Arxiv
1 Aprel 2020, 08:19 | REPORTAJ
Unudulmaz səslər: Həyat yoldaşının ölümündən sonra səhnədən imtina edən SƏNƏTKAR - FOTOLAR

Bu günlərdə, daha dəqiq martın 24-də onun ölüm günü idi. Söhbət Azərbaycan xanəndəlik sənətinə layiqli töhfələr vermiş, ömrünün 60 ildən artıq bir dövrünü muğama həsr etmiş görkəmli sənətkar Tükəzban İsmayılovadan gedir.

Modern.az saytı “Unudulmaz səslər” layihəsində bu dəfə Tükəzban İsmayılovadan bəhs edir.

O Tükəzban İsmayılova ki, oxuduğu klassik Azərbaycan muğamları və xalq mahnıları ilə ifaçılıq sənəti tariximizə həmişəlik daxil olub. Tükəzban İsmayılova Azərbaycan xanəndəlik sənətinə layiqli töhfələr vermiş,  ifa etdiyi muğam və mahnılarla milli musiqi xəzinəmizi zənginləşdirmişdir. Gözəl səsə malik müğənni vokal sənətinin müxtəlif vasitələrindən məharətlə istifadə etmək bacarığı sayəsində musiqisevərlərin rəğbətini qazanmışdı. Tükəzban İsmayılova mədəniyyətimizdə öz dəst-xətti ilə seçilən sənətkar olub. Bir çox mahnı və təsnif məhz onun təkrarsız ifası ilə geniş yayılıb.

Sənətkarın həyat tarixçəsi...

Tükəzban Məhərrəm qızı İsmayılova 1923-cü il dekabrın 21-də Bakı şəhərində anadan olub. Erkən yaşlarından özünü büruzə verən musiqi istedadı onu bütün həyatı boyu muğam sənətinə bağlayıb. O, 1939-1944-cü illərdə Asəf Zeynallı adına Musiqi Texnikumunda təhsil alıb. Burada klassik xanəndəlik məktəbinin korifeylərindən olan Hüseynqulu Sarabskinin muğam sinfində təhsil alıb.  Musiqi Texnikumunu bitirəndən sonra Tükəzban xanım peşəkar xanəndə kimi çıxış etməyə başlayıb.


Əmək fəaliyyətinə 1944-cü ildə Azərbaycan Radio Komitəsində müğənni kimi başlayan Tükəzban İsmayılova 1948-1956-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1956-cı ildə Filarmoniyanın konsert şöbəsi “Azərbaycan Dövlət Estradası” təşkilatına çevrildikdən sonra o, 1962-ci ilə qədər burada çalışıb. Tükəzban İsmayılova 1962 – 1978-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının, 1978-1993-cü illərdə “Azkonsert” Qastrol-Konsert Birliyinin solisti olub, 1994–2004-cü illərdə isə İncəsənət Gimnaziyasında pedaqoji fəaliyyət göstərib.

Milli musiqimizin böyük sənətkarlar nəslinin görkəmli nümayəndəsi olmuş Tükəzban İsmayılova yüksək ifaçılıq qabiliyyəti və səhnə mədəniyyəti ilə fərqlənən xanəndə idi. O, milli musiqimizin inkişafı naminə böyük əmək sərf edib. Musiqimizin bütün incəliklərini dərindən mənimsəmiş Tükəzban İsmayılova Azərbaycan xanəndəlik sənətinə layiqli töhfələr verib. Onun özünəməxsus üslubda oxuduğu “Qatar”, “Xaric segah”, “Şahnaz”, digər muğam və mahnılar milli musiqi xəzinəmizi zənginləşdirib. "O olmasın, bu olsun” filmində toy səhnəsində qadınlar məclisində muğam oxuyan da məhz Tükəzban İsmayılovadır.


Xanəndə dünyanın bir çox ölkələrinə qastrol səfərləri zamanı Azərbaycan mədəniyyətini layiqincə təmsil edib. O, Almaniya, Polşa, İraq, İran, Türkiyə, Misir, Əlcəzair kimi ölkələrə  qastrol səfərlərində Azərbaycan musiqisini təbliğ edib, tanıdıb.
Tükəzban xanım respublikamızda gənc xanəndələr nəslinin yetişdirilməsində də öz qüvvəsini əsirgəməyib. Tükəzban İsmayılovanın Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri yüksək qiymətləndirilib. O, Azərbaycan Respublikasının ali mükafatlarından biri olan “Şöhrət” ordeni ilə təltif edilib.
Azərbaycan Respublikasının xalq artisti 2008-ci il mart ayının 24-də ömrünün 85-ci ilində vəfat edib. Məzarı II Fəxri Xiyabandadır.

İlk evlilik…

Tükəzban İsmayılova iki dəfə ailə həyatı qurub. Onun ilk həyat yoldaşı Məzahir Quliyev respublikanın bir çox yerlərində məsul vəzifələrdə çalışıb. Onlar 1942-ci ildə ailə həyatı qurublar. Bu evlilik gerçəkləşəndə T.İsmayılova Dövlət Filarmoniyasının solisti, Məzahir Quliyev isə Lənkəranda prokuror idi. Tükəzban İsmayılova Məzahir Quliyevlə ailə qurandan bir il sonra - 1943-cü il avqustun 17-də qızları İlhamə dünyaya gəlib. O İlhamə ki, uzun illər sonra “Azərbaycan estradasının primadonnası” adlandırılacaqdı...

Lakin bu evliliyin ömrü uzun olmadı və Tükəzban İsmayılova-Məzahir Quliyev cütlüyü qızları İlhamənin 5 yaşı olanda ayrıldılar...

Tükəzban xanım İlhamənin atasından – Məzahir Quliyevdən ayrılandan sonra görkəmli tarzən Həbib Bayramovla ailə qurub. 

“Həbib Bayramov 5 yaşımdan mənə mənəvi atalıq edib”,-deyə İlhamə Quliyeva öz xatirələrində atalığı haqqında bildirib: “Məzahir Quliyev məni yaradıb, Həbib Bayramov isə tərbiyə verib. Məzahir müəllim Lənkəranda prokuror olanda mən doğulmuşam... Hər iki ailəmin tək qızı olmuşam”.

İlhamə Quliyevanın sənətdə irəliləməsində ən azı anası Tükəzban İsmayılova qədər atalığı Həbib müəllimin rolu çox olub. Onların şəxsi tanışlığı hesabına Səid Rüstəmov, Hacı Xanməmmədov, Fikrət Əmirov kimi bəstəkarlar gənc vokalçı İlhaməyə dəyərli mahnılar yazıblar.


“İkinci bahar”


Məşhur tarzən Həbib Bayramovla evliliyi Tükəzban xanımın həyatında “ikinci bahar” adlandırmaq olar. Xanım müğənni həyatının əsl xoşbəxtliyini bu mehriban xasiyyətli tarzənlə birləşəndən sonra tapmışdı.

Tükəzban İsmayılova öz həyatını və yaradıcılıq taleyini görkəmli tarzən Həbib Bayramovla bağlayandan sonra, praktik olaraq, həmişə onların evində xalq mahnıları, klassik muğam melodiyaları səslənirdi.

Tükəzban xanım 1973-cü ildən həyat yoldaşının rəhbərlik etdiyi A.Bakıxanov adına milli çalğı alətləri ansamblının solisti olub.

H.Bayramov 1941-ci ildən Əhməd Bakıxanovun rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblında çalışıb. 1943-cü ildə Asəf Zeynallı adına Orta İxtisas Musiqi məktəbində müəllim çatışmadığı üçün burada həm muğam sinfində dərs deyib, həm də əlaçı tələbə kimi təhsil alıb. 1949-cu ildən M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının Azərbaycan Qastrol-konsert Birliyi təşkil olunandan sonra isə bu birliyin solisti olub.

1973-cü ildən ömrünün sonunadək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Əhməd Bakıxanov adına Xalq Çalğı Alətləri ansamblının bədii rəhbəri olub. Həbib Bayramov Bülbül, Xan Şuşinski, Zülfü Adıgözəlov, Yavər Kələntərli, Həqiqət Rzayeva, Tükəzban İsmayılova, Şövkət Ələkbərova, Əbülfət Əliyev, Rübabə Muradova, Zeynəb Xanlarova, Sara Qədimova kimi sənətkarları tarda müşayiət edib.

Tükəzban İsmayılova-Həbib Bayramov cütlüyü Azərbaycan musiqi səhnəsində maraqla izlənən sənətkar ailəsi idi.

Onu həmişə tarla müşayiət edən çox sevdiyi həyat yoldaşının ölümündən sonra Tükəzban xanım səhnə fəaliyyətinə son qoyaraq qalan ömrünü gənc muğam ifaçıları yetişdirməyə həsr etdi. Görkəmli tarzən 1994-cü il avqustun 15-də vəfat edib. Həbib Bayramov dünyasını dəyişdikdən sonra Tükəzban İsmayılova səhnələrə çıxmaqdan imtina etdi, oxumağa yox, susmağa üstünlük verdi.

“Tükəzban İsmayılova-Həbib Bayramov Akademiyası”

Tükəzban xanım həm də qızının xoşbəxtliyini istəyən mehriban ana idi. Qızı İlhamə Quliyevanın özünün də dediyi kimi, o, ailədə əsl musiqi akademiyasını bitirib:

"Tükəzban xanımla Həbib Bayramovun ailəsində böyüməyim mənim təkcə sənətkar kimi yetişməyimdə deyil, həm də xalq tərəfindən sevilməyimdə böyük rol oynadı. Mən buna görə bu iki böyük sənətkara borcluyam”.


İlhamə Quliyeva xatirələrində demişdi ki, anası onun müğənni olmaq arzusunu təqdir etmirdi, ona görə də Tükəzban xanımın iradəsinə boyun əyərək 60-cı illərin əvvəllərində Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinə qəbul olunur.

Amma sonra İlhamənin həyatını kökündən dəyişən bir hadisə baş verir; 1962-ci ildə İlhaməni Moskvaya Ümumittifaq Tələbə Festivalına göndərirlər, orada birinci yerə layiq görülür.

Qayıdanda onu şirnikləndirici təklif gözləyirdi – Dövlət Televiziya və Radiosunun estrada simfonik orkestrinin bədii rəhbəri, Xalq artisti Tofiq Əhmədov onu öz kollektivinə solist dəvət etdi. Sonralar o, uzun illər orkestrin solisti oldu. Beləcə, İlhamənin uğurlu musiqi karyerası başladı. Həmin illərdə İlhamə orkestrlə birgə qastrollara getdi, tez bir zamanda populyarlıq qazandı.

1972-ci ildə gənc müğənninin həyatında dönüş yaradan ikinci hadisə baş verdi: İlhamənin oxu manerası görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun çox xoşuna gəldiyindən onu Moskvaya İttifaq Bəstəkarlarının plenumuna dəvət etdi. Orada İlhamənin SSRİ Dövlət Televiziya və Radiosunun estrada simfonik orkestri ilə birgə çox uğurlu çıxışı oldu.

80-ci illərin əvvəllərində İlhamə Quliyeva Rəşid Behbudovun yaratdığı Mahnı Teatrının solisti oldu. Burada böyük müğənninin rəhbərliyi altında daha bir musiqi akademiyasını başa vurdu.


Sənət yoldaşlarının xatirələri

Sənət yoldaşları bu xanım müğənnini böyük hörmət və ehtiramla xatırlayırlar. Xalq artisti Canəli Əkbərov Tükəzban xanımla uzun illər Filarmoniyada bir yerdə çalışıb:
"Tükəzban İsmayılova yüksək ifaçılıq qabiliyyəti ilə yanaşı, səhnə mədəniyyəti ilə də fərqlənirdi. Onun oxuduğu muğamlar və xalq mahnıları ifaçılıq sənəti tariximizə həmişəlik daxil olub. Dəfələrlə qastrollarda olmuşuq, onun yaxşı yol yoldaşlığı vardı. Çox mehriban insan, əsl dost idi. Belə bir xanəndə ilə eyni səhnəni bölüşməyin özü bir xoşbəxtlik idi”.


Xalq artisti Əlibaba Məmmədov:
“Tükəzban xanım nəhəng sənətkar idi. Onun kimi sənətkarın bundan sonra yetişməsi nadir hadisə ola bilər. Tükəzban İsmayılova əbədiyyən yaddaşlarda qalacaq xanəndələrdəndir. Heç kim "Şahnaz”, "Qatar”, "Xaric Segah”I onun kimi ifa edə bilməz. Allah böyük sənətkarımıza qəni-qəni rəhmət eləsin”. 



Yaddaşlardan silinməyəcək...

Tükəzban İsmayılova mədəniyyətimizdə öz dəst-xətti ilə seçilən sənətkar olub. 

Onun Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı xidmətləri istər xalq, istərsə də dövlət tərəfindən həmişə yüksək qiymətləndirilib.

Tükəzban İsmayılova prezident təqaüdü ilə təmin edilən ilk sənətkarlardan olub, “Şöhrət” ordeni ilə təltif edilib. İlhamə xanım o zamanlar prezident Heydər Əliyevin onların evinə zəng edib Tükəzban xanımın səhhəti və məişət problemləri ilə maraqlandığını minnətdarlıqla xatırlayırdı.

Tükəzban İsmayılovanın səs yazılarının çoxu hazırda “Qızıl fond”da saxlanılır. Tükəzban xanım indi həyatda olmasa belə, heç kim onun adını, səsini unutmur, lent yazılarına böyük sevgi ilə qulaq asırlar.


A.Qorxmaz
 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Daha bir ölkə koronavirusa qalib gəldi 30 May 2020, 01:34 ABŞ-dan Çinə qarşı yeni sanksiya 30 May 2020, 00:56 Koronavirus bu ölkədə işsizlərin sayın ikiqat artırdı 30 May 2020, 00:49 Piyadanı vuran sürücü hadisə yerindən qaçdı 30 May 2020, 00:39 36 ölkə müraciət etdi: Borclar ertələnsin 30 May 2020, 00:24 Bakıda kişini dostu kürəyindən bıçaqladı 30 May 2020, 00:12 Türkiyədən Liviyaya xəbərdarlıq 29 May 2020, 23:59 Bakının mərkəzində KORONAVİRUS təhlükəsi - VİDEO 29 May 2020, 23:46 Fransada koronavirusdan sutkalıq ölü sayı 52 nəfərədək azaldı 29 May 2020, 23:33 ABŞ Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələri dayandırdı 29 May 2020, 23:20 Kommersiya elektrik təyyarəsi uğurla sınaqdan keçirilib 29 May 2020, 23:09 Neft 38 dollaradək bahalaşdı 29 May 2020, 22:54 UEFA Çempionlar Liqası ilə bağlı qərar bu tarixdə veriləcək 29 May 2020, 22:38 Bakıda qonşu qonşunu bıçaqladı 29 May 2020, 22:29 Bu ərazilərdə tibbi maskadan istifadə məcburi olacaq - RƏSMİ 29 May 2020, 22:16 Deputatdan politoloqa ETİRAZ 29 May 2020, 22:07 14 yaşlı yeniyetmə bədbəxt hadisə nəticəsində öldü 29 May 2020, 21:58 Silahlı insidentdə iki nəfər yaralandı 29 May 2020, 21:47 Azərbaycanda koronavirus şübhəsi olan  289 603 nəfər olub - FOTO 29 May 2020, 21:33 Naxçıvanda komanda-qərargah məşqi keçirilib 29 May 2020, 21:22 Virus 27 121 nəfərin həyatına son qoydu 29 May 2020, 21:08 Qara dərili jurnalist belə saxlanıldı - VİDEO 29 May 2020, 20:55 Son sutkada daha 28 nəfər koronavirusdan ölüb 29 May 2020, 20:42 Makqreqor yenidən Həbiblə qarşılaşa bilər 29 May 2020, 20:31 Türkiyədə bağlanan məscidlər 74 gün sonra açılıb 29 May 2020, 20:15 ATƏT Parlament Assambleyasından Azərbaycana təbrik 29 May 2020, 20:01 Hərbi müəssisələrdə və təcridxanalarda epidemioloji vəziyyət stabildir 29 May 2020, 20:00 Nazirlikdən hava xəbərdarlığı - temperatur 4 dərəcə aşağı enəcək 29 May 2020, 19:56 Uşaq bağçaları nə vaxt açılacaq? - TƏBİB-dən AÇIQLAMA   29 May 2020, 19:52 Koronavirus xəstələri üçün 7 min çarpayı ayrılıb 29 May 2020, 19:44 Qışda koronavirusun ikinci dalğası ola bilər - RƏSMİ 29 May 2020, 19:36 Tural Gəncəliyev Qarabağ separatçılarının rəhbərinə CAVAB VERDİ 29 May 2020, 19:30 Rayonlara gediş-gəliş nə vaxt bərpa olunacaq? - RƏSMİ AÇIQLAMA 29 May 2020, 19:25 Şənbə və bazar günləri məhdudiyyətlər tətbiq olunacaq - Operativ Qərargah 29 May 2020, 19:18 190 manat iyunda da veriləcək? - RƏSMİ CAVAB 29 May 2020, 19:10