Modern.az

Ukrayna Azərbaycanlıları Radasında 20 Yanvar şəhidləri anıldı - VİDEO

Ukrayna Azərbaycanlıları Radasında 20 Yanvar şəhidləri anıldı - VİDEO

18 Yanvar 2020, 23:56

Ukrayna Azərbaycanlıları Radasının (UAR) qərargahında 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Modern.az  xəbər verir ki, mərasim 20 Yanvar faciəsində şəhid olanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.

Sonra çıxış edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov, tarix elmləri doktoru Fərhad Turanlı, hüquq elmləri doktoru Arif Quliyev, Ukrayna-Azərbaycan İş Adamları Birliyinin sədri Əli Əliyev, Radanın katibi Xəyyam Həqiqətoğlu və Ukraynanın Xalq artisti Qurban Abbasov sovet qoşunlarının 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanda dinc sakinlərə qarşı törətdiyi cinayət əməllərindən danışıblar.

Azərtac-ın məlumatına görə,  Azərbaycan xalqının haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini hiddətlə ucaldaraq imperiyanın caynağından azad olmasına can atmasından təşvişə düşən SSRİ rəhbərliyi müdhiş cinayət törədib. Mərkəzi hakimiyyət beynəlxalq hüquq normalarını və ölkə qanunlarını tapdalamaqla, əhalini xəbərdar etmədən Bakı şəhərinə qoşun yeridib. Sovet Ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində yüzlərlə insan qətlə yetirilib, yaralanıb və itkin düşüb. Həmin qətliamdan bir gün sonra, yanvarın 21-də xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gedərək Bakıda kütləvi qırğın törətmiş SSRİ hakimiyyətini və Azərbaycanın yarıtmaz rəhbərliyini kəskin ittiham edən bəyanat verib. Azərbaycan xalqının məruz qaldığı bu dəhşətli və amansız terroru dünyanın mütərəqqi qüvvələri də qətiyyətlə pisləyib. Azərbaycanda vaxtında dərindən araşdırılmayan və adekvat qiymətini almayan faciəyə yalnız bir neçə il sonra ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib.

Azərbaycanlı tələbə Əziz Tağıyevin 20 Yanvar faciəsi ilə bağlı çıxışı da böyük maraqla qarşılanıb.

Tədbirin sonunda 20 yanvar faciəsinə dair sənədli film nümayiş etdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır