Modern.az

Sabiq xarici işlər naziri: “Ermənistana heç bir dəstək yoxdur, Azərbaycan dövləti öz ərazisində istədiyini edə bilər”

Sabiq xarici işlər naziri: “Ermənistana heç bir dəstək yoxdur, Azərbaycan dövləti öz ərazisində istədiyini edə bilər”

30 Sentyabr 2020, 16:16

“Dünya birliyi tərəfindən Azərbaycana döyüşləri dayandırmaq haqqında edilən müraciətlər ümumi məzmunludur, formal xarakter daşıyır”.  


Bu sözləri Modern.az-a Qarabağ bölgəsində davam edən müharibəyə siyasi reaksiyalardan danışarkən Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib. O bildirib ki, Azərbaycanın deyiləsi sözləri çoxdur:


“Keçirilən hərbi əməliyyatlar da Azərbaycanın bir diplomatik cavabıdır. Danışıqları qrafik üstündə qurmamışıq. Məsələn, “X” günü hansısa sənədə imza atılandan sonra işğalçı qüvvələr ərazidən çıxarılır.  “X15”ci gün onların çıxmağı yekunlaşır və “X25”ci gün əhalinin öz doğma torpaqlarına qayıtması başlayır. Qrafik çox sadə və praktik məsələdir. Bəyanat isə müraciətlərə cavab kimidir. Əgər danışıqların bərpa edilməsini istəyirlərsə, qrafik şəklində tərtib olunmuş bir sənəd və zəmanət versinlər ki, ermənilər buna əməl edəcək. Onda biz atəşkəsə razı olarıq. Bu zəmanətin əsasında güc tətbiq etmədən, qan tökmədən işğal olunmuş ərazilərdən çıxsınlar. Çox sadə bir məntiqdir. Hesab edirəm ki, biz bu üslubu və yanaşmanı rəsmi şəkildə təbliğ etməliyik”.


Hazırda Ermənistana siyasi dəstəyin hansı səviyyədə olduğuna gəlincə, sabiq nazir düşünür ki, onlara heç bir dəstək yoxdur:


“Vəziyyət onu göstərir ki, gələcəkdə ermənilərə dəstəyin edilməsi də çətin məsələdir. Onlar artıq bunu etiraf edirlər. Azərbaycan dövləti öz ərazisində istədiyini edə bilər. Burda heç bir təhlükə olmadığından müraciət etməyə əsas da yoxdur. Ermənilərin qonşu ölkənin torpaqlarını işğal etmə siyasəti və sonra yaranan pis nəticələrdən qurtulmağa çalışması məntiqə sığmazdır. Hər kəs onlara eyni sözü deyir: “Əraziləri tərk edin!”. Mən inanmıram ki, kimsə indiki vəziyyətdə bu məsələdə iştirak etməyə həvəsli olsun.  Artıq görünür ki, hansısa mövqelərin üst-üstə gəlməsi mövcuddur”.


Sabiq nazir hesab edir ki, danışıqların nəticə verməsi indi aktual deyil:


“Mənim fikrimcə, gələcəkdə də bu hal dəyişməyəcək. Onlar yenə bu işğalçı siyasətə davam edəcəklər. Ona görə də, mənim təklif etdiyim qrafik şəkli uyğundur. Cənab prezident ona işarə versə, vasitəçilər fəaliyyət göstərməli və bunu təqdim etməli olacaqlar.

Bundan sonrakı proseslər, Minsk qrupunun fəaliyyəti artıq texniki və ikinci dərəcəli məsələdir. Bəhs etdiyim yanaşma isə bir nömrəli məsələdir. Format istənilən şəkildə ola bilər, amma Azərbaycan xalqının qəbul eləmədiyi hansısa qərarı güclə qəbul etdirə bilməzlər. İşğal olunmuş ərazilərdən işğalçıların çıxarılması təqvimi - biz bunu gözləyirik. Bunun əvəzində atəşkəsə riayət edəcəyik”.


Aysel Aslan

Fidan Əli

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır