Modern.az

“Hər bir insan özünü operativ qərargahın üzvü saymalıdır” – Komitə sədrindən KORONAVİRUS ÇAĞIRIŞI     

“Hər bir insan özünü operativ qərargahın üzvü saymalıdır” – Komitə sədrindən KORONAVİRUS ÇAĞIRIŞI     

Parlament

17 Mart 2020, 19:23

“Azərbaycanda hökumətinin prosesləri operativ qərargah vasitəsilə nəzarətdə saxlaması və bir-birinin ardınca şəraitə adekvat addımlar atması, yeni normalar müəyyənləşdirilməsi, bilavasitə əhalinin sağlamlığının, ictimai təhlükəsizliyinin qorunması məramından edilir”.

 

Bunu Modern.az- açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc Bakı, Sumqayıt və Abşerona giriş-çıxışın məhdudlaşdırılması məlumatı ilə panikaya düşən əhaliyə çağırışında bildirib.

Z.Oruc qeyd edib ki, atılan addımlar koronavirusun Azərbaycanda geniş yayılmasının qarşısını almaq, iqtisadi-sosial fəsadlarını müəyyən çərçivədə saxlamaq üçündür:

 

“Hamı qəbul etməlidir ki, ənənəvi idarəetmə strukturları, hökumət qurumlarının verdiyi qərarlardan kənar kiminsə özünü lokal müəssisə kimi elan etməsi, qaydalara tabe olmaması yeni problemlər meydana gətirir. Məhz qanun müstəvisində hərəkət etmək, operativ qərargahın qərarlarına riayət etmək ən vacib məsələdir.

Bu gün parlament də üzərinə düşən vəzifələri yerinə yetirdi. Cinayət qanunvericiliyində, o cümlədən inzibati qanunvericilikdə informasiyalaşdırma ilə bağlı resurslarda hansı tələblərin yerinə yetirilməli olduğu açıqlanıb. Karantin şəraitini pozanların cəza tədbirindən həbsxanalara yeni məhbus gətirməkdən daha çox, informasiya aləmində bu və digər formada təhlükə rejimində saxlamağa xidət edənlərə qarşı addımlar atmaq və xalqın sağlamlığını qorumaq lazımdır”.

 

Deputat qeyd edib ki, dünyəvi virus ölkələrin ictimai, siyasi, psixoloji, insanlararası, qohumlararası rabitəni, sosial strukturları da sınağa çəkir:

“Sanki qlobal miqyasda böhran menecerliyi ortaya çıxıb. Hökumətin hazırkı dövrdə çıxardığı qərarlar Azərbaycanda ictimai əmin-amanlığı, ictimai mənafe naminə çalışan təsisatları, xidmət həyata keçirən qurumları, bilvasitə əhalini ərzaqla təmin edən sahələri qoruyub saxlamaq, onların sinxron çalışmasını təmin etməkdir. Qarşıdan gələn tətil günləri də sanki bir qədər kütləviliyin aradan qaldırılmasına şərait yaradan vəziyyəti meydana çıxardır. Bu da xeyirə işləyir. Ona görə də ənənəvi olmayan situasiyada vətəndaşlarımızın hər birinin hökumətin verdiyi qərarlara anlayış göstərməsi, onunla hesablaşması və bu çətin vəziyyətdən birgə çıxmağımız gərəkdir”.

 

Komitə sədrinin sözlərinə görə, hökumət vətəndaşı qorumaq üçün karantin rejimindən tutmuş əhalinin təminatına qədər bütün məsələlərdə prosesi nəzarətdə saxladığını nümayiş etdirir:

“Hər bir insan da özünü operativ qərargahın üzvü saymalı və davranışlarını ona uyğunlaşdırmalıdır. Burada siyasi mənsubiyyət şərtləri, iqtidar-müxalifət anlayışı özünü göstərməməlidir, virus varlı-kasıb, vəzifəli-vəzifəsiz, dindar-ateist tanımır. Belə olan təqdirdə biz bir-birimizə olan bağları qoruyub saxlayaraq, bu problemdən cəmiyyət, millət olaraq çıxa biləcəyik”.

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir