Modern.az

“Parisdə küçəyə hər dəfə çıxanda polisə izahat veririk” - Azərbaycanlı yazıçı

“Parisdə küçəyə hər dəfə çıxanda polisə izahat veririk” - Azərbaycanlı yazıçı

Aktual

29 Mart 2020, 17:02

Parisdə yaşayan Azərbaycan yazıcısı Şahin Sinariya koronavirus pandemiyası ilə bağlı Fransadakı son durum, özünün və ailəsinin koronavirusla necə mübarizə aparmasından, həmin ölkədəki azərbaycanlılarla bağlı vəziyyətdən danışıb.

 

Modern.az Ş.Sinariyanın “525-ci qəzet”ə müsahibəsini təqdim edir:

 


“İnsanlar olmadan Paris çılpaq görünür”


- Uzun illərdir Fransada yaşayırsınız. Vətəndaşı olduğunuz ölkənin bugünkü durumunu görəndə hansı hissləri keçirirsiniz?

- Hər bir vətəndaş kimi mən də Fransanın bu vəziyyətinə kədərlənirəm. İlk dəfədir ki, belə bir halla qarşılaşıram. Sanki yer kürəsi günəşin ətrafında fırlanmağı bir anlığa dayandırıb. Paris fantom bir şəhər olub. 25 ildə ilk dəfədir ki, Parisi bu vəziyyətdə görürəm. Elə bil insanlar şəhərin paltarıdır. İndi onlar olmadan şəhər çılpaq görünür. Hər gün işə Zəfər Tağının yanından keçib gedirəm, oranı heç vaxt belə çılpaq görməmişəm. Bəlkə bunun da bir gözəlliyi var. Platon deyir ki, hər eybəcərlikdə bir gözəllik tapmaq lazımdır. Ona görə də bu acınacaqlı vəziyyətdə belə çalışıram ki, maraqlı nəsə tapım. İndiyə qədər ilk dəfə səmanı belə açıq, havanı belə təmiz görürəm. Bəlkə də təbiətin bu cür yenilənməyə ehtiyacı var imiş. Düzdür nə qədər qurbanlar da var. Ancaq mən hadisələrə yaxşı tərəfdən də baxmağa çalışdım.

- Özünüz və ailəniz koronavirusla necə mübarizə aparırsınız?

- Hamı kimi biz də evdə otururuq. Mən işlərimi evdən aparıram. Uşaqları qətiyyən çölə buraxmırıq. Özümüz isə yalnız mağazaya getmək üçün evdən çıxırıq. Hər dəfə xüsusi anketlərlə hara və nə üçün getdiyimiz haqda yolda polisə izahat veririk. Evdə də qorunmaq üçün bütün dezinfeksiya tədbirlərini görürük. Çalışırıq ki, evdəki vaxtlarımızı səmərəli keçirək. Mütaliə edirik, filmlərə baxırıq. Ümid edirəm ki, bu bəla da tez bir müddətdə bitəcək və hər şey öz qaydasına düşəcək.

- Fransada hansı hallarda işləmək olar?

- O adamlar işləyə bilər ki, onların fəaliyyətini online şəkildə aparmaq mümkün deyil. Məsələn, həkimlər, polislər, taksilər, mağaza işçiləri, aptek işçiləri real işləməyə məcburdur. Yəni insanlar tamamilə küçəyə çıxmır desək, yalan olar. Çünki işləmək üçün evindən çıxıb gedənlər də olur. 


“Belə çətin günlərdə dostlara daha çox ehtiyacı olur”

 

- Uşaqlarınız təhsili necə alır?

- Əlbəttə ki, məktəblərin bağlanması uşaqlara yaxşı təsir etmədi. Ancaq uşaqlara online şəkildə tapşırıqlar verirlər. Müəllimlər yanlarında olmasa da, təhsillərini davam etdirirlər. Özüm də çalışıram ki, bu müddətdə onlara nəyisə öyrədim.

- Fransada yaşayan azərbaycanlıların bu çətin dövrdə əlaqələri hansı səviyyədədir?

- Mənim Parisdə yaşayan soydaşlarımızla ünsiyyətim var. Mütəmadi olaraq onlarla canlı video, whatsapp vasitəsilə əlaqədə oluruq. Belə çətin günlərdə insanın öz ətrafında olan dostlara daha çox ehtiyacı olur.

- Paris Azərbaycan Evinin rəhbəri olan Mirvari Fətəliyeva koronavirusa yoluxub. Onun durumu necədir? Danışmısınızmı?

- Mirvari xanım bizim ailəvi dostumuzdur. Onunla hər gün əlaqədə oluruq, vəziyyəti yaxşıdır. Bildiyimə görə, bir çox azərbacanlı  jurnalist onunla danışaraq vəziyyətini öyrənmək istəyir. Əvvəla onlara təşəkkürümü bildirirəm ki, Mirvari xanımla belə maraqlanırlar. Ancaq o hər kəsin zənginə cavab verəndə artıq istirahət edə bilmir. Ona görə də elə mən özüm bildirmək istərdim ki, Mirvari xanımın vəziyyəti yaxşıdır və onun bir az dincəlməyə ehtiyacı var.


“Koronavirusdan bir oçerk yazmaq istəyərəm”

- Koronavirus yaradıcılığınıza təsir edibmi? Üzərində işlədiyiniz kitablarla bağlı durum necədir?

- Virusun özü yaradıcılığa təsir etmir. Ancaq Fransanın düşdüyü bu vəziyyət yaradıcı adama təsir etməyə bilməz. Bu haqda daha yaxşı yaza bilərəm. Ancaq gözləyirəm ki, bütün bu hadisələr bitsin. Hazırda "Mixaylo"nun biblioqrafiyasını yazıb bitirirəm. Yəqin ki, bu tarixdə yazdığım üçün həmin biblioqrafiyaya təsiri olacaq. Ancaq virus bitəndən sonra bu hadisələri əks etdirən bir oçerk yazmaq istəyərəm.

Twitter
Sizə yeni tvit var
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...