Modern.az

Azərbaycan Baş nazirinin müəmmalı ÖLÜMÜ - Harda, necə...

Azərbaycan Baş nazirinin müəmmalı ÖLÜMÜ - Harda, necə...

14 May 2020, 08:54

Əgər hətta lənətə gəlmiş koronavirus da olmasaydı, 2020-də yetərincə kədəli hadisələr, daha doğrusu ildönümlər var.

Davam edən erməni işğalı və faciəli itkilərimizin ildönümləri...

Cümhuriyyətin süqutunun 100 illiyi, Gəncə üsyanının qan gölündə boğulmasının 100 illiyi...
Erməni terrorçularının Cümhuriyyət liderlərini - baş nazir F.Xoyski, Parlament sədri H.Ağayevi qətlə yetirilmələrinin 100 illiyi...

Azərbaycan ordusu generallarının - M.Sulkeviç, H.Qaytabaşi, M.Tlexas, H.Səlimov, M.Mirzə Qacar və başqalarının bolşeviklər tərəfindən məhv edilməsinin 100 illiyi...

Cümhuriyyətin ikinci baş naziri N.Usubbəyovun müəmmalı ölümündən də 100 il keçir.

Nəsib bəy harada, nə zaman, necə şəraitdə öldürülmüşdü?

Ehtimallar çox olsa da, dəqiq cavab hələ də yoxdur.

Yeri gəlmişkən, bəzi erməni qaynaqlarında onun da "Nemezis" qisas planı çərçivəsində terror yolu ilə aradan götürüldüyü iddia olunur.

Nəsib bəyin birinci xanımı Şəfiqə Qaspralı xatirələrində yazırdı:

“Şəhadəti haqqında bir neçə rəvayət var. Biri Kür çayı sahilində Əyricə kəndinin sakinləri tərəfindən Bakı milyonçularından zənn edilərək öldürülməsidir. Bu rəvayəti burada mənə Qarxunlu Əşrəf adlı bir şəxs söyləmişdi. Başqa rəvayətə görə, yenə Kür sahilindəki bir kənddə, əvvəlcədən hazırlanmış evdə gecələyibmiş. Salla nəhrin qarşı tərəfinə keçməli imiş. Bərk tələsir, səbirsizlik göstərirmiş. Nəhayət, sal hazırlanmış, gecənin qaranlığında yola çıxmışlar. Amma çayın o biri sahilində dayananlar salı görməmişdilər. Üçüncü rəvayət də cinayətin elə Qarxunlu Əşrəfin öz əli ilə törədilməsidir. Amma bunların hamısı sadəcə söz-söhbətdir. Yeganə doğru olan şey yalnız Kürdəmirə sağ-salamat çatması haqqında aldığım o kiçik məktubdur. Başqa bir xəbər də eşitmişəm. Guya böyük qardaşı gedib o yerləri axtarıb, hətta məzarını da tapıb. Amma həmin məlumatın doğruluğu ilə bağlı şübhələrim çox böyükdür”.

Türk kommunisti Mustafa Sübhinin 1920-ci ilin mayında, Gəncə üsyanının başlanmasından təxminən iki həftə əvvəl Qafqaz Cəbhəsi Hərbi-İnqilab Şurasının sədri S.Orconikidzeyə göndrədiyi "Gəncəyə səfərimin nəticələri haqqında məruzə" adlı sənəd isə Nəsib bəyin sağ-salamat Kürün sağ sahilinə keçdiyini və Gəncə üsyanına hazırlıq işləri ilə məşğul olduğunu düşünməyə əsas verir.

Onun məlumatına görə, 100 il əvvəl təxminən bu tarixlərdə keçmiş baş nazir Nəsib bəy Usubbəyov, Gəncə general-qubernatoru Əmir xan Xoyski, keçmiş daxili işlər naziri Mustafa bəy Vəkilov, Nuru Paşa, üsyan rəhbərlərindən polkovnik Cahangir bəy Kazımbəyov Samuxda, zəngin torpaq sahibi Şahmalıyevlərin mülkündə görüşərək, üsyana hazırlıqla bağlı məsələləri müzakirə etmişdilər.

Mühacirət dövründə Gəncə üsyanı ilə bağlı xatirələrini qələmə alan polkovnik C.Kazımbəyov bu barədə heç nə yazmır.

Şəfiqə xanım Qaspralı iddia edir ki, üsyanın məğlubiyyətindən sonra Gürcüstana keçməyə müvəffəq olan M.Vəkilov Tiflis bankında Nəsib bəyin hesabındakı bütün pulları götürərək mənimsəyib. Yəni onun artıq həyatda olmadığını dəqiq bildiyi üçün bu addımı atıb.

Məncə başqa ehtimallar kimi, Nəsib bəyin Gəncə üsyanı zamanı öldürülməsi versiyasında da müəyyən həqiqət payı ola bilər.


Vilayət Quliyev,
Azərbaycanın Macarıstandakı səfiri

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi