İsmayıl Mərcanlı İMANZADƏ
Yurdumun əzəməti,
Ucalan haqq səsisən.
Könlümdə qanadlanan
Bir zəfər nəğməsisən.
Yeri düşmən üstünə,
Babəkin, Xətainin
Ruhu sənə yar olsun!
Yenilməz hünərinlə
Xalqım bəxtiyar olsun!
Gözlərindən boylansın
Yurdun nurlu səhəri -
Azərbaycan əsgəri!
Qarabağa nicat ver,
Laçında, Kəlbəcərdə
Zəhminlə-qəzəbinlə
Çatlat düşmən bağrını!
Əllərinlə dart, qopart
Torpağın sinəsindən
Hər dərdi, hər ağrını!
Çağır-qisasa çağır,
Səslə ərəni-əri -
Azərbaycan əsgəri!
Şəhidlərin yaralı
Ruhu and yerin olsun!
Qələbə əzmin hər an
Ümmandan dərin olsun!
Savaş günü halay vur -
Düzlən dəstə-dəstə sən!
Göyçədə, Zəngəzurda
Üçrəngli bayrağımı
Qaldır başın üstə sən!
Al yağı əllərindən
Neçə kəndi, şəhəri -
Azərbaycan əsgəri!
Dayan düşmən önündə
Yenilməyən dağ kimi!
Yaşa ürəyimizdə
Yurd kimi, torpaq kimi!
Ucalt səsini, ucalt -
El sığınsın adına!
Son qoyaq hünərinlə
Vətənin fəryadına!
Dön işıqlı sabaha,
Yaramızın üstə yax
Sən qələbə soraqlı
Xoş müjdəni, zəfəri -
Azərbaycan əsgəri,
Azərbaycan əsgəri!
1999