Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı və dəstəyi ilə 16-21 dekabr 2019-cu il tarixlərində “Liderliyin İnkişafı Proqramı” layihəsi çərçivəsində Almaniya, Fransa, Türkiyə, Ukrayna və Gürcüstandakı Azərbaycan icmalarını təmsil edən nümayəndələr ölkəmizə səfər ediblər. Səfər proqramına ümummilli liderin məzarını və Şəhidlər Xiyabanını ziyarətlə başlayan nümayəndə heyəti Heydər Əliyev Mərkəzində olub, habelə ölkənin bir sıra yüksək səviyyəli dövlət və hökumət rəsmiləri ilə görüşüb.

 

Modern.az xəbər verir ki, Azərbaycan icmasının nümayəndələri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Gənclər və İdman naziri Azad Rəhimov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov, Prezidentin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Xarici İşlər nazirinin müavini Ramiz Həsənov, Təhsil nazirinin müavini Firudin Qurbanov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinini İdarə Heyətinin sədri Fərid Şəfiyev və “ADA” Universitetinin prorektoru Fariz İsmayılzadə ilə görüşlər keçiriblər.

 

Qeyd edək ki, “Liderliyin İnkişafı Proqramı”nın məqsədi xaricdəki soydaşlarımız arasında milli kimliyin qorunub-saxlanılması və təşviqinə dəstək verilməsi, Azərbaycan reallıqlarının dünyaya yayılması, icmalarımızın, Azərbaycana dost olan digər xalqların diaspor təşkilatlarının və eləcə də onların yaşadıqları ölkələrin Azərbaycan Respublikası ilə ikitərəfli əlaqələrinin inkişaf etdirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın qurulması işinə tövhə verilməsi və bu məqsədlə icma üzvlərində liderlik keyfiyyətlərinin təşviq olunmasıdır.

 

Komitə diaspor quruculuğu istiqamətində daha bir yeniliyə imza atıb- FOTO