Modern.az

Moskvada Azərbaycana dəstək aksiyası oldu

Moskvada Azərbaycana dəstək aksiyası oldu

15 İyul 2020, 20:43

Cari ilin 15 iyul tarixində Rusiyada yaşayan bir qrup soydaşımız son günlər Ermənistan-Azərbaycan sərhədində baş vermiş məlum silahlı toqquşma ilə bağlı Azərbaycan dövlətinə və ordusuna öz dəstəyini bildirmək məqsədi ilə Səfirliyin binasının önünə gəliblər.

Azərbaycanın Rusiyadakı səfirliyindən Modern.az-a verilən məlumata görə, Moskva şəhərinin müvafiq qurumları ilə razılaşdırılmayan və pandemiya vaxtı baş tutmuş toplantıya Səfir Polad Bülbüloğlunun xahişi ilə yerli hüquq-mühafizə orqanları müdaxilə etməmiş və yığışan şəxslərin öz mövqelərini bildirmək üçün imkan yaradılıb.

Səfir Polad Bülbüloğlu həmyerlilərimizlə görüşüb. O,  öncə soydaşlarımıza göstərdikləri vətənpərvərlik və dəstəyə görə təşəkkürünü bildirib. Həmçinin, qeyd edib ki, son günlər Rusiyada yaşayan azərbaycanlılardan Səfirliyə çoxlu sayda müraciətlər daxil olur. Onların hər birində həmyerlilərimiz ordu sıralarına qatılmağa və müharibəyə hazır olduqlarını bildirirlər. Polad Bülbüloğlu bu haqda ölkəmizin müvafiq qurumlarına məlumat verdiyini diqqətə çatdırıb.

Səfir mövcud vəziyyətdən söz açaraq, Türkiyənin dəstəyini və Rusiya ilə münasibətlərin ölkəmiz üçün əhəmiyyətini önə çəkib. Səfirliyin önünə gələnlərin çoxunun Rusiya vətəndaşları olduqlarını, burada işlədiklərini qeyd edərək, Rusiya ilə Azərbaycanı birləşdirən tarixi əlaqələr haqqında danışan Polad Bülbüloğlu, bu dövlətlə mövcud olan dostluq və işgüzar münasibətləri qoruyub saxlamaq və daha da inkişaf etdirməyin vacibliyinə dair fikirlərini bölüşüb.

Azərbaycanın haqlı tərəf olduğunu, dünya birliyinin, beynəlxalq hüququn dövlətimizin tərəfində çıxış etdiyini deyərək, sonunda qələbənin bizimlə olacağını vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK İddia: Göyçə boşaldılır - Kəlbəcərdən ordu girir