Modern.az

İslahatlar həmkarlar təşkilatlarından da yan keçməməlidir! - TƏKLİF

İslahatlar həmkarlar təşkilatlarından da yan keçməməlidir! - TƏKLİF

Aktual

18 May 2020, 13:29

Azərbaycanda həmkarlar ittifaqlarının fəaliyyəti 24 fevral 1994-cü ildə qəbul edilən müvafiq qanunla tənzimlənir. Vaxtaşırı bu qanuna müəyyən dəyişiklik edilsə də, mahiyyət ilk variantdakı kimi qalır.


Son zamanlar isə həmkarlar ittifaqlarını birləşdirən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK)  fəaliyyəti ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Əksəriyyət düşünür ki, Azərbaycanda bütün sahələrdə davam edən islahatlar AHİK-dən də yan keçməməlidir.


Məsələyə münasibət bildirən Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail  Ağamalı Modern.az-a açıqlamasında AHİK-in müstəqil qurum olduğunu diqqətə çatdırıb:


“Bura dövlətin müdaxiləsi ola bilməz. Əslində Konfederasiya işçilər və müəssisələr arasındakı münasibətlərdə işçilərin maraqlarını güdmək missiyası daşıyır. Bu baxımdan, AHİK də öz işini qurub. Azərbaycan dövlətində müxtəlif sahələrdə aparılan islahatların bu quruma da aid edilməsinin məntiqini başa düşmürəm.

Bu gün AHİK üzərinə düşən vəzifəni yerinə yetirə bilirmi? - bu artıq başqa mövzudur. Birmənalı şəkildə konfederasiya üzərinə düşən vəzifəni yerinə yetirir. Bununla bağlı ayrı-ayrı sahələrdə ciddi problemlərlə rastlaşmamışıq. Buna baxmayaraq, bir sıra xarici şirkətlərdə çalışan həmvətənlərimizin hüquqlarının pozulması məsələsi Milli Məclisdə də qaldırıldı. O zaman məlum oldu ki, bir sıra xarici şirkətlər orada həmkarlar ittifaqlarının formalaşdırılmasında maraqlı deyillər. Mənə elə gəlir ki, artıq bununla bağlı problemlər də öz həllini tapıb”.


F.Ağamalının sözlərinə görə, Səttar Möhbalıyevin timsalında, AHİK nizamnaməsinə uyğun şəkildə, işçilərin hüquqlarını, mənafelərini müdafiə edə bilir:


“İstirahət mərkəzlərində, sanatoriyalarda işçilərin istirahəti üçün də şərait yaradılır. İttifaqın üzvü olan şəxslərin hər birinin göndərişlə istirahətləri təmin edilir. Mənə bu barədə müraciətlər olanda, AHİK-ə demişik, dərhal reaksiya veriblər. Bir sözlə, həmkarlar konfederasiyası özünün vəzifələrinin öhdəsindən uğurla gəlib”.


İqtisadçı-ekspert Natiq Cəfərli isə xatırladıb ki, həmkarlar ittifaqının vəzifəsi işçilərin hüquqlarını qorumaqdır:


“Bu qurum hökumətlə hər ilin sonunda işçilərin maaşlarının yüksəldilməsi, şərtlərin yaxşılaşdırılması üçün vacib məsələləri müzakirə etməlidir. Dünyada belədir. Bizdə isə həmkarlar ittifaqları icra hakimiyyətinin bir qoluna çevrilib. AHİK əslində bütün ölkələrdə sözün yaxşı mənasında hökumətin əsas rəqibi olur.

Azərbaycanda həmkarlar ittifaqları dünyada qəbul edilmiş prinsiplərlə fəaliyyət göstərmir. İttifaqların birləşdiyi Konfederasiya isə formal bir quruma çevrilib. Hətta vətəndaşlar, işçilər həmişə narazılıq edirlər ki, maaşlarının müəyyən faizi icazəsiz olaraq, həmkarlar ittifaqlarına köçürülür. Bu qurum yenidən dizayn olunmalıdır, tamamilə fərqli şəkildə formalaşdırılmalıdır. AHİK işçilərin hüquqlarını qoruyan quruma çevrilməlidir. İcra strukturunun nəzarətindən isə  tamamilə çıxarılmalıdır. Ona görə də bu sahədə yeniliklərə böyük ehtiyac var”.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı