Modern.az

İlham Əliyevin təşəbbüsünü gözləniləndən çox dövlət dəstəkləyib - RƏSMİ

İlham Əliyevin təşəbbüsünü gözləniləndən çox dövlət dəstəkləyib - RƏSMİ

10 İyul 2020, 14:30

Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizəyə həsr olunmuş video-konfrans formatında xüsusi sessiyasının çağırılması təşəbbüsünə BMT Baş Assambleyasının Prosedur Qaydalarına uyğun olaraq tələb olunandan da əhəmiyyətli sayda artıq dövlət tərəfindən dəstək bildirilib.


Bu barədə Modern.az-a Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat verib.


BMT-nin Baş Katibi 30 iyun 2020-ci il tarixində bütün üzv dövlətlərə təmimi nota göndərərək, təşəbbüsə BMT üzv dövlətlərinin əksəriyyəti tərəfindən dəstək verildiyini və bu xüsusda, Baş Assambleyanın Prosedur Qaydalarının müvafiq bəndlərinə uyğun olaraq Baş Assambleyanın 31-ci xüsusi sessiyasının cari ilin 10 iyul tarixində çağırılacağını bildirib.


“Qeyd etmək istərdik ki, hazırda Baş Assambleyanın rəsmi iclaslarının virtual formatda keçirilməsi üçün razılaşdırılmış format və modallıqlar mövcud deyil və əvvəlki xüsusi sessiyalarda olduğu kimi, hazırkı sessiyanın da modallıqları üzv dövlətlər arasında razılaşdırılacaq.

Xüsusi sessiyanın başlanğıcında prosedur xarakterli məsələlərə baxılması, daha sonrakı mərhələdə isə milli qisimdə çıxışların dinləniləcəyi ümumi müzakirələr seqmentinin baş tutması planlaşdırılır.

Baş Assambleyanın 74-cü sessiyasının sədrinin təmsil edən Nigeriyanın nümayəndə heyətinin rəhbəri xüsusi sessiyanın müvəqqəti sədri qismində çıxış edəcək.

İnanırıq ki, 10 iyul tarixində başlayacaq xüsusi sessiya pandemiya ilə mübarizədə dünya dövlətlərinin həmrəyliyinin artmasına, beynəlxalq əməkdaşlığın gücləndirilməsinə və bu qlobal təhdidə qarşı beynəlxalq cavabın tapılmasına öz töhfəsini verəcəkdir.

Azərbaycanın təşəbbüsünü dəstəkləyən hər bir ölkəyə bir daha təşəkkürümüzü ifadə edir və xüsusi sessiyanın işinə uğurlar arzulayırıq”,- XİN-dən bildirilib

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi