Modern.az

Prezident bizə informasiya müharibəsində də uğurlar qazandırdı - EKSPERTLƏR

Prezident bizə informasiya müharibəsində də uğurlar qazandırdı - EKSPERTLƏR

Media

26 Oktyabr 2020, 16:46

Hazırda davam edən Qarabağ savaşında önəmli məsələlərdən biri də informasiya müharibəsini məqsədəuyğun aparmaqdır. Bəs Azərbaycan xalqı bu müharibədə necə iştirak edir?

Mövzu ilə bağlı Modern.az-a danışan ekspertlər bildiriblər ki, informasiya müharibəsi ən azı cəbhədə gedən döyüşlər qədər vacib məsələdir.


Politoloq Qabil Hüseynlinin sözlərinə görə, informasiya müharibəsində liderlik cənab İlham Əliyevə məxsusdur:


“İnformasiya müharibəsi heç də hərbi sahədə aparılan müharibələrdən geridə qalmır. Bəlkə də bəzi məqamlarda daha çox əhəmiyyət kəsb edir. Bu məsələdə sözsüz ki, liderlik ölkənin prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə aiddir. Bir neçə dildə danışa bildiyi üçün dünyanın əksər ölkələrinin aparıcı televiziyalarını, qəzetlərini özünə cəlb edir. İlham Əliyev demək olar ki, hər gün ən azı bir televiziyaya, yaxud qəzetə Ermənistan-Azərbaycan münasibətləri mövzusunda geniş müsahibələr verir. İlham Əliyevin işlək intelektuallığı, hazırcavablığı, mövzuya dərindən vaqif olması müsahibələrində öz sözünü deyir.
 
İlham Əliyev Amerikanın “Fox News” televiziyasına verdiyi müsahibədə jurnalist qəsdən peşə etikasına sığmayan suallar ünvanlayır və tez-tez prezidentin sözünü kəsirdi. Prezidentimiz sualları səbrlə cavablandırır və cavablarıyla bir növ jurnalisti susdururdu.

Cənab prezident və xalqımız sayəsində informasiya müharibəsində böyük uğurlar qazandıq. Bununla yanaşı, informasiya müharibəsi tək adamlıq iş deyil, burada dövlətin digər informasiya strukturları da yaxından iştirak etməlidir. Prezidentin köməkçisi cənab Hikmət Hacıyev informasiya müharibəsinə ciddi yanaşıb, dünya ictimai rəyinə təsir etməyə çalışır. Jurnalistlərimiz, Prezident Administrasiyasında, sayt və qəzetlərdə çalışan əməkdaşların informasiya müharibəsində xəbərləri doğru və dürüst xalqa çatdırdıqlarını qeyd etmək lazımdır.

Bu, Vətən Müharibəsidi, burada hamının üzərinə məsuliyyət düşür. Tutduğu vəzifədən, mövqeydən asılı olmayaraq əsgərlərimiz döyüş meydanında, millətimiz isə informasiya müharibəsində xalqa yardım etməlidir. Hökumət üzvləri, nazirlər, uyğun idarələrin başçıları və politoloqlar bu problemlərin həm dünyaya çatdırılmasında, həm də daxili ictimai rəyinin formalaşmasında böyük rol oynamalıdırlar. İnformasiya müharibəsində geri qalmamaq üçün bütün zehni, intelektual potensialı bu istiqamətə yönəlməli və məqsədəuyğun hərəkət edilməlidir. Təsdiq olunmamış informasiyaların yayılması uğurlu siyasətimizə ziyan vurur. Dünya informasiya müharibəsində də bəzi məqamlarda kölgə salır. Cəbhədən verilən məlumatlar yalnız rəsmi informasiyalara söykənməlidir. Müdafiə Nazirliyinin mətbuat xidməti bununla bağlı gecə-gündüz iş aparır”.


Milli Məclisin Təhlükəsizlik və Müdafiə komitəsinin üzvü Aydın Mirzəzadə qeyd edib ki, jurnalistlərimizin fəaliyyətini yüksək qiymətləndirir:


“Bugün hərbi əməliyyatlarla yanaşı, informasiya müharibəsi də aparılır. Bununla bağlı hər bir vətəndaşın yüksək hazırlığı arzuolunan amildir. Qürurla demək olar ki, xalqımız günün tələblərinə cavab verir. Əlbəttə ki, beynəlxalq aləmdə də mübarizə gedir. Hesab edirəm ki, Azərbaycan daxilində internetdən istifadənin məhdudlaşdırılması saxta məlumatların yayılmasının qarşısını xeyli dərəcədə alır.

İnternet üzərindən gedən müharibədə jurnalistlərimizin fəaliyyətini yüksək qiymətləndirirəm. Həm telekanallarda, həm də internet resurslarında Azərbaycan həqiqətlərinin yayılmasında böyük rol oynayırlar. Yayılan “fake” xəbərlərə bizim ən təsirli cavabımız torpaqlarımızın işğaldan azad edilməsidir. Ölkə daxilində milli birliyin olması, xaricdə yaşayan həmyerlilərimizin Azərbaycanla bağlı həmrəyliyini göstərməsi, xarici KİV-lərdə çıxışlar edilməsi göstərir ki, Azərbaycan həqiqətləri artıq dünyada öz yerini tutmağa başlayıb”.



Fidan İlqarqızı

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!