Modern.az

İqtisadçı: “Problemli kreditlər artır, bunun köklü həlli lazımdır”

İqtisadçı: “Problemli kreditlər artır, bunun köklü həlli lazımdır”

29 Oktyabr 2020, 15:44

"Problemli kreditlərin həcmində artım müşahidə olunur. Çox güman ki, ilin sonuna qədər bu artım daha da çoxalacaq”.

Bu sözləri Modern.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli əhalinin kreditləri haqqında danışarkən deyib:

“Zamanında kredit məsələsini kökündən həll edəcək qərar verilmədiyi üçün ertələndi. Çox güman ki, noyabr-dekabr aylarında artıq banklar ilin yekunlarına hazırlaşan zaman, rəqəmlər açıqlanarkən görəcəyik ki, problemli kreditlərin həcmində ciddi artım var. Vətəndaşlar tərəfindən problemlər yaşanır, bunun da obyektiv səbəbləri var. Həm pandemiya, həm də iş yerlərinin itirilməsi prosesi əsas səbəblərdir. Bu ilin mart ayının 15-dən xidmət və ticarət sahəsi, qeyri-ərzaq istehsalı sahəsində axsamalar oldu. Ölkənin qapadılması, iqtisadiyyatın zəifləməsi  insanlara çox ciddi mənfi təsir göstərdi. Həm biznes, həm də vətəndaşların ödənişlərində problemlər var”.

İqtisadçı bildirib ki, problemli kreditlərin artması bank sektorunda durğunluğun yaranmasına səbəb ola bilər. Yenidən ödənişlərin uzadılması ilə bağlı qərar verilsə, bu, problemin ertələnməsi demək olacaq:

“Hökumət, Mərkəzi Bank və özəl banklar birlikdə qərar verməlidirlər. Dövlətin iştirakı olmadan bu problemin həlli mümkünsüzdür. Banklar öz güclərinə bu problemi həll edə bilməyəcəklər. Biznes kreditləri və vətəndaşların kreditlərinin bir hissəsinin bağışlanması və ya faiz hesablanmasının tamamilə durdurulması lazımdır. Bu cür radikal qərarların alınmasına ehtiyac var. Ana borcun saxlanılması mümkündür, amma mart ayının 15-dən saxlanılan kredit fazilərinin silinməsi daha yaxşı və daha məntiqli bir qərar ola bilər”.

Mehri QURBAN

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir