Modern.az

Jurnalistlər Prezidentin sərəncamını ALQIŞLADILAR

Jurnalistlər Prezidentin sərəncamını ALQIŞLADILAR

30 İyun 2020, 18:47

Prezident İlham Əliyev Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan milli mətbuatının 145 illik yubileyinin ölkəmizdə geniş şəkildə qeyd olunması nəzərdə tutulur. Bundan əlavə, sərəncamda Prezident Administrasiyasına tapşırılıb ki, jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri bir ay müddətində Prezidentə təqdim etsin.


Bir sıra jurnalist təşkilatlarının rəhbərləri və baş redaktorlar ölkə başçısının sərəncamı ilə bağlı fikirlərini Modern.az-la bölüşüblər.

Mətbuat Şurasının sədri Əflatun Amaşov
bildirib ki, prezidentin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” bu gün imzaladığı sərəncam onun mətbuatımızın tarixi missiyasına, mediamızın cəmiyyətdəki roluna verdiyi müstəsna dəyərin növbəti bariz nümunəsidir:

“Sərəncam dövlət başçımızın ənənələrə sadiklik kursunun müstəsna göstəricisidir. Buna görə cənab İlham Əliyevə dərin təşəkkürümü bildirirəm.

Müstəqillik illərində Azərbaycan milli mətbuatının yubileylərinin keçirilməsi ənənəsinin əsasını Ümummilli liderimiz Heydər Əliyev qoymuşdu. O, 27 mart 2000-ci il tarixdə “Azərbaycanda milli mətbuatının yaradılmasının 125 illiyi haqqında” Fərman imzalamışdı. Mətbuat tariximizin əsas məqamlarının əhatəli və ardıcıl şəkildə yer aldığı həmin sənəd yubileyin təntənəli şəkildə təşkili zərurətini müəyyənləşdirmişdi.

Sonrakı illərdə Prezident İlham Əliyevin sərəncamları ilə milli mətbuatımızın 130, 135 və 140 illik yubileyləri dövlət səviyyəsində qeyd edildi. Yubileylər yüzlərlə həmkarımızın dövlət təltiflərinə layiq görülməsi sevincinin təntənəsi, jurnalist əməyinə verilən misilsiz qiymət nümunəsi kimi yadda qaldı. Prezidentin bu gün imzaladığı sərəncam 145 illik yubileyin də bu baxımdan əlamətdar hadisəyə çevriləcəyini söyləməyə ali təminatdır. Bu, hər birimizi sevindirir”.


Şura sədri eyni zamanda onu da bildirib ki, yubiley sərəncamı keçilmiş yola nəzərdir, milli mətbuatımızın inkişafında mühüm rol oynamış görkəmli şəxsiyyətlərin yada salınması, onların bizə miras qoyduqları irsə sahibliyi gücləndirmək, o irsi yaşatmaq baxımından vacib istinad mənbəyidir:


“Sənəddə koronavirus pandemiyasının geniş yayıldığı indiki dövrün şərtləri daxilində məsələyə diqqət yetirmək vəzifəsi müəyyənləşir.

Bir daha Azərbaycan mətbuatına, onun tarixi missiyasına verdiyi yüksək dəyərə görə Prezident İlham Əliyevə Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvləri adından dərin təşəkkürümü bildirirəm. Şura Prezident Sərəncamından irəli gələn vəzifələrin həllinə dəstək olmağa hazırdır".


“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Prezident İlham Əliyevin mətbuatın 145 illiyi ilə bağlı sərəncamının onda çox xoş ovqat yaratdığını söyləyib:

“Hər kəs düşünürdü ki, pandemiya ilə əlaqədar olaraq, mətbautın 145 illiyi də sönük keçəcək. Lakin ölkə başçısı bir daha əvvəlki illərdə olduğu kimi həmişə jurnalistlərə, onların fəaliyyətinə böyük önəm verdiyini nümayiş etdirdi. Buna görə, təşəkkür edirik. Azərbaycan mətbuatının inkişafı naminə ölkə başçısı böyük, misilsiz xidmətlər göstərib, addımlar atıb. Jurnalistlər bu münasibətə qarşı borcludurlar. Azərbaycan jurnalistlərinə həm məişət şəraitinin yaxşılaşdırılması, həm də digər dəstəklərin göstərilməsi kimi əhəmiyyətli addımların şahidi olmuşuq. Yubileylərdə də həmçinin prezidentlə görüşüb, fikirlərini dinləmişik, çıxış edib fikirlərimizi demişik. Ümid edirəm ki, pandemiya yubiley tədbirləriin keçirilməsinə imkan verəcək. Hər halda tədbirlərimiz bir qədər məhdud da olsa, Operativ Qərargahın tənzimləməsi ilə həyata keçiriləcək”.

Baş redaktorun sözlərinə görə, uzun illər mətbuatda çalışan jurnalistlər arzulayırlar ki, dövlət tərəfindən mükafaya layiq görülsünlər:

“Bu onların həyatının, karyerasının bir zəmanəti, stimuldur. Ona görə, fəaliyyətləri, yüksək xidmətləri olan jurnalistlərin mükafatlandırılmasını da yüksək qiymətləndirirəm”.

“APA Holdinq”in rəhbəri Vüsalə Mahirqızının sözlərinə görə, Azərbaycan mətbuatının 145 illiyinin qeyd olunması haqqında sərəncama görə, mətbuat nümayəndələri adından ölkə başçısına yalnız təşəkkür edə bilərik:

“Prezident hər zaman olduğu kimi, yenə də medianın yubileyini diqqətdə saxlayıb.  Lakin  sərəncamın detalları haqqında hələ ətraflı məlumata sahib deyilik. Burada mükafatlandırma hansı formada nəzərdə tutulub, jurnalistlər üçün nəzərdə tutulmuş təltiflərin verilməsindən yaxud üçüncü jurnalist binasında mənzillərin paylanasından söhbət gedir – bilmirik. Bunu dəqiqləşdirəndən sonra artıq təkliflər haqqında müəyyən fikirlər irəli sürmək olar.

İstənilən halda sərəncam Azərbaycan mətbuatının 145 illiyinin  qeyd olunması çox mühüm addımdır və bu prezident İlham Əliyevin mediaya diqqətinin təzahürdür. Bu sahənin mütəxəssisləri, mətbuatda çalışan insanlar olaraq, ölkə başçısının hətta bu ağır pandemiya dövründə belə medianı yaddan çıxarmamasına görə yalnız ona təşəkkür edə bilərik”.

"Türküstan Media Qrupu"nun baş redaktoru Aqil Camal isə Azərbaycan Milli Mətbuatının 145 illiyinin pandemiya dövrünə təsadüf etməsindən təəssüf hissi keçirdiyini vurğulayıb:

“Belə olmasaydı yubileyi ili dövlət və cəmiyyət olaraq daha yüksək səviyyədə qeyd olunacaqdı. İndiki şəraitdə, koronavirus epidemiyasının ölkəmizdə kəskin şəkildə artdığı bir vaxtda prezident tərəfindən Milli Mətbuatın 145 illiyinin ölkə səviyyəsində qeyd olunması barədə sərəncamı Azərbaycanın mətbuat tarixinə və çağdaş mediaya verilən qiymətin meyarı saymaq olar.

Son dövrlərdə dünyanın çağrışlarına uyğun olaraq media sahəsinə yeni yanaşma və yeni nəfəsin gətirilməsi ilə bağlı atılan addımlar da bu qəbildəndir. Bu sırada, KİVDF-nin rəhbərliyinin dəyişdirilməsindən sonra bu qurumun fəaliyyətində baş verən keyfiyyət dəyişikliklərini qeyd edə bilərəm. Xüsusilə, qəzetlərin layihələrinin maliyyələşdirilməsində, həmçinin, elan olunan jurnalist müsabiqəsində müəyyən edilən yeni kriteriyalar gerçək və professional media camiəsi tərəfindən rəğbətlə qarşılanır”.


Aqil Camalın sözlərinə görə, sərəncamda yubiley tədbirlərinin ölkədə geniş şəkildə keçirilməsi qeyd olunur:


“Təmsil olunduğum Parlament Jurnalistləri Birliyi artıq bu yöndə silsilə tədbirlər həyata keçirir. Plana uyğun olaraq tədbirlərimiz davam edəcək. Bu sırada beynəlxalq onlayn konfransın da keçirilməsi var. Həmçinin, “Türküstan” qəzetində və “Turkustan.info” saytında Azərbaycanın milli mətbuat tarixi, mətbuatımızın formalaşmasında xidmətləri olmuş şəxsiyyətlər haqqında son zamanlar xüsusi məqalələr yayınlayırıq.

Hesab edirəm ki, bu sərəncamla dövlət və cəmiyyətimiz mətbuatımızın 145 illik yubileyini mövcud şərtlər çərçivəsində olsa belə, layiqincə keçirəcək”.


“Teleqraf Holdinq”in rəhbəri Aynur Camal
da prezidentin mətbuatımızın 145 illiyi ərəfəsində imzaladığı sərəncamın çox əhəmiyyətli sənəd olduğunu düşünür:


“Belə bir çətin vaxtda cənab prezidentin məhz jurnalistlərə bu diqqəti göstərməsi, onun həmişə olduğu kimi Azərbaycan mediasına olan hörmətinin və qayğıkeş münasibətinin təzahürüdür. Jurnalistlərin mükafatlandırılması məsələsinə gəlincə, hesab edirəm ki, hər bir halda KİVDF və Mətbuat Şurası bunun yollarını müzakirə edib, optimal yolları tapacaqlar. Amma jurnalistlərin mükafatlandırılması dedikdə həmkarlarımızın mənzillə təmin olunması məsələsini prioritet hesab edirik. Bilirsiniz ki, jurnalistlər üçün üçüncü bina tikilib, təmir edilib, istifadəyə hazır vəziyyətədir. Yubiley ərəfəsində redaksiyalardan təkliflərin istənilməsi çox təqdirəlayiq məqamdır. Mən düşünürdüm ki, sərt karantin reimində bu məsələlər saxlanacaq. Amma ölkə başçsı “köməkçilərim” adlandırdığı jurnalistlərə, mediaya dəstəyini bir daha qeyd etdi.

Bu dəfə həm haqqı çatan, həm də ehtiyacı olan jurnlistlərin üçüncü binada evlə təmin edilməsinin tərəfdarıyıq. Bu dəfə neqativ hallara imkan verilməyəcəyinə ümid edirik”.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadənin sözlərinə görə, dünyanın hər yerində yaradıcı adamlar, o cümlədən jurnalistlər həssas təbəqə sayılırlar:


“Buna görə jurnalistlər üçün ən müxtəlif güzəştlər mövcuddur. Azərbaycanda da jurnalistlərə həmişə qayğı göstərilib. Bakının Səbail rayonunda çoxmərtəbəli 3 binanın inşası bunun bariz nümunəsidir.

Mən ölkə başçısının müvafiq sərəncamını bu kontekstdən dəyərləndirirəm. Hesab edirəm ki, Azərbaycan Milli Mətbuatının 145 illiyinin dövlət səviyyəsində qeyd olunması bütövülkdə mətbuatın inkişafına töhfə verərək, yeni perspektivlər açacaq.

Sərəncamda jurnalistlərin mükafatlandırılmasıyla bağlı mühüm bir bənd var. Prezident jurnalist təşkilatlarından və redaksiyalardan təkliflər gözləyir. Jurnalist təşkilatlarının rəhbərlərindən, baş redaktorlardan bir xahişim var: əvvəllər olduğu kimi yenə öz qohum-qardaşlarının, sürücülərinin, katibələrinin adını yazıb, Prezident Administrasiyasına göndərməsinlər. Bu məsələdə ədalət prinsipini gözləsinlər. İstedadlı, zəhmətkeş jurnalistlərin qabağına daş dığırlamasınlar.

Azərbaycan kiçik bir ölkədir. Kimin müdirin, kimin sözün qulu olduğunu hamı yaxşı bilir. Lütfən, heç kim dostbazlıq, qohumbazlıq, nəhayət eşqbazlıq edib, bu gözəl təşəbbüsə xələl gətirməsin”.

Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli söyləyib ki, prezidentin sərəncamını yüksək qiymətləndirir:


“Ona görə ki, əvvəla bu sərəncamda Azərbaycan mətbuatının, Azərbaycan jurnalistlərinin keçdiyi şərəfli yola qısa nəzər salınır, ona çox lakonik qiymət verilir. İkinci tərəfdən jurnalistlərə qarşıdakı fəaliyyətləri ilə bağlı meyarlar göstərilir. Sərəncamda Azərbaycanda başlamış köklü islahatlar dalğasının media sahəsində də getdiyi vurğulanır və mətbuatdan hansı gözləntilərin olduğu nəzərə çatdırılır. Bu baxımdan cənab prezidentin bu sərəncamında qısa şəkildə vurğuladığı məqamlar əslində Azərbaycan jurnalistikası üçün bir yol xəritəsi rolunu da oynayır. Burda göstərilir ki, modernləşmə, kreativləşmə, obyektiv informasiya yayma və dünyanın trend informasiyalarının öyrənilib, Azərbaycanda tətbiq etmə və bu kimi hallar Azərbaycan mediasının qarşısında duran vəzifələridir. Sərəncamda öz əksini tapmış fikirlər Azərbaycan mediası üçün gələcəkdə hansı yöndə fəaliyyət qurmalı olduqlarını bir meyar olaraq göstərir. Bu baxımdan da biz sərəncamı yüksək qiymətləndirik.

Üçüncü məqam ondan ibarətdir ki, cənab prezident baxmayaq ki, ölkədə dünyanın digər ölkələri kimi pandemiya dövrü yaşayırıq, karantin rejimi var, bütün bunlarla yanaşı, Azərbaycan mediasının durumunu nəzərə alır və Mətbuat gününün keçirilməsini zəruri sayır. Bax, bu fikir, bu diqqət özü cənab prezidentin Azərbaycan mediasına nə qədər yüksək diqqət yetirdiyinin göstəricisidir”.

M.Ələsgərlinin sözlərinə görə, pandemiya dövrünün şərtləri nəzərə alınaraq, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri ilə tədbirlərin keçirilməsi gözlənilir:

“Alqışlayırıq , təşəkkür edirik! Həmçinin, qeyd olunub ki, jurnalist təşkilatları, redaksiyalar  özlərinin təkliflərini təqdim etsinlər, bir ay müddətində təkliflər nəzərə alınacaq. Bu baxımdan da biz jurnalist təşkilatı olaraq öz təkliflərimizi təqdim edəcəyik. Xüsusi olaraq öz qələmi, prinsipiallığı, obyektivliyi, qərərsizliyi ilə seçilən jurnalistlərin fərqləndirilməsi və onların müxtəlif medallarla təltif olunması və s. yöndə təkliflərimiz olacaq. Eyni zamanda, müəyyən tədbirlərin keçirilməsi üçün də təkliflərimiz var.

Bir daha vurğulayıram ki, böyük diqqətdir və bu cür çətin günlərdə prezidentin Azərbaycan mediasının fəaliyyətini diqqətdə saxlaması, bu cür yüksək qiymətləndirməsi və onun gələcək fəaliyyəti üçün istiqamət verməsi böyük bir addımdır”.


Modern.az Xəbər Agentliyinin baş redaktoru Əfqan Qafarlı
 ölkə başçısının Milli Mətbuat günü ərəfəsində belə bir sərəncam imzalamasını alqışlayıb:

“Prezidentin pandemiya dövrü kimi çətin şəraitdə Azərbaycan milli mətbuatının 145 illik yubileyinə belə diqqət göstərməsi onun jurnalistlərin işinə verdiyi qiymətdir. Dövlət başçısı bundan əvvəlki yubiley illərində də mətbuata qayğısını nümayiş etdirib, jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, qələm adamlarının təltif olunması ilə bağlı sərəncamlar verib.
Buna görə, çalışdığım Modern.az Xəbər Agentliyi adından ölkə başçısına təşəkkür edirəm.
Budəfəki yubileylə bağlı sərəncama jurnalistlərin mükafatlandırılması haqqında ayrıca bəndin salınması çox mühüm addımdır. Çünki mətbuatın inkişafında xidmətləri və haqqı olan xeyli media nümayəndəsi tanıyırıq. Mükafatlandırmanın hansı formada olacağı barədə detalları bilmirəm. Amma inanıram ki, Prezident Administrasiyasına təqdim olunacaq təkliflərdə ədalət prinsipləri gözləniləcək”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır