Modern.az

“Hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 12-cidir” - İlham Əliyev

“Hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 12-cidir” - İlham Əliyev

Aktual

2 İyul 2020, 20:44

“Azərbaycanı Əfqanıstan və Türkmənistan ilə sıx dostluq və qardaşlıq əlaqələri birləşdirir. Dövlət başçıları səviyyəsində həyata keçirilən çoxsaylı qarşılıqlı səfərlər, beynəlxalq tədbirlər çərçivəsindəki görüşlərimiz bu əlaqələrin inkişafına mühüm töhfə verib”.

Modern.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla keçirilən videokonfransda çıxış edərkən bildirib.

 

Üçtərəfli görüşdə iştirak etməkdən məmnunluq hissimi ifadə edən Prezident İlham Əliyev Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qaniyə üçtərəfli görüşün keçirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüsə görə təşəkkür edib:

"Bu görüş əməkdaşlığımızın hazırkı vəziyyətinin və gələcək inkişafının müzakirəsi baxımından faydalıdır.

Azərbaycan 2002-ci ildən NATO-nun Əfqanıstanda sülhməramlı missiyalarında iştirak edir. Biz Əfqanıstanda sülhün və sabitliyin bərqərar olunmasına hərbi qüvvə, multimodal tranzit, təlim və maliyyə yardımı təminatı ilə töhfə vermişik. Azərbaycanın “Qətiyyətli Dəstək” missiyasındakı sülhməramlılarının sayı 2018-ci ildə 30 faiz artırılaraq 120 nəfərə çatdırılıb.

Azərbaycanda nəqliyyat sektoruna qoyulan böyük investisiyalar sayəsində müasir nəqliyyat və logistika infrastrukturu yaradılıb. 2018-ci ildə 15 milyon ton yük və 100 min konteyner yükaşırma qabiliyyətinə malik Ələt Beynəlxalq Dəniz Ticarət Limanı istifadəyə verilib. Gələcəkdə bu limanın imkanları 25 milyon ton yükə və 1 milyon konteynerə qədər artırıla bilər.

Azərbaycan Xəzər dənizində 260 gəmidən ibarət ən böyük donanmaya malikdir. Azərbaycanda fəaliyyət göstərən müasir gəmiqayırma zavodunda 2013-cü ildən bu günə qədər 10 gəmi tikilib, 140 gəminin və platformaların təmiri həyata keçirilib. Hazırda zavodda 2 ropaks bərə gəmisi və 3 neft tankeri inşa edilməkdədir. 2021-ci ildə əlavə gəmilərin tikilməsi nəzərdə tutulub. Bu gəmilər Xəzər dənizi vasitəsilə yükdaşımaların artırılmasına xidmət edəcəkdir.

Azərbaycan, eyni zamanda, avtomobil yollarının inkişafına böyük əhəmiyyət verir. Son 16 ildə Azərbaycanda 16 min kilometr avtomobil yolu çəkilib. Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında yolların keyfiyyətinə görə Azərbaycan dünyada 27-ci yerdədir. Azərbaycanda 6 beynəlxalq hava limanı tikilib. Hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 12-cidir.

2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilib. Hesab edirəm ki, bu, tarixi hadisədir. Təsadüfi deyil ki, bu yola “Dəmir İpək yolu” deyilir. Bu layihə qitələri birləşdirir. Azərbaycan Asiya və Avropa arasında yerləşən ölkə kimi Avrasiya məkanında nəqliyyat-logistika sahəsinə böyük töhfələr verir. Bakı-Tbilisi-Qars dəmir yolu ilə 2020-ci ilin ilk altı ayında daşınmış yüklərin həcmi 2019-cu ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə çoxdur.

Ölkə daxilində dəmir yolu infrastrukturu yenilənir. Davos İqtisadi Forumunun son hesabatında dəmir yollarının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci yerdədir. Bütövlükdə Davos Forumunun hesabatında nəqliyyat infrastrukturunun səviyyəsinə görə Azərbaycan dünyada 34-cü yerdədir".

Dövlət başçısı vurğulayıb ki, Şərq-Qərb nəqliyyat dəhlizi artıq tam şəkildə fəaliyyət göstərir: "2019-cu ildə bu dəhlizlə 8,7 milyon ton yük daşınıb. Bu ilin ilk dörd ayı ərzində bu rəqəm artıq 3 milyon tona çatmışdır. Azərbaycan, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin fəal iştirakçısıdır. Dəhlizin Azərbaycan seqmentində bütün işlər başa çatdırılıb. Bu dəhliz vasitəsilə keçən il 2,1 milyon ton, bu ilin ilk dörd ayı ərzində isə 800 min ton yük daşınıb. Şərq-Qərb nəqliyyat dəhlizi çərçivəsində Azərbaycan Əfqanıstan və Türkmənistanla əməkdaşlıqda müsbət nəticələr əldə edib. Mənim 2018-ci ilin noyabr ayında Türkmənistana rəsmi səfərim zamanı imzalanan 21 sənəd arasında 9 sənəd nəqliyyat sektoruna aiddir. 2020-ci ilin birinci yarısında Ələt Beynəlxalq Dəniz Ticarət Limanında Türkmənistan və əks istiqamətdə 1,5 milyon tondan çox yük aşırılıb. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 28 faiz çoxdur. Aşırılan quru yükün həcmi 7,7 dəfə artaraq 370 min tondan çox olmuşdur. Türkmənistan tərəfi limanda tikilməsi nəzərdə tutulan gübrə terminalının idarə olunması üzrə yaradılacaq konsorsiumda iştiraka dəvət edilib.

Lapis Lazuli marşrutunun 2018-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu ilə birləşdirilməsindən sonra artıq Əfqanıstandan yüklər Türkmənistandan Azərbaycana, daha sonra Qərb istiqamətində daşınmağa başlanıb. 2018-ci ilin dekabr ayında Əfqanıstandan yola salınan ilk sınaq yükü 12 gün ərzində Bakı limanına çatdırılıb. Bu ilin yanvar-may ayları ərzində Azərbaycan vasitəsilə Əfqanıstan istiqamətində və əks istiqamətdə 55,5 min ton yük daşınıb. Azərbaycan yük təyyarələri ilə həmin dövrdə ölkəmizə və digər ölkələrə məxsus 12 min tona yaxın yükü Əfqanıstana çatdırıb. Azərbaycan etibarlı tranzit ölkəsi kimi dünya arenasında özünü təsdiqləyib. Ölkəmiz Avrasiyanın yeni önəmli nəqliyyat-logistika mərkəzlərinin birinə çevrilib.

Azərbaycan Əfqanıstan və Türkmənistan ilə çoxtərəfli formatda da səmərəli əməkdaşlıq edir. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını daim dəstəkləyir. Hazırkı dövrün ən aktual problemi olan koronavirus xəstəliyi dünyada faciəvi nəticələrə gətirib çıxarıb. Pandemiya şəraitində ölkələr arasında və beynəlxalq təşkilatlar çərçivəsində həmrəylik və əməkdaşlıq vacibdir. Pandemiyanın mənfi təsirlərinə baxmayaraq, Azərbaycan tranzit yüklərin daşınması üçün əlavə tədbirlər görüb. Şərq-Qərb nəqliyyat dəhlizi ilə beynəlxalq yük daşımaları fasiləsiz olaraq həyata keçirilir.

Azərbaycan 120 dövlətin dəstəyi ilə Qoşulmama Hərəkatının sədri seçilmişdir. Keçən ilin oktyabr ayında Qoşulmama Hərəkatının Azərbaycanda Zirvə görüşü keçirilib. Zirvə görüşündə Əfqanıstan və Türkmənistan prezidentləri tərəfindən Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın inkişafına dair dəyərli fikirlər səsləndirilib.

Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın təşəbbüsü ilə mayın 4-də Qoşulmama Hərəkatının təmas qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunan Zirvə görüşü təşkil olunub. Bu görüşdə Əfqanıstan və Türkmənistan prezidentləri də iştirak etmişlər. Zirvə görüşündə iştiraklarına görə Əfqanıstan və Türkmənistan prezidentlərinə təşəkkürümü bildirirəm.

Bu günlərdə mənim daha bir təşəbbüsüm – BMT Baş Assambleyanın COVID-19 pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifim dünyanın 130-dan çox ölkəsi tərəfindən dəstəklənib. Fürsətdən istifadə edərək bu təşəbbüsə verdikləri dəstəyə görə Əfqanıstan və Türkmənistan prezidentlərinə təşəkkürümü bildirirəm.

Biz Şərq-Qərb nəqliyyat dəhlizinin imkanlarının daha da artırılması üçün səylərimizi davam etdirməliyik. Yükdaşımaların optimallaşdırılması üçün tariflərin unifikasiyasının həyata keçirilməsi vacibdir. Bugünkü görüşümüzün nəticələrinin və gələcək addımların müzakirəsi üçün ölkələrimizin nəqliyyat strukturlarının işçi görüşünün keçirilməsini təklif edirəm.

Avropa İttifaqının Şərq-Qərb nəqliyyat dəhlizinə marağı artmaqdadır. 2019-cu ilin iyul ayında Azərbaycana səfər edən Avropa İttifaqı Şurasının prezidenti cənab Donald Tusk Ələt Beynəlxalq Dəniz Ticarət Limanına getmiş və limanın imkanları ilə yerində tanış olub. Artıq bir neçə Avropa ölkəsi bu dəhlizə qoşulub. Digər tərəfdaş dövlətlər də dəhliz vasitəsilə yükdaşımalara böyük maraq göstərirlər.

Qoşulmama Hərəkatının videokonfrans vasitəsilə keçirilmiş zirvə görüşündə Afrika İttifaqının və Avropa İttifaqının rəhbər şəxsləri iştirak ediblər. Qoşulmama Hərəkatının tədbirində Avropa İttifaqının ilk dəfə iştirakı tarixi hadisə idi. Azərbaycan bu iki təsisat arasında əlaqələrin inkişafı istiqamətində öz səylərini davam etdirəcəkdir.

Avropa və Asiya ölkələri Şərq-Qərb nəqliyyat dəhlizinin iştirakçılarıdır. Hesab edirəm ki, bugünkü görüşün mövzusu olan nəqliyyat-logistika mövzusu Avropa İttifaqı ilə Qoşulmama Hərəkatı arasında praktiki əməkdaşlıq üçün ilk addım ola bilər.

Azərbaycanın xarici siyasətində ikitərəfli əməkdaşlıqla yanaşı, üçtərəfli əməkdaşlıq konsepsiyası da mühüm yer tutur. İnanıram ki, bugünkü üçtərəfli görüşümüzün nəticələri uğurlu olacaq, regional əməkdaşlığa və iqtisadi inkişafa töhfə verəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm".



Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır