Modern.az

Beynəlxalq hüquqa hörmət dünya çapında islahatlar tələb edir - Ülvi Quliyev

Beynəlxalq hüquqa hörmət dünya çapında islahatlar tələb edir - Ülvi Quliyev

22 Sentyabr 2020, 17:51

Sentyabrın 21-də BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli iclasda Prezident cənab İlham Əliyev həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi tarixi bir çıxışa imza atdı, bəşəri problemlərlə, ümummilli məsələlərimizlə bağlı prinsipial baxışlarını dünya dövlətlərinin diqqətinə çatdırdı.

 

Cənab Prezident Qoşulmama Hərəkatının sədri qismində bu təşkilatda birləşən 120 dövlətin adından dünya birliyini, eləcə də cəmiyyətimizi narahat edən regional və qlobal xarakterli problem və məsələləri, yeni təhlükəli çağırışları açıq şəkildə ifadə etdi. Prezidentimiz dünya ölkələrinə çatdırdı ki,bunlarla mübarizə aparmaq, qarşısını sivil qaydada alıb həll edə bilmək üçün BMT Nizamnaməsinin və beynəlxalq hüququn prinsiplərinə hər bir dövlət dönmədən əməl etməlidir. Ölkə başçımız dünya ictimaiyyətinin haqlı tələbini də səsləndirib bildirdi ki: “bunun üçün beynəlxalq ictimaiyyət tərəfindən müvafiq öhdəlik yenidən nümayiş etdirilməlidir”. Yəni,dünya birliyi nəhayət əmin olmaq istəyir ki,bundan sonra bütün dövlətlər istisnasız şəkildə beynəlxalq hüquqa,qoşulduqları  konvensiyalara, üzərlərinə götürdükləri öhdəliklərə sözsüz əməl edəcəklər. Əksər cəmiyyətlərin,xüsusən də bizim eşitmək istədiyimiz çağırışı, haqlı tələblərimizi Yüksək Səviyyəli iclasda məhz cənab Prezident səsləndirdi: “Bu gün dünyanın hər zaman olduğundan daha çox beynəlxalq hüquqa hörmətə və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyacı var”.

 

 

Son 27 ildə cəmiyyətimizin də gözləntisi ondan ibarətdir ki, BMT kimi nüfuzlu bir təşkilatın Qarabağla bağlı qətnamələri yalnız kağız üzərində qalmasın, işğalçı Ermənistan və ya onun kimi bir başqası beynəlxalq hüquqa hörmətsiz yanaşmağa cürət etməsin. Dünya birliyinin elə qlobal təsisatları,hüquqi mexanizmləri yaradılsın ki, Ermənistan kimi qanunlara məhəl qoymayanlar dünya ictimaiyyətinin özü tərəfindən sərt şəkildə cəzalandırılsın, hüquq normalarını icra etməyə sivil qaydada məcbur edilsin. Təcavüzkar və işğalçı ölkələr danışıqlar masasında beynəlxalq prinsipləri manipulyasiya etməyə cürət göstərməsinlər, ən başlıcası, onlara belə fürsət verilməsin. Bütün bunları mümkün edə bilmək üçün Prezidentimiz öz çıxışında “BMT Təhlükəsizlik Şurasında islahatların aparılması” ilə bağlı ciddi bir çağırış etdi.

 

Cənab Prezident daha sonra çıxışını Azərbaycan dövləti adından davam etdirərək bu çağırışın kökündə dayanan səbəbləri,ilk növbədə, xalqımızın haqlı etiraz və tələblərini məhz belə möhtəbər məkanda açıq şəkildə dünya birliyinə çatdırdı:

 

 “Bütün üzv dövlətlər BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini götürmüşlər. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozmuş və Azərbaycana qarşı hərbi güc tətbiq etmişdir. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal etmişdir. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından tam, dərhal, qeyd-şərtsiz çıxarılmasını tələb edir. Təəssüflər olsun ki, Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir”.

 

Prezidentimizin bu çıxışı bir daha təsdiq etdi ki, o, öz xalqına dediyi fikirləri BMT-nin Yüksək Səviyyəli iclasında belə,eynilə,lakin daha sərt şəkildə ona görə səsləndirə bilir ki, arxasında Azərbaycan xalqının iradəsi dayanır. Ən əsası, Prezidentimiz təkcə dövlət başçısı kimi deyil, həm də bir azərbaycanlı kimi öz xalqı ilə eyni hiss və arzuları yaşayır, eyni ali məqsədləri bölüşür: müstəqil, suveren, ərazi bütövlüyü bərpa olunmuş, daha firəvan Azərbaycan dövlətini təmsil etmək.

 

Cənab Prezident məhz bu ali məqsəd və ümummilli dəyərlərimiz naminə Xalqımızın və Dövlətimizin yekdil iradəsini, haqlı tələbini BMT-nin Yüksək Səviyyəli iclasında, mötəbər bir auditoriyada dünya birliyinə qəti şəkildə bəyan etdi: “Ermənistan-Azərbaycan münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməlidir”.

 

Beynəlxalq hüquq və tarixi ədalət xalqımızın tərəfindədir. Bu ali tədbirdə dünya dövlətləri də əmin oldular ki, Azərbaycan öz haqqına yetişmək üçün yekdil xalq və Prezident iradəsinə, sarsılmaz qətiyyətə sahibdir. Görünən bir də odur ki, beynəlxalq ictimai rəy get-gedə daha çox haqlı olanın-Azərbaycanın tərəfindədir. Bütün bunlar o əminliyə zəmin yaradır ki, torpaqlarımızı işğaldan, xalqımızı Qarabağ intizarından qurtarmaq zamanı yetişib. Xalqımıza, Prezidentimizə, Milli Ordumuza və eyni soydan olan Qardaşımıza güvənməliyik. Məqsədimizə çatmaq üçün getməli olduğumuz yeganə düzgün yol artıq seçdiyimiz elə bu yoldur.

 

Milli Məclisin deputatı 

Ülvi Quliyev 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...