Modern.az

Ölkəmizdə koronavirusa doğru pik gediş var - DEPUTATDAN HƏYƏCAN TƏBİLİ

Ölkəmizdə koronavirusa doğru pik gediş var - DEPUTATDAN HƏYƏCAN TƏBİLİ

31 Mart 2020, 16:52

“Bu gün bəşəriyyət koronavirus təhlükəsi ilə üz-üzə dayanıb. Çox ciddi mübarizə gedir. Təəssüf ki, qısa müddət ərzində dünyada çox ciddi itkilər var.  Koronavirusa yoluxma halları bir milyona doğru gedir. Artıq insan itkisi 40 minə yaxınlaşıb”.  

 

Bu fikirləri Modern.az-a Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı koronavirus təhlükəsi ilə bağlı çağırış edərkən deyib.

 

Sədr müavini bildirib ki, hər bir Azərbaycan vətəndaşı vəziyyətin nə dərəcədə çətin olduğunu bilməlidir:

 

“Alimlər hələ də virusun epidemiologiyasını doğru-düzgün tətbiq edə bilmirlər. Konkret fikir yoxdur. Müalicəsi ilə bağlı da heç nə yoxdur. Bu pandemiya dünyada varlı, kasıb, cavan, qoca sağlam adam tanımır. Ona görə də bütün dünya ölkələri özünə qapanıb. Bu mübarizədə təkcə dövlətin gücü yetərli deyil. Bu mübarizədə ictimaiyyətin, vətəndaşların qatqısı olmasa, heç bir xalq bu bəladan canını qurtara bilməyəcək. Ən çox da qaydalara riayət etməyən ölkələr itki verəcək”.

 

Məlahət İbrahimqızı Azərbaycan xalqının dünyada gedən prosesləri izlədiyini də qeyd edib:

 

“Bu gün inkişaf etmiş ölkələrin ölüm və qalım arasında mübarizə apardığını görürük. Biz bu acıları görə-görə dövlətimizin gördüyü işlərə dəstək verməməyimiz özümüzün, ailə üzvlərimizin, yaxınlarımızın itkisinə səbəb ola bilər. Dövlətimiz hər bir şeyi edir. Ölüm hallarının minimum səviyyədə  olmasına çalışır. Nazirlər Kabineti yanında Operativ Qərargah hər gün insanlara məlumatlar verir. Üzücüdür ki, cəmiyyətimiz milli birlik göstərdiyi halda dövlət başçımızın “evdə qal” çağırışına hər kəs riayət etmir. Ölkəmizdə ciddi karantin rejimi tətbiq edilsə də, bunu pozanlar var”.

 

Deputat üzünü Azərbaycan xalqına tutaraq çağırış edib:

 

“Üzümü taleyini, həyatını düşünmədən cəmiyyət üçün təhlükə yaradan insanlara tuturam. O insanlar həm də ailəsi, övladları, valideynləri üçün təhlükə yaradır. Qeyd etdiyim ki, xəstəliyin ən dəhşətli forması odur ki, epidemioloji sürətinə görə indiyə kimi infeksion xəstəliklərdən çox güclüdür.

Əziz vətəndaşlarımız, secicilərimiz, insanlarımız, bacılarımız, qardaşlarımız! Bu xəstəliyin pis tərəfi odur ki, pik həddə çatmayınca bitmir. Bu gün ölkəmizdə koronavirusa doğru pik gediş var. Bu xəstəlik zirvəyə çatdıqca, daha çox itkiyə səbəb ola bilir. Biz bu itkinin, təhlükənin baş verməməsi üçün evdə qalmalıyıq. Biz bu zirvəni dağıtmalıyıq.

Əziz dostlar, bir Azərbaycan qadını, Azərbaycan anası, millət vəkili kimi bir daha sizdən xahiş edirəm ki, evdə qalın! Lazım olmadığı halda evdən çıxmayaq. Evdə qalaq ki həyatda qalaq! Evdə qalaq ki, salamat qalaq. Evdə qalaq ki Azərbaycanımız var olsun! Evdə qalaq ki, xalqımız, millətimiz yaşasın!”.

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər