adlandırardım”.

 

Zeynəb Əliyeva İddiaçılar turnirində uğurların ardının gələcəyinə ümid etdiyini vurğulayıb.

 

“Güləşçilərimizdən Mariya Stadnikin Minskdə keçirilən Avropa Oyunlarında və Dünya çempionatında qızıl medal qazanması, Milad Beigi Harçeqaninin dünya çempionu olması ilin uğurlu nəticələrindəndir. Komanda oyunlarına gəlincə, burada qadınlardan ibarət şahmat yığmamızın Avropa Çempionatında qazandığı bürünc medalı, "Qarabağ"ın ardıcıl altıncı dəfə avroliqalarda qrup mərhələsinə yüksəlməsini qeyd etmək olar. Ümumilikdə, idman baxımından uğurlu il hesab oluna bilər”.

 

Müstəqil jurnalist İlkin Məmmədov da futbol üzrə milli komandamızın Avro-2020 seçmə mərhələsində uğursuzluğuna diqqət çəkib:

 

“Ümumi idman sahəsində uğur dedikdə, təbii ki, ilk növbədə idmanın şahı olan futbolda qazanılan uğurlardan danışmaq olar. Milli səviyyəsində olan boşluqları, öyrəşdiyimiz uğursuzluqları həmişəki kimi "Qarabağ" klubu ört-basdır etdi. Ardıcıl olaraq yenidən ölkəni avrokuboklarda təmsil etdi. "Qarabağ"ın qrup mərhələsindəki uğursuz çıxışını nəzərə almadan qrup mərhələsinə vəsiqə qazanmağın özü elə böyük uğurdu. Digər idman növlərinə gəldikdə şahmat üzrə Azərbaycanın qadınlardan ibarət yığmasının Avropa Çempionatındakı medalını qeyd etmək olar. Digər sevindirici hal isə basketbol üzrə ölkə çempionatının başlanması və nəhayət layiqli təbliğ olunmasını hesab edərdim”.

 

“Baku TV” internet televiziyasının əməkdaşı Rəfiqə Əziz də mayın 29-da Bakıda keçirilən UEFA Avropa Liqasının final matçında “Çelsi”-“Arsenal” qarşılaşmasından danışıb:

 

“Mənim fikrimcə 2019-cu il Avropa Liqasının Bakıdakı möhtəşəm finalı ilə yadda qaldı. Azərbaycan stadionu ilk dəfədir elə fanatlıq, azarkeşlik görürdü”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir