Modern.az

Abay Kunanbayevin “Qara sözü” Modern.az-da - Səkkizinci söz

Abay Kunanbayevin “Qara sözü” Modern.az-da - Səkkizinci söz

28 Yanvar 2020, 11:59

Modern.az saytı qazax xalqının görkəmli ədəbiyyatçısı və mütəfəkkiri Abay Kunanbayevin 175 illiyi münasibəti ilə onun qələmə aldığı “Qara Söz”ü təqdim edir.

 

SƏKKİZİNCİ SÖZ

 

Kimsə bizim dediklərimizi öyrənəcəkmi, nəsihətlərimizə əməl edəcəkmi?

Biri kəndxuda , biri bəydir. Onlardan ağıl öyrənənə, nəsihət alana bir deyən lazımdır ki, ay kişi, onların ağlı olsa o vəzifələrdə oturmazdılar. Onların özləri nədir ki,  indi durub bizə gün ağlasınlar?  Lap elə özlərini bir ağ günə çıxarıblar ki, xalqı da çıxarsınlar?  Onlar bu vəzifədə ona görə oturublar ki, əllərinin altındakılara buyurub, əmr versinlər.  Elə bilirsiniz ki, onlar sizin dediyinizi eşidəcəklər? Eşidin, ancaq inanmayın. Onların başları öz işlərinə qarışıb: bu dəqiqə bilmirlər ki, ağalarının qabağında özlərini necə təmizə çıxarsınlar,  başlarının üstündəki oğrudan özlərini necə qorusunlar,  və ya təlatümə gələn xalqdan necə qorunsunlar, və bir də ki, bu qədər qarışıqlığın içərisində öz mənfəətlərini də əldən verməsinlər? Neyləsələr də gözləri doymur ki, doymur.

 

Varlılar elə bilirlər ki, hər şey mal-dövlətin üstündə bərqərar olub, dünyanı tutub duracaqlar.  Hər şeyi pulnan satıb-ala bilərlər. Gözləri ayaqlarının altını görməz, adamlıq, ağıl, elm- dedikləri hər şeyi xalqdan oğurladıqları mal-dövlətdə görərlər. İddiaları o qədər böyüyüb ki, elə bilirlər ki, var-dövlətlə allahı da yerə endirib bölüb satarlar. Bunların dini, allahı, xalqı, yurdu, elmi, həyası, arı, yaxını- hamısı mal-dövlətdir. Dönüb bir söz demək istəsən, eşitməyə vaxtı olmayacaq.  Çünki fikri zikri mal-heyvanatının yanındadır, heyvanları  yemləməli, suvarmalı, əlverişli qiymətə satmalı, oğrudan və canavardan , şaxtadan qorumalıdır. Bu işləri də özünə rəva bilmədiyindən, mütləq bir çoban  tapmalıdır. Ona görə də bəyin- kəndxudanın faydalı söz dinləməyə vaxtı haradadır? Bu qədər qayğısı olan adamın rahatlığı olarmı?

 

Lap elə götürək oğru- yol kəsənləri? Elə bilirsiniz onlar məni eşidəcək? Yox.

O ki qaldı kəndin yazıq, kasıb binəva adamlarına, yaxınlaşıb onlara da nəsə desən, deyəcək ki, sənin verdiyin öyüd nəsihəti , elmi neynirəm? Əgər o dediklərin  kəndxudanın, bəyin, oğrunun  ağlına batmırsa, mənim nəyimə gərək? “Bizi neynirsən, get sözünü böyüklərə de!”- deyəcəklər.

Bizim zəmanəmizdə elm-bilik nə varlıya, nə də kasıba gərək deyilmiş!!!

1891-ci il.

 

Tərcümə etdi: Aida Eyvazlı

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...