Modern.az

Ziyafət Əsgərov: “Türkiyədəki görüşlərdən qürurla ayrıldım”

Ziyafət Əsgərov: “Türkiyədəki görüşlərdən qürurla ayrıldım”

Parlament

15 Sentyabr 2020, 11:50

Sentyabrın 10-da Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti ilk rəsmi səfərini Türkiyə Respublikasına edib. Bu, parlament sədri kimi Sahibə Qafarovanın ilk xarici səfəri idi.

 

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Türkiyə ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanov, komitə sədri Ziyafət Əsgərov, deputatlardan Sevil Mikayılova, Fazil Mustafa, Elşən Musayev, Tural Gəncəliyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxil edilmişdi.  Səfər zamanı nümayəndə heyətinin üzvləri Türkiyə Böyük Millət Məclisində parlamentin fəaliyyəti, qanun yaradıcılığı prosesi ilə yaxından tanış olaraq, türkiyəli həmkarları ilə fikir mübadiləsi aparıblar. Milli Məclisin Sədri Sahibə Qafarova Türkiyə  prezidenti Rəcəb Tayib Ərdoğanla, Türkiyə Böyük Millət Məclisinin Sədri cənab Mustafa Şentopla və digər rəsmilərlə görüşüb.

 

Türkiyəyə rəsmi səfər zamanı nümayəndə heyətinin üzvü, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov səfərlə bağlı təəssüratlarını Modern.az-a danışıb.

 

Komitə sədri bildirib ki, prezident və parlament seçkilərindən sonra ilk səfərlərin Azərbaycan və Türkiyəyə edilməsi artıq  ənənə halını alıb:

 

“Türkiyə  prezidenti və  TBMM-in sədri  seçiləndə ilk səfəri Azərbaycana edirlər. Azərbaycanda da yenidən prezident  və parlament sədri  seçiləndə  ilk səfərlərini Türkiyəyə  edirlər. Düşünürəm ki, bu, hər şeydən öncə qardaşlıq ənənəsidir. Cənab prezidentin də dediyi kimi dünyada ikinci belə dövlət yoxdur ki, bu dərəcədə yaxınlıq  və qardaşlıq bağlarına malik olsunlar”.

 

Ziyafət Əsgərovun sözlərinə görə, səfər boyunca həmişə olduğu kimi hər bir görüş yüksək səviyyədə keçirilib:

 

“Hörmətli sədrimiz Sahibə Qafarovanın rəhbərliyi altında Türkiyəyə səfərimiz çox yüksək səviyyədə keçdi. Möhtərəm Rəcəb Tayib Ərdoğan və TBMM-in sədri Mustafa Şentopla, eləcə də, deputatlarla görüşlərində Azərbaycan-Türkiyə əlaqələrinin inkişafı, yaxınlığı müzakirə olundu.  Sahibə xanımın həm prezident, həm parlament sədri, həm də digər rəsmi şəxslərlə görüşlərinin fəlsəfəsində bir məsələ dayanırdı. Bir millət, iki dövlət!. Türkiyə rəsmiləri möhtərəm İlham Əliyev cənablarının Türkiyə ilə bağlı qardaşlıq hisslərini, sevgisini, son bəyanatlarını dilə gətirərək bu dostluqdan, yaxınlıqdan qürur duyduqlarını qeyd edirdilər. “Azərbaycan bizim qardaşımızdır. Azərbaycandan başqa bəyanat gözləyə bilməzdik. Azərbaycan hər zaman yanımızda olub və biz də hər zaman Azərbaycanın yanındayıq”-dedilər. Cənab prezidentimizə Türkiyədə dərin sevginin bir daha şahidi oldum. Açığı,  görüşlərdən qürurla ayrıldım”.

 

Parlamentari Türkiyəyə edilən səfərin rəsmi olmaqla yanaşı, həm də  qardaşlıq səfəri olduğunu bir daha vurğulayıb:

 

“Ulu öndər Heydər Əliyev Türkiyə-Azərbaycan münasibətlərinin möhürünü bir kəlmə ilə çox doğru vurub.  Bir millət iki dövlət. Təsəvvür edin, hər səfərdə bu kəlmələr səslənir. Bu kəlmə böyük qardaşlıq ideologiyasıdır. Eyni zamanda, Sahibə xanım çox böyük uğurla  Azərbaycanı, Azərbaycan parlamentini  təmsil etdi. Həm Sahibə xanımı, həm də bütün nümayəndə heyətini təbrik edirəm”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır