Modern.az

Koronavirusun məktubu

Koronavirusun məktubu

30 Mart 2020, 16:56

Abid Tahirli

 

(“XXI əsrin hekayələri” silsiləsindən)

 

Sizlərin əhvalını soruşmayacağam. Məşhur məsəliniz  var, axı: Görünən kəndə nə bələdçi?! Amma deyiləsi sözlərim var.  Çox qədim tarixə getməyəcəm, sələflərimdən- saysız-hesabsız taunlardan, vəbalardan da danışmayacağam. Elə son 30-40-ilin olaylarını sizlərə xatırladacağam ki, nəticə çıxarasınız. Ötən əsrin 70-ci illərində növbəti dəfə cızığınızdan çıxdınız. Bir-birinizə meydan oxudunuz. Bir-birinizin bəhsinə kosmasa yeni-yeni raketlər göndərdiniz. Qanadlı, qanadsız silah istehsalında yarışa girdiniz. Hədə-qorxu siyasəti, əzələ nümayişi, on minlərlə dinc vyetnamlının, əfqanın, fələstinlinin nahaq yerə qanını tökdünüz, çirağını söndürdünüz, yurdunu viran qoydunuz. Həddinizi aşırdınız. Babam Ebola sizi cəzalandırmaq üçün zühur etdi: qızdırma, əzələ ağrıları, halsızlıq, başağrısı və boğaz iltihabı, qusma, ishal, səpki, böyrəkdə, qaraciyərdə nasazlıq, daxili, xarici qanaxmaların qarşısında aciz qalmışdınız, çarəsiz idiniz. Çoxlu itki verdiniz. Fikirləşirdik ki, ağlınız başınıza gələr. Bundan sonra oturduğunuz Yerə qənim kəsilmərsiniz, uca Yaradana asi olmazsınız, təkəbbürdən əl çəkərsiniz. Amma babam Ebolanın gedişindən çox keçmədi ki, yenə qızışdınız, yenə yolunuzu azdınız,  yenə haqsızlıqlar,  yenə ölkələrin işğalı, yenə səngiməyən terrorlar, yenə məsum körpələr, qadınlar da daxil olmaqla milyonlarla  insanın qırğını, sunami ilə, zəlzələlərlə xəbərdarlıqlar da sizə təsir etmədi. Bu dəfə babam Ebolanın qardaşları – Donuz, Quş , Zika virusları işə qarışdı. Yenə həyacanlandınız, yenə narahat oldunuz, yenə əl-ayağa düşdünüz, əlacsız qaldınız, qırıldınız. Uca Yaradanın  bu dəfə də sizlərə rəhmi gəldi, bəndələrini yenə bağışladı.

Amma olanları tez unutdunuz. Deyəsən, hələ də ağlınızı başınıza cəm etməmisiniz. Mənəm-mənəmlik yenə baş alıb gedir. Bir tərəfdə milyonlarla insan aclıqdan, susuzluqdan qarışıqa kimi qırılır, o biri tərəfdə yeni-yeni silahlar sınaqdan çıxarılır, dünyaya ağlıq iddiası ilə meydan sulanır. Kosmosa çıxan, yerin təkini, okeanların dibini “kəşf edən” sizlər hələ də dərk etmirsiniz ki, nə qədər çarəsiz, nə qədər miskin, nə qədər əlacsızsınız. Bax, elə ona görə mən peyda oldum ki, bunları sizlərə anladım, başa salım. Sizin dilinizlə desəm, milyardlarla şüurlu məxluq bir şüursuz, mikroməxluqun-yəni mənim əlimdə əsir-yesir qalmışınız. Ağlınızı başınıza yığın!


30.03.2020.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir