Modern.az

“Bu faciənin qılıncı özümüzünkilər tərəfindən hazırlanmışdı” - Cavanşir Paşazadə

“Bu faciənin qılıncı özümüzünkilər tərəfindən hazırlanmışdı” - Cavanşir Paşazadə

20 Yanvar 2020, 12:17

Milli Məclisin İctimai birliklər və Dini Qurumlar Komitəsinin üzvü, deputat, hakim Yeni Azərbaycan Partiyasında təmsil olunan Cavanşir Paşazadə  20  Yanvar hadisələri ilə bağlı danışıb.

 

 Modern.az xəbər verir ki, Cavanşir Paşazadə  20 yanvar faciəsinin  30 illiyi ilə bağlı bunları deyib:

 

“20 yanvar faciəsi bizim qan yaddaşımıza yazılan və xalqımıza qarşı törədilən qətliamdır. Bu qətliamdan artıq 30 il keçir. Bu dəhşətli faciəni Azərbaycan xalqı heç bir zaman unutmayacaq. Bu elə bir faciədir ki, 30 il deyil, 300 il də keçsə unudulmayacaq. Təəssüf ki, bu faciə o dövrdə hakimiyyətdə olanların səriştəsizliyi və acgözlüyünə görə xalqımızın başına gətirildi. Təbii ki, bir rəhbərin öz insanlarını qırğına verməsi unudulası deyil. 100 illərdir ki, müharibələr olub, insanlar qırılıb. Böyük vətən müharibəsində insanlarımız həlak olub. Biz o zaman dövlətimizi qorumaq üçün başqa dövlətlərlə savaşırdıq. Amma 20 yanvar faciəsi bu müharibələrdən fərqlənir. Çünki bu faciənin qılıncı özümüzünkilər tərəfindən hazırlanmışdı. Ona görə də heç vaxt yaddan çıxan deyil. Bu gün Əbdürrəhman Vəzirovun başqa dövlətdə oturub özünü azərbaycanlı adlandırmağa haqqı yoxdur. Çünki o, öz nəfsinə görə xalqı qırğına verib, insanlarımızın həlak olmasına səbəb oldu. Təəssüf ki, o dövrdə SSRİ-yə və Azərbaycana rəhbərlik edənlər layiq olduqları cəzanı almadılar. Təəssüf ki, həmin dövrdə elə bir şərait yaradılmışdı ki, xalqın öz dövlətinə inamı qalmamışdı. Ümumiyyətlə, bəzi gənclərimiz vətənpərvərliyi yaddan çıxarmışdılar. Təbii ki, bu inamı dövlət xalqın əlindən almışdı. Dövlətimizə zəif, acgöz və səriştəsiz insanların rəhbərlik etməsi torpaqlarımızın 20 faiz işğalına gətirib çıxardı. Bütün faciələr SSRİ-nin tabeliyində olan dövlətlərdə baş verdi. Bəyəm dünyanın bütün ölkələri yaxşı idi, 15 republika pis idi?!”.

 

Cavanşir Paşazadənin sözlərinə görə, Azərbaycan xalqının başına gətirilən 20 Yanvar faciəsi qabaqcadan hazırlanmış bir plan idi:

 

“Bu qırğın üçün əvvəlcədən zəmin yaradılmışdı. Sonrakı dövrdə xalqımızın istəyi ilə ulu öndər Heydər Əliyevin ölkəmizə qayıtması və dövlət başçısı seçilməsi hakimiyyətə qarşı itmiş inamsızlığı yenidən bərpa etdi. 1995-ci ildə ulu öndər Heydər Əliyev ölkə başçısı olan zaman dövlət çevrilişinə cəhdlər oldu. Baxmayaraq ki, biz bir neçə il idi ki, müstəqil idik. Amma yenə də ulu öndər Heydər Əliyevə və xalqımıza zərər toxundurmaq üçün müxtəlif vasitələrə əl atılırdı. Bu işləri görənlər də təbii ki, 20 Yanvar faciəsinin baş verməsinə zəmin yaradan insanlar idi. Onlara qoşulan bəzi gənclər vətənin, dövlət başçısının, xalqın nə olduğunu bilmirdilər”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir