Modern.az

Dağların pələngi, şiri Ramidim!

Dağların pələngi, şiri Ramidim!

Mədəni̇yyət

18 Noyabr 2020, 10:04

Alına bilməsi mümkün olmayan Şuşa qalasını əlbəyaxa döyüşlərdə mənfur düşməndən azad edənlərdən biri, ağlasığmaz şücaətlər göstərən qəhrəmanımız – “Qara Yaquar” ləqəbli  Ramid Ağaxan oğlu Musayevi siz də tanıyın. Yardımlı rayon Daşkənd məhəlləsindən olan bu cəngavər döyüşçü  XTD-nin əməkdaşıdır.


Bilənlər bilir ki, Xüsusi Təyinatlı Qüvvələr hərbçilər arasında elit döyüş dəstələri hesab edilirlər. Orada xidmət etmək üçün təşkil olunan 6 aylıq kurslarda şəxsi dözümlülük və cəsarət sınaqdan çıxarılır. Azərbaycanın ən güclü qoşun növü sayılan bu quruma qəbul olunmaq heç də asan başa gəlmir. Bəzi məlumatlara görə, bura gələn 500 nəfərdən kurs sonrası yalnız 30 nəfəri “Qırmızı beret”in sertifikatını ala bilir. Burada kursantlar xüsusi əməliyyat keçirmək üçün ekstrimal şəraitlərə öyrədilir, hətta onlar günlərlə ac və susuz qalır, hər cür ağrıya dözməyi və s. öyrənirlər. Bu qurumun qulluqçuları əsasən zabit və gizir rütbəsi altında fəaliyyət göstərirlər.


Belə sərt sınaqlardan alnıaçıq çıxan Ramid özü təvazökarlıq edib bildirməsə də, komandirinin söylədiyinə görə, Ramid Vətən müharibəsinin aktiv fazası başlayandan işğalda olan ərazilərin azad edilməsində, Şuşa uğrunda əlbəyaxa, döş-döşə döyüşlərdə əsl igidlik göstərib. Uşaqlığı, ilk gənclik illəri doğma Yardımlının daş-kəsəkli gədiklərində, dimdik zirvə yoxuşlarında keçdiyi üçün Qarabağda da qartal dəyanəti ilə seçilib. Qayaları caynağında saxlayıb. Döyüş dostları ilə bərabər Şuşa qalasına qarış-qarış dişiylə, dırnağıyla dırmaşıb, yıxıla-dura yetişib. Dağların pələngi, şiri, şairi, şeiri olduğunu sübuta yetirib. Bu müqəddəs yolda yaralanan silahdaşlarını yerdə qoymayıb, çiynində daşıyıb. Tapança ilə, süngü ilə vuruşub mənfur, kəmfürsət qəsbkarlara qarşı. Yaralansa da, yolundan dönməyib, bir addım belə geri durmayıb və zəfər yürüşünün sonuna varıb. Hazırda yaralı ola-ola xidməti borcunu davam etdirir  “Qara Yaquar”. Onu da, canbir dostlarını da Allah qorusun!


Əli NƏCƏFXANLI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir