Modern.az

26 İyun Bakıda belə keçdi - FOTOREPORTAJ

26 İyun Bakıda belə keçdi - FOTOREPORTAJ

Reportaj

Bu gün, 15:54

Bu gün Bakı səhər saatlarından etibarən fərqli bir ab-hava ilə nəfəs alırdı. Azərbaycan Ordusunun yaranmasının 108-ci ildönümü münasibətilə paytaxtın müxtəlif istiqamətlərində təşkil olunan hərbi yürüşlər yüzlərlə insanı küçələrə çıxarmışdı.

"Alov Qüllələri" kompleksi, Çəmbərəkənd parkı, "İçərişəhər" metrostansiyası, Qala qapısı, Azərbaycan Dövlət Kukla Teatrı, Azneft dairəsi və Bəhram Gur heykəli istiqamətində keçirilən yürüşü Modern.az-ın əməkdaşları da yerində izləyib.

Yürüş marşrutu boyunca hərbçilərin nizamlı addımları və hərbi orkestrin ifa etdiyi marşlar ətrafdakı insanların diqqətini cəlb edirdi. Küçələrdə toplaşan sakinlər telefonları ilə bu anları lentə alır, əsgərləri alqışlarla qarşılayırdılar.

Ən çox diqqət çəkən məqamlardan biri uşaqların yürüşə göstərdiyi maraq idi. Əllərində Azərbaycan bayraqları tutan balacalar hərbçiləri salamlayır, onların keçidini həyəcanla izləyirdilər. Söhbət etdiyimiz uşaqlardan bəziləri əsgərlərin eyni ahənglə addımlamasını bəyəndiklərini, digərləri isə orkestrin ifa etdiyi hərbi marşların onlarda xüsusi təəssürat yaratdığını söylədilər.

Yol kənarında dayanaraq yürüşü izləyən yaşlı insanlar da diqqətdən yayınmırdı. Onlardan biri gözlərini hərbçilərdən çəkmədən yürüşü izləyir, keçən hər bir sıraya alqışla reaksiya verirdi.

108 illik şərəfli tarixə malik Azərbaycan Ordusu bu gün regionun ən güclü silahlı qüvvələrindən biri hesab olunur. Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra Azərbaycan əsgəri xalqın qürur və güvən simvollarından birinə çevrilib. Bu gün xalqımız öz ordusuna hədsiz güvənir. Ordumuz tək yetişkinlərin yox, özü balaca qəlbi böyük olan uşaqlarımızın da sevgi və rəğbətini yüksək səviyyədə qazanıb. Bugünkü yürüşdə uşaqların əsgərlərə baxışından bunu tam sezmək olurdu.

Hərbçilərin qətiyyətli addımları, insanların alqışları, uşaqların əllərində dalğalanan üçrəngli bayraqlar və hərbi marşların sədaları Silahlı Qüvvələr Gününün ruhunu paytaxtın küçələrinə daşıyırdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanı DAĞIDIN! - Zelenski orduya təcili göstəriş verdi - Gündəm Masada