Modern.az

Əməkdar jurnalist Rəhman Orxanın acı ETİRAFLARI

Əməkdar jurnalist Rəhman Orxanın acı ETİRAFLARI

19 İyun 2020, 15:15

Görəsən, 70 ildə mən nəyi düzgün etməmişəm?..

Bu gün-sabah 70-i haqlayıram. Varım-dövlətim olan övladlarımdan və nəvəmdən, əsl dostlarımdan başqa heç bir sərvətim-dövlətim, malım-mülküm, heç velosipedim də yoxdur.

Hazırladığım 12 kitabın heç birini də çap etdirə bilməmişəm. Baxmayaraq ki, onlardan bir-neçəsi xalqımızın görkəmli oğullarına, o cümlədən sonuncu üçü Ulu öndər Heydər Əliyevə, Sumqayıtın 70 illiyinə və II Dünya müharibəsinin azərbaycanlı veteranlarına həsr edilib.

Həyatdan qazancım yalnız  Prezident İlham Əliyev cənabları tərəfindən 2016-cı ildə "Azərbaycanın Əməkdar jurnalisti" fəxri adına və 1994-cü ildə Osman Mirzəyev adına Respublika mükafatına layiq görülməyimdir.

40 ildən çox respublika mətbuatında çalışmışam. 25 ildən çox gizli saxlasam da (həm təvazökarlıqla, həm də erməni daşnaklarının o vaxtlar bilməməsi üçün), indi deyə bilərəm ki, 1994-cü ildə baş redaktoru olduğum, 18-20 min tirajla rusca nəşr olunaraq, Ermənistan və Orta Asiya respublikalarından başqa digər MDB  ölkələrində yayılan "Bakinets" qəzetinin tənqidi çıxışından sonra Rusiyanın "Oboroneksport" hərbi-sənaye kompleksinin rəisi, erməni general-mayor Sergey Karaoğlanov tutduğu vəzifədən çıxarılmışdı. Bu barədə redaksiyamıza Rusiya səfirliyi SSRİ-nin aviasiya marşalı E.Şapoşnikova istinadən məlumat vermişdi.

Azərbaycanda heç bir milyoner və ya başqa kimsə Moskvada hətta adi erməni pinəçisini də işdən çıxartdıra bilməmişdi. Mənim qəzetim "Bakinets" isə Rusiyanın silah arsenalına  rəhbərlik edən erməni generalının vəzifədən atılmasına nail olmuşdu.

Ancaq 2015-ci ilin ev bölgüsündə haram yeyən biznesmenlər - Əli Həsənov və onun əlaltısı Vüqar (heyf o addan!) Səfərli mənim sənədlərimi bir kənara atıb, bir-neçə mənzili olan bəzi-para redaktorlara, onların sevimli katibələrinə, jurnalist olmayan "gözəlçə"lərə, nəşriyyatın köməkçi sahəsinə çulunu güclə sürüyə-sürüyə "baxan" birisinə, dost-tanışlarına vermişdilər. Əli Həsənovdan rəsmi müraciətimə də heç bir cavab almadım.    

Və bu gün məndən sonra jurnalistikaya gələnlərin çoxunun malı-mülkü, dəbdəbəli bağ evləri, KİVDF-dən aldığı 2-3 mənzili, bir-neçə xarici maşını, obyektləri və s. var. Bəs, mənim niyə yoxdur? Məhz mənzilimizin darısqallığı üzündən yaşı ötmüş oğlum bugünədək ailə qura bilməyib.  

Kitablarımın çapına da kömək etmək istəyən yoxdur (bir qohumum və bir dostumdan başqa).

Deyin, bundan sonra mənim yaşamağıma dəyərmi? 70 yaşıma kimi ailəm üçün heç nəyə nail ola bilmədimsə, qalan 2-3 ildə (o da qismət ola, ya olmaya...) nə edə bilərəm ki?

Görəsən, 70 ildə mən nəyi düzgün etməmişəm?..

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...