Modern.az

İlham Əliyevdən Qarabağ ermənilərinə ÇAĞIRIŞ: “...gün gələcək başa düşəcəklər ki...”

İlham Əliyevdən Qarabağ ermənilərinə ÇAĞIRIŞ: “...gün gələcək başa düşəcəklər ki...”

20 Noyabr 2020, 12:39

“Biz onların şəhərlərini dağıtmamışıq, halbuki dağıda bilərdik. Şuşanı götürəndən sonra Xankəndini dağıtmaq nə böyük problem idi. Bir gün ərzində dağıda bilərdik. Biz etdikmi bunu? Yox. Amma onlar nə günə saldılar bizim şəhərlərimizi. Ona görə bizim erməni xalqı ilə problemimiz yoxdur”.

Modern.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Ağdamın işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində bildirib.

“Bir daha demək istəyirəm ki, vahid Azərbaycan dövlətində yaşayan bütün xalqlar bərabər hüquqlara malikdir, o cümlədən erməni xalqı. Azərbaycanda minlərlə erməni yaşayır. Onlara bir söz deyən var ölkəmizdə? Yox. Azərbaycan vətəndaşları kimi normal yaşayırlar. Əminəm, bu gün Dağlıq Qarabağda yaşayan ermənilər də gün gələcək başa düşəcəklər ki, onlar üçün yeganə yol Azərbaycan xalqı ilə yanbayan yaşamaq, qonşuluq şəraitində yaşamaq və bütün bu çirkin əməllərdən əl çəkməkdir”,- İlham Əliyev bildirib.


Prezident rəsmi Yerevanın uydurmalarına da münasibət bildirib:

“O ki qaldı, bu gün Ermənistan tərəfindən növbəti bir uydurmanın ortalığa atılmasına, mən ona da aydınlıq gətirmək istəyirəm. İndi belə bir rəqəm səsləndirirlər ki, guya, Dağlıq Qarabağdan 90 min erməni qaçıb, qaçqın olub. Yalandır. Dağlıq Qarabağ ərazisində və işğal edilmiş bizim torpaqlarda İkinci Qarabağ müharibəsinə qədər maksimum 60-65 min insan yaşayıb. Biz bunu haradan öyrənmişik? Bizdə operativ məlumat var. Bizim o bölgədə bir çox informasiya mənbələrimiz var və bizim uğurlarımızın səbəblərindən biri də məhz bundadır. Biz tam dəqiqliklə bilirdik və bilirik indi orada nə baş verir, onların xunta başçısı harada gizlənir. Yəqin o da bilir ki, biz bilirdik. Ona görə burnunu çıxara bilmirdi küçəyə, bunkerdə otururdu. Bizim məlumatımız var, mənbələrimiz var, peyk görüntüləri var. Ona görə mən tam əminliklə deyirəm ki, Dağlıq Qarabağda, o cümlədən işğal edilmiş torpaqlarda maksimum 65 min insan yaşayıb. Yaxşı, belə olan halda 90 min qaçqın haradan gəldi? Yenə saxtakarlıq, yenə yalan. İndi yenə məliyə-məliyə, sürünə-sürənə onun-bunun ətəyindən yapışacaq ki, mənə kömək edin. “Mənə kömək edin” onların ideologiyasının əsas prinsipidir. Bu ideologiya ilə hansı xalq inkişaf edə bilər? Ancaq kimdənsə, nə isə gözləmək, ummaq və ondan sonra küsmək, incimək, tələb irəli sürmək kimə xeyir gətirib bu günə qədər?

Biz qaçqınların sayı ilə bağlı bu yalanları ifşa edəcəyik və əgər bu qaçqınlar olubsa, o, bizim günahımız deyil. Çünki biz mülki əhaliyə qarşı vuruşmamışıq. Onlar mülki əhaliyə qarşı vuruşublar”.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu