Arxiv
5 Avqust 2020, 11:26 | PARLAMENT
Komitə sədri iqtisadiyyatdakı azalmalardan DANIŞDI: “Kifayət qədər ehtiyatlı olmalıyıq”

“Koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyib, ölkəmizin xarici valyuta daxilolmalarının kəskin azalmasına və tədiyə balansının pisləşməsinə səbəb olub. Cari ilin mart ayından başlayaraq COVID-19 infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi və sosial təcrid tədbirləri ölkədə işgüzar fəallığın və artım sürətinin zəifləməsinə səbəb olub. İqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərib”.

Modern.az-ın xəbərinə görə, bunu Milli Məclisin növbədənkənar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili 2020-ci ilin dövlət büdcəsinə dəyişiklik layihəsi barədə danışarkən deyib.

Komitə sədri bildirib ki, ölkədə iqtisadi aktivliyin zəifləməsi nəticəsində qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması dövlət büdcəsinin icrasında ahəngdarlığın, habelə onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsini yaradıb.

“Belə ki, cari ilin ilk altı ayında ötən ilin eyni dövrü ilə müqayisədə ümumi daxili məhsulun həcmi real ifadədə 2,7 faiz, o cümlədən qeyri neft-qaz ümumi daxili məhsulun həcmi 2,5 faiz, əsas kapitala yönəldilmiş vəsaitin həcmi 2,7 faiz, o cümlədən qeyri neft–qaz sektoru üzrə 15,5 faiz azalıb. Kənd təsərrüfatı, informasiya və rabitə sahələri istisna olmaqla, ümumi daxili məhsulun strukturuna daxil olan digər sahələr üzrə azalma müşahidə olunub”.

Modern.az saytı komitə sədrinin çıxışının tam mətnini təqdim edir:

- Hörmətli sədr!  Hörmətli həmkarlar!  Hörmətli hökumət üzvləri! 

Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən “Büdcə sistemi haqqında” Qanununun 23-cü maddəsinə müvafiq olaraq “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə Qanun layihəsi ilə birlikdə 2020-cu il üçün Dövlət Sosial Müdafiə Fondunun büdcəsi və İşsizlikdən sığorta fondunun büdcəsi haqqında Qanunlara dəyişikliklər edilməsi barədə Qanun layihələri Milli Məclisə təqdim olunmuşdur.  İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında hər 3 qanun layihəsi geniş müzakirə olunmuş və bu günkü plenar iclasda müzakirə üçün tövsiyyə olunmuşdur.  Əvvəlcə onu qeyd etmək istərdim ki, adı çəkilən qanun layihələri qəbul olunarkən 2020ci il üçün proqnozlaşdırılan iqtisadi şərait bü günkü reallıqlardan xeyli fərqlənmişdir. Belə ki, layihələrin qəbulu zamanı 2020-ci ildə ÜDM-in 3%, qeyri-neft sektorunun 3.8% artacağı, neftin orta illik qiymətinin 60-65 dollar olacağı, ixracın 3.8%, idxalın isə 1.5% artacağı proqnozlaşdırılmışdı. 2020-ci ilin ilk 2 ayının göstəriciləri, xüsusilə də bu dövrdə ÜDM-in 3%, qeyri-neft sektorunun 11% artması pronozların özünü doğruldacağını deməyə əsas verirdi.   Lakin 2020-ci ildə yeni növ koronavirus infeksiyasının (COVİD-19) dünyada sürətlə yayılması insanların ənənəvi həyat tərzini kökündən dəyişmiş, qlobal miqyasda səhiyyə sistemlərinin ağır sınağla üz-üzə qoymuş, qlobal iqtisadiyyatda neqativ meyllərin artmasına və başlıca istehlak tələbin kəskin çökməsinə gətirib çıxarmışdır.  Bununla bağlı cari ilin mart ayından başlayaraq dünya bazarında neftin qiyməti xeyli ucuzlaşmışdır. Beynəlxalq təşkilatlar tərəfindən neftin qiyməti ilə bağlı proqnozlara yenidən baxılaraq 2020- il üçün neftin orta qiymətinn 40-45 dollar arasında olacağı proqnozlaşdırılır.  Beynəlxalq Valyuta Fondu dünya iqtisadiyyatının 3 faiz azalmasına dair cari ilin aprel ayındakı proqnozunu iyun ayında 4,9 faizədək pisləşdirmişdir. Bununla yanaşı, Fond 2021-ci ildə dünya iqtisadiyyatının sürətli bərpa olunması proqnozunu yeniləyərək, daha mülayim artımla əvəzləmişdir. Bu ilin 2-ci rübündə ABŞ iqtisadiyyatı 30%, Avropa Birliyi iqtisadiyyatı 10% azalmış, ölkələrin xarici borcları kəskin artmışdır.  Adı çəkilən proseslər Azərbaycan iqtisadiyyatından da yan keçməmiş, ölkəmizin xarici valyuta daxilolmalarının azalmasına və tədiyə balansının pisləşməsinə səbəb olmuşdur. Bu ilin mart ayından başlayaraq pandemiya ilə bağlı tətbiq edilən karantin rejimi və sosial təcrid tədbirləri ölkədə işgüzar fəallığın zəifləməsinə səbəb olmuş, iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsir göstərmişdir.  Bu iln 6 ayının nəticələrinə görə Azərbaycanda ÜDM 2.7%, qeyri-neft sektoru 2.5%, ixracın həcmi 23%, idxalın həcmi isə 28% azalmışdır. Pandemiyanın bitməsi ilə bağlı qeyrimüəyyənliyin davam etməsi iqtisadiyyatın kiçilməsi üçün ciddi təzyiqlər yaratmaqdadır. Amma bununla yanaşı Kənd təsərrüfatı, qeyri-neft sənayesinin artması, əmək haqı fondunun böyüməsi, orta aylıq əmək haqqının artması, inflyasiyanın minimum həddə cilovlanması yaxşı xəbərlərdəndir.  Bu zəmində qeyri-neft gəlirlərinin azalması və digər maliyyələşmə mənbələrinin daralması dövlət büdcəsinin icrasında ahəngdarlığın, habelə onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsini yaratmışdır. “Büdcə sistemi haqqında” Qanunun 23.3-cü maddəsinə əsasən Dövlət büdcəsinin icrası prosesində büdcənin gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsi yarandıqda may ayının 15-dən tez və oktyabr ayının 15-dən gec olmayaraq cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məsələ qaldırıla bilər.  “Büdcə sistemi haqqında” Qanunun 23.4-cü maddəsinə əsasən dövlət büdcəsinin icrasında ahəngdarlığın, habelə onun gəlirləri və xərcləri arasında tarazlığın pozulması təhlükəsi yarandıqda büdcənin təsdiq olunmuş xərclərinin çatışmayan hissəsinin təmin edilməsi məqsədilə büdcə qaydasının tətbiqinin dayandırılması barədə qanunvericilik təşəbbüsü qaydasında oktyabr ayının 25-dən gec olmayaraq məsələ qaldırıla bilər.  Təqdim edilmiş qanun layihələri və müşayiət edici sənədlər Dövlət Büdcəsi haqqında qanunun tələblərinə cavab verir. Layihələrə Hesablama Palatası tərəfindən rəy alınmışdır. Qısa müddətdə hazırlanan rəy forma və məzmunca səmərəli olmuşdur.  İlin birinci yarımilliyində dövlət büdcəsinin müsbət icrası müşahidə olunsa da, makroiqtisadi vəziyyəti səciyyələndirən göstəricilər ilin ikinci yarısında dövlət büdcəsinin maliyyə təminatı ilə bağlı əhəmiyyətli problemlərin yaranacağını təxmin edir.  Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin təqdim etdiyi proqnoza əsasən “Azəri Layt” markalı xam neftin bir barelinin satış qiyməti büdcədə təsdiq olunmuş 55 ABŞ dolları proqnoza qarşı 35 ABŞ dolları səviyyəsinə endirilir, il üzrə ümumi daxili məhsulun azalması 5,0 faiz təşkil edəcəkdir.  Azərbaycan Respublikasının Prezidentinin Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında ölkənin müdafiə və təhlükəsizliyinin daha da gücləndirilməsi, pandemiyanın diktə etdiyi yeni çağırışlar fonunda səhiyyə sahəsinin artan ehtiyaclarının ödənilməsi, sosial və iqtisadi dəstək tədbirlərinin davam etdirilməsi və digər zəruri dövlət vəzifələrinin maliyyələşdirilməsi ilə əlaqədər olaraq əlavə maliyyə təminatının formalaşdırılması üçün Hökumət qarşısında bir sıra mühüm vəzifələr qoymuşdur. Yeni çağırışlar kontekstində dövlət büdcəsinin xərcləri üzrə əlavə tələbat 1 milyard 372 milyon manat məbləğində qiymətləndirilmişdir.  Beləliklə dövlət büdcəsinin gəlirlərinin azalması, xərclərinin isə əlavə artması nəticəsində 2 milyard 299 milyon manat məbləğində maliyyə təminatı olmayan xərcləri formalaşdırmışdır.  

Dövlət büdcəsi qarşısında duran yeni çağırışların təmin olunması və büdcənin gəlir və xərcləri arasında tarazlığın bərqərar edilməsi məqsədi ilə büdcə qaydasının tətbiqini müvəqqəti dayandırmaqla cari ildə yumşaq kontrsiklik büdcə siyasətinin həyata keçirilməsini zəruri etmişdir. Bununla əlaqədar “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 23cü maddəsinə müvafiq olaraq dövlət və icmal büdcələrinə yenidən baxılması ehtiyacı yaranmışdır.  Təqdim edilmiş layihədə dövlət büdcəsinin qeyri-vergi və rüsum daxilolmalarının 880,0 milyon manat artırılması (bunun 850,0 milyon manatını Dövlət Neft Fondundan əlavə transfert, 30,0 milyon manatını isə sair daxilolmalar təşkil edəcəkdir), dövlət büdcəsinin bir sıra xərclərinin ixtisarı və bəzi xərclər üzrə gözlənilən qənaət nəticəsində 774,0 milyon manat məbləğində qənaət edilən vəsait və dövlət büdcəsinin kəsirinin 645,0 milyon manat məbləğində əlavə artırılması təklif olunmuşdur.  Dövlət büdcəsinə təklif edilən dəyişikliklərə uyğun olaraq dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat (mövcud gəlirdən 10,5 milyon manat az), xərcləri 27 milyard 492 milyon manat (mövcud xərclərdən 598,0 milyon manat çox), dövlət büdcəsinin kəsiri 3 milyard 368 milyon manat (mövcud kəsirdən 608,0 milyon manat çox) təşkil edəcəkdir. Yenilənmiş icmal büdcənin gəlirləri 21 milyard 676 milyon manat (mövcud 27552,0 milyon manat gəlirdən 5876,5 milyon manat az), xərcləri isə 30 milyard 111 milyon manat (mövcud 29 milyard 488 milyon manat xərclərdən 623,0 milyon manat çox), icmal büdcəsinin kəsiri 8 milyard 436 milyon manat (mövcud 1 milyard 936 milyon manat kəsirdən 6 milyard 500 milyon manat çox) təşkil edəcəkdir.  Beləliklə, 2020-ci ildə dürüstləşdirilmiş dövlət büdcəsi gəlirlərinin 12 milyard 200 milyon manatı və ya 50,6 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin (təsdiq olunmuş proqnoza nisbətən 850,0 milyon manat və ya 7,5 faiz çox), 7 milyard 190 milyon manatı və ya 29,8 faizi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların (təsdiq olunmuş proqnoza nisbətən 685,0 milyon manat və ya 8,7 faiz az), 3830,0 milyon manatı və ya 15,9 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların hesabına olacaqdır (təsdiq olunmuş proqnoza nisbətən170,0 milyon manat və ya 4,3 faiz az). 

 

Dövlət büdcəsinin gəlirləri üzrə azalmanın (fiziki şəxslərin gəlir vergisi , mənfəət vergisi, əlavə dəyər vergisi, sadələşdirilmiş vergi, dövlət rüsumu, aksizlər üzrə) əsas səbəbi əmək haqqı fondunun, sahibkarlıq subyektlərinin gəlirlərinin, istehlakın, daxili bazarda neft məhsullarına tələbatın, dövlət rüsumu tutulmalı olan xidmətlərin və hüquqi hərəkətlərin azalması, həmçinin pandemiya ilə bağlı bir sıra vergilər üzrə müvəqqəti güzəştlərin tətbiqi ilə bağlıdır. Xərclərlə əlaqədar qeyd olunmalıdır ki, bütovlükdə əlavə tələb olunan 1 milyard 372 milyon manat zəruri xərclərin aşağıdakı əsas istiqamətlər üzrə istifadəsi təklif olunur: 

- ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması, pandemiyaya qarşı mübarizə ilə bağlı əvvəlcədən proqnozlaşdırılması mümkün olmayan əlavə xərclərin örtülməsi və digər zəruri xərclərin maliyyə təminatı üçün yaradılmış ehtiyat vəsait 465,0 milyon manat;  - səhiyyə sahəsi üzrə əlavə tələbatın ödənilməsi üçün 369,0 milyon manat - pandemiya ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsi üçün 238,0 milyon manat; - iqtisadi dəstək üzrə tədbirlərin maliyyə təminatı, o cümlədən dövlət şirkətlərinə, sahibkarlara maliyyə dəstəyinin davam etdirilməsi üçün 237,0 milyon manat;  - cari ildə bir sıra təşkilatlar üzrə artırılmış əmək haqlarının maliyyə təminatı və vakant vəzifələrin komplektləşdirilməsi üçün 37,3 milyon manat;  - “ASAN xidmət” üzrə elektron hökümətin tətbiqinin maliyyə təminatı (7,0 milyon manat), və s. proqnozlaşdırılır.  2020-ci il yenidən baxılacaq dövlət büdcəsinin xərclərinin 18 milyard 47 milyon manatı və ya 65,6 faizi cari xərclərə yönəldiləcəkdir.  Xərclərin 7 milyard 719 milyon manatı və ya 28,1 faizi əsaslı xərclərə, 1 milyard 726 milyon manatı və ya 6,3 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldiləcəkdir (təsdiq olunmuş proqnoza nisbətən 102,0 milyon manat və ya 5,6 faiz az).  2020-ci il dürüstləşdirilmiş dövlət büdcəsinin yerli gəlirləri 765,0 milyon manat nəzərdə tutulur ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 33,0 milyon manat və ya 4,1 faiz az, xərcləri isə 815,0 milyon manat və ya təsdiq edilmiş göstəriciyə nisbətən 35,0 milyon manat və ya 4,1 faiz azdır.  Azalma yerli xərclərdən maliyyələşən məktəbəqədər təhsil müəssisələrinin (uşaq baxçaları və körpələr evi) fəaliyyətinin dayandırılması nəticəsində bir sıra xərclər üzrə qənaət olunmuş vəsaitin təyinatının dəyişdirilərək digər istiqamətlərə yönəldilməsi ilə bağlıdır. Yenidən baxılacaq dövlət büdcəsinin kəsiri təsdiq edilmiş göstəriciyə nisbətən 608,0 milyon manat artırılaraq 3 milyard 368 milyon manat səviyyədə proqnozlaşdırılır ki, bu da cari ilin sonuna gözlənilən ümumi daxili məhsulun 4,9 faizinə bərabər olacaqdır. Müqayisə üçün qeyd edim ki, BVF-nun tövsiyyələrində indiki şəraitdə büdcə kəsrinin ÜDM-də 10%-ə qədər olması məqbul hesab edilir.  Kəsirin artımı dövlət büdcəsinin 2020-ci il 1 yanvar tarixinə mövcud olan vahid xəzinə hesabının istifadəsi proqnozlaşdırılmamış 455,0 milyon manat məbləğində sərbəst qalığı və 190,0 milyon manat məbləğində qiymətli kağızların yerləşdirilməsindən daxilolmalar hesabına örtüləcəkdir.  Yenidənbaxılmış icmal büdcəsinin gəlirləri təsdiq edilmiş proqnozla müqayisədə 5,7 milyard manat və ya 20,6 faiz azalaraq 21,9 milyard manat, xərcləri 820,0 milyon manat və ya 2,8 faiz artaraq 30,3 milyard manat, icmal büdcənin kəsiri isə 6 milyard 500 milyon manat artaraq 8 milyard 436 milyon manat (ÜDM-in 12,4 faizi) səviyyəsində proqnozlaşdırılır.  

İcmal büdcəyə daxil olan Naxçıvan Muxtar Respublikasının, Dövlət Sosial Müdafiə Fondunun, İşsizlikdən sığorta fondunun və Dövlət Neft Fondunun büdcələrində də müvafiq dəyişikliklər edilmişdir.  Azərbaycan Respublikası Dövlət Neft Fondunun gəlirləri cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 5 milyard 42 milyon manat (40,7 faiz) azalar 7 milyard 343 milyon manat nəzərdə tutulur. Dövlət Neft Fondunun xərcləri 12 milyard 410 milyon manat olmaqla cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 850,0 milyon manat və ya 7,4 faiz çoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 4 milyard 785 milyon manat məbləğində proqnozlaşdırılır ki, bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 41,0 milyon manat və ya 0,8 faiz azdır. Azalma əsasən xərclərin optimallaşdırılması, əmək pensiyalarınn və sosial müavinətlərin hesablanmasında, ödənişində nəzarətin və şəffaflığın daha da artırılması hesabına formalaşmışdır.   Qeyd olunmalıdır ki, cari ilin əvvəlinə Fondun hesabında formalaşan 197,0 milyon manat sərbəst vəsaitin qalığının Fondun gəlirlərinə daxil edilməsi və xərclər üzrə yaranan 41,0 milyon manat qənaət olunmuş vəsait də nəzərə alınmaqla - cəmi 238,0 milyon manat vəsait hesabına dövlət büdcəsindən Fonda ayrılan trasfertin məbləği həmin məbləğ qədər azaldılaraq əvvəldə qeyd olunduğu kimi pandemiya ilə əlaqədar sosial müdafiə və sosial təminat sahələri üzrə maliyyə dəstəyinin davam etdirilməsinə yönəldilir.  İşsizlikdən Sığorta  Fondunun gəlirləri və xərcləri bərabər olmaqla 151,0 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 23,0 milyon manat və ya 18,0 faiz çoxdur. Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri 1,7 milyon manat və ya 0,3 faiz artırılaraq 483,8 milyon manat məbləğinə çatdırılır. Naxçıvan Muxtar Respublikasına dövlət büdcəsindən ayrılan dotasiya 1,7 milyon manat artırılır və 370,6 milyon manat təşkil edəcəkdir. 

Hörmətli həmkarlar! Bildiyiniz kimi 2019-cu büdcə ilindən tətbiqinə başlanılmış büdcə qaydası icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsulla nisbətinin hər il əvvəlki ilin müvafiq göstəricisindən az olmasını tələb edir.  Dürüstləşmə ilə neftin bir barelinin orta illik qiymətinin 35 ABŞ dolları səviyəsində qəbulu nəticəsində büdcə qaydasından kənarlaşmamaq üçün Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləğinin 2,5 milyard manat və həmin məbləğ qədər dövlət büdcəsinin xərcləri azaldılmalıdır. 

 

Məcmu tələbin dövlət xərcləri vasitəsilə müəyyən səviyyədə stimullaşdırılmasına ehtiyac yarandığı bir şəraitdə büdcə qaydasına uyğun olaraq xərclərin və Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin azaldılmasının tətbiqi vəziyyəti daha da mürəkkəbləşdirə, iqtisadiyyatda tənəzül yönlü meyllərin güclənməsinə gətirib çıxara bilər.  Ona görə də 2020-ci il dövlət büdcəsinin qarşısında duran vəzifələrin təxirəsalınmadan yerinə yetirilməsi üçün büdcə qaydasının 2022-ci ilin yanvarın 1-nə kimi tətbiqinin dayandırılması təklif olunmuşdur. 

 

Hörmətli həmkarlar İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin rəyi bundan ibarətdir ki, təklif edilən dəyişikliklər mövcud şəraitinin yaratdığı zərurətdən irəli gəlməklə, qarşıdakı çağırışlara cavab vermək baxımından da məqbul hesab edilə bilər. Bu dəyişikliklər böhran dövründə dövlət büdcəsinin çevikliyini daha da artıracaq, az itki və sürətli bərpa üçün sosial-iqtisadi sahələri lazımı maliyyə mənbələri ilə təmin edəcəkdir. Bütün bunlarla yanaşı hesab edirik ki, bu böhran zamanı üzləşdiyimiz çətinliklər növbəti büdcənin qəbulu zamanı fərqli alətlərdən istifadəni və ya mövcud alətləri daha da təkmilləşdirməyi zəruru edəcəkdir. Belə ki, - Büdcə xərclərinin tərkibində qorunan xərclərin həcminin böyük olması büdcə gəlirlərinin təmin olunmasında daha dayanıqlı mənbələrin tapılmasını zəruri etməkdədir. Bu məqsədlə DNF-nun vəsaitlərini funksiyalarını yenidən baxılmasını məqsədə uyğun hesab edirik. - Büdcə kəsirinin maliyyələşdirilməsi mənbələrindən biri kimi daxili borclanma imkanlarına baxılmasını zəruri hesab edirik. Hazırda daxili borcun həcmi 1.4 mlrd. manat olmaqla ÜDM-in cəmi 2%-ni təşkil edir. Bu həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrlə müqayisədə kifayət qədər aşağı göstəricidir.  - Daxili dövlət borcunun aşağı səviyyəsi qlobal pandemiyadan qaynaqlanan beynəlxalq iqtisadi böhranın milli iqtisadiyyata təsirini yumşaltmaq üçün daxili borc alətlərindən istifadə etməyə şərait yaradır. Daxili borclanmanın artırılması büdcənin maliyyələşdirilmsi ilə yanaşı, qiymətli kağızlar bazarının inkişafını da dəstəkləyə bilərdi. - Büdcə qaydasının dayanması zərurətdən doğsa da, bu qaydaların təkmilləşməsinə və yenisinin qəbul olunmasına ciddi ehtiyac vardır. Büdcə xərclərinə nəzarətdə yeni innovativ və proaktiv üsullardan istifadə edilməsi günün zərurətinə çevrilməkdədir". 
 

Deputat həmkarlarından mövcud reallıqları nəzərə alaraq təqdim olunmuş Qanun layihələrinin qəbul olunmasına səs vermələrini xahiş edib.   


BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Müxalifət niyə birləşə bilmir? – Sabir Rüstəmxanlı səbəbləri AÇIQLADI 19 Sentyabr 2020, 13:50 SOCAR 2035-ci ilə qədər planlarını ELAN ETDİ 19 Sentyabr 2020, 13:41 Paşinyanin arvadı erməni qadınlarını yenidən hərbi təlimə TOPLAYIR 19 Sentyabr 2020, 13:32 Çay haqqında bilmədiklərimiz 19 Sentyabr 2020, 13:25 Bağlanmış bankların əmanətçilərinə qaytarılan MƏBLƏĞ 19 Sentyabr 2020, 13:12 Prokurorluq fəhlənin ölümü ilə bağlı məlumat yaydı 19 Sentyabr 2020, 12:55 Prezident təməlqoyma mərasiminə qatıldı 19 Sentyabr 2020, 12:48 Əmək pensiyaları ilə bağlı hansı dəyişikliklər olacaq?  19 Sentyabr 2020, 12:33 FHN Bakıdakı yanğınla bağlı MƏLUMAT YAYDI 19 Sentyabr 2020, 12:29 Ermənilər “parlamenti” Şuşaya köçürür – YENİ TƏXRİBAT 19 Sentyabr 2020, 12:18 Şimşək çaxacaq, yağış yağacaq – SABAHIN HAVASI 19 Sentyabr 2020, 12:17 Magistraturaya plan yerlərinin 85 faizi dolub 19 Sentyabr 2020, 12:05 Daha bir rayonda qazlaşdırma 100%-ə çatdırıldı 19 Sentyabr 2020, 12:03 Gürcüstanda virusa yoluxanların sayı yeni REKORD VURDU 19 Sentyabr 2020, 11:51 İxtisas seçimi edən abituriyentlərin sayı AÇIQLANDI 19 Sentyabr 2020, 11:48 Ermənistanda koronavirusa yoluxanların sayı 50 minə YAXINLAŞIR 19 Sentyabr 2020, 11:42 “Əlilliyin müəyyən olunması meyarları” layihəsi Nazirlər Kabinetinə təqdim edilib 19 Sentyabr 2020, 11:39 Ərini bıçaqlayan qadına cinayət işi açıldı 19 Sentyabr 2020, 11:30 Etibar Əliyev: “Bəzən sosial şəbəkələr söyüşün simvoluna çevrilir” – MÜSAHİBƏ 19 Sentyabr 2020, 11:28 Zakir Həsənov COVID-19-la bağlı generallara TAPŞIRIQ VERDİ 19 Sentyabr 2020, 11:24 DTX-dan “Rusiyaya xidmət edən azərbaycanlıların siyahı”sına REAKSİYA 19 Sentyabr 2020, 11:13 Bir şəklin tarixçəsi: Rəsul Quliyev erməni spikerlə hansı razılıq əldə etmişdi? 19 Sentyabr 2020, 11:01 Naqif Həmzəyev seçiciləri qəbul edib - FOTOLAR 19 Sentyabr 2020, 11:00 "Telegram"ın işində qüsurlar yaranıb 19 Sentyabr 2020, 10:44 ABŞ qoşunları Yaxın Şərqi tərk edir 19 Sentyabr 2020, 10:26 Azərbaycan bostan bitkilərini ən çox bu ölkələrə satır 19 Sentyabr 2020, 10:16 SOCAR-dan Aİ-92 benzini ilə bağlı AÇIQLAMA 19 Sentyabr 2020, 09:54 Cəbhədə GƏRGİNLİK - Ermənilər Tovuzu snayper atəşinə tutdu 19 Sentyabr 2020, 09:31 Ali Məhkəmənin ən yaşlı üzvü vəfat etdi   19 Sentyabr 2020, 09:15 Millət vəkili Ağdaş rayonuna səfər etdi 19 Sentyabr 2020, 09:08 Qvatemala prezidenti koronavirusa yoluxub 19 Sentyabr 2020, 09:00 2022-ci il dünya çempionatının formatı dəyişdirilə bilər 19 Sentyabr 2020, 00:53 ABŞ hərbçiləri Fars körfəzinə daxil oldu 19 Sentyabr 2020, 00:34 Bakıda 33 yaşlı kişi intihar cəhd etdi 19 Sentyabr 2020, 00:17 Paytaxtda daha 2 gün ictimai nəqliyyat işləməyəcək 19 Sentyabr 2020, 00:02