Arxiv
4 Dekabr 2020, 11:42 | AKTUAL
Maska, yoxsa yaşmaq?

Nə  vaxtsa səslənəcək “Koronavirusa vida” şərqisi üçün


“Avropada koronavirus hər 17 saniyədə bir nəfəri öldürür”. Bu sətir  internet saytlarında, mətbuat səhifələrində tirajlanır, radio-televiziya  efirlərində də təsdiqlənib səslənirdi.  Təqvimdə isə    26.11.2020-ci ildi. Sonrakı günlərdə bu yöndə daha sərt, acınacaqlı rəqəmlər sadalandı. Amansız bəlaya yoluxanların, virusa mübtəla olub dünyasını dəyişənlərin sayı dalğa-dalğa daha da çoxaldı.  Amma insanlar üçün belə məlumatlar daha elə də qəfil deyil. Artıq neçə aydır ki, planetimizin sakinləri bu tərzdə üzücü xəbərləri hər gün həm yazılı mətnlərdən oxuyur, radio dalğalarından dinləyir, əlavə olaraq həm də tele təsvirlərdə bu bəlanın statiskası, yayılma dalğasının sürətini əks etdirən cədvəli görürlər.  Nədir bu  amansız virus?

          
Koronavirus əvvəlki bəlli viruslardan daha müdhişdir. İddia olunur ki, “Corona 19» adlanan bu əzazil, canlı,  təbii deyil.  İblis xislətli nakəslərin yaramazlıqlarının  törəməsidir. Süni qaydada hasilə gətirilib. Onu haradasa,  hansısa mübhəm laboratoriyada bəd niyyətlə yetişdirib, rəzil niyyətlə planetimizin  əhalisini bəlaya salıblar. İlk təməl məkanı dəqiq deyil. Güya birinci olaraq Çində baş qaldırıb, sonradan İtaliyada aşkarlanıb və sürətlə, demək olar bütün qitələrə yayılıb.    

    
Bu nadürüst nə dil bilir, nə dərman. Nə din bilir,  nə fərman. Gözə görünmür, səsi eşidilmir. Hənirtisi yoxdur. Hardan gəlir, necə gəlir duyulmur. Nə ömrə acıyır, nə yaşa. Körpəyə də rəhm etmir, qocaya da. Şəfəqdən də  çəkinmir, zülmətdən də. Nə nəmə fərq qoyur, nə quruya.   Üzür gəlir, qaçır gəlir,  bilinmir. Nə iyi var, nə qoxusu. Qorxu  anlamır,  yalvarış eşitmir. Qoca-cavana, uşaq-qadına baxmır.  Kimsəyə rəhm eləmir. Qanun da tanımır, Tanrı da. Zərrədirmi, mayedirmi, gözə görünmür. Ədəbi də yoxdur, mərifəti də. Ruhdur, ilğımdır, Kabusdur, nədirsə bir bəladır sarınıb   bəşəriyyətə.  Yer  ondan həzərdir, göy  ondan bezar.

    
Bəşər övladı bu dinsiz-imansız gözəgörünməzlə mübarizədə hələ ki, acizdir. Onu məhv etmək, ya da “sağa-sola, qənşərə-arxaya ölümcül qılınc çarpmasının” qarşısını almaq yolunda çox vasitədən istifadə edir. Lakin nə elm, nə təbiət vasitələri  bu bəlanın ləğvinə nail olub.  Odur ki,  bu əcaib virus  öz rəzil, yaramaz  əməlləri ilə “at oynadır”. XX əsrdə Sovetlər Birliyi adlanan nəhəng dövlətin bütün mətbu orqanlarının “kəllə”sində gur səslə hayqırılan, ilk ifadəsi olan “Bütün dünya  proletarları, birləşin!” çağırışına insanlar haqlı olaraq məhəl qoymadı.  Amma bizim günlərdə Yer üzünün bütün sakinləri çağırışsız, şüarsız, bir amal—“Corona-19”u məhv etmək  uğrunda  mübarizədə birləşib.  Həm də müstəsna haldır ki, həmin bəlaya qarşı ümumdünya mübarizəsində dininə, millətinə, irqinə, yaşadığı coğrafi məkana, cinsinə fərq qoymadan  hər kəs yekdil qaydada həmrəydir.  Çarəsizlik ucbatından hamı əlacı Maska taxmaqda görür. Axı, Bəşəriyyət   bu “qansızdan”  hələ yaxa qurtarmayıb.   Sanki insanlar   gözəgörünməz “Corona 19”un həyasızlığı qarşısında mütiləşib.  Ya da təzə gəlin sayaq həyalanıb, ağız-burnuna maska taxıb, “yaşmaq”lanır...      

     
MASKA - bu elə bizim ismətli cuvanəzənlərin ağız-burunlarına çəkdikləri YAŞMAQ deyilmi? Elədir ki, var! Bəli, həmin örtükdür ki, yaşamda tərk etdiyimiz, danışıqda da bir çox sözlər kimi arxaik qəbul edib   dilə gətirməyi yadırğadığmız YAŞMAQdır. Aramızda “Yaşmaq” ifadəsini, yaşmağın özünü də  köhnəlik timsalı sanan, az qala leksikamızdan kənarlaşdırmaq istəyənlər heç də az deyil. Təəssüf!..  Axır illər yaşmaqlanmaq köhnəlik kimi başa düşülür.  Yaşmağın –özü də, sözü də   arxaizmlər  cərgəsinə məhkum edilib.  Bu  amil səbəbindən indi  bəzi “xanımlar” yaşmaqlanmağı qəbahət bilirlər. Üstəlik  bəzənib-düzənmədə ifrata varırlar. Öz ağız-burunlarına tibbi əməliyatla gərəksiz qədər süni “düzəliş” verməklə əndazəni aşırlar. Anlamaq istəmirlər ki, bu tərzdə “bəzənib-düzənmə”  çox adamda ikrah doğurur. Qız-gəlinlərımız onsuz da özündən süslü-gözəldir.    
Milli əxlaq qaydalarımızın bu tərzdə tapdanmasına  dözə bilməyib əndişələnənlər haqlı olaraq gileylənib, dillənirlər: Sevimli qız-gəlinlərimiz, sizlər onsuz da İlahidən verilən qədər, süsən-sünbül sayaq gözəlsiniz! Süni bəzəyi neynirsiniz?   Yaxşı ki, koronavirus   belələrinin süni  ağız-burunlarını aşkara çıxarmasına, maskalanma qaydasiyla qadağa qoyub...

   
Bizdən əvvəlki nəsillər, ağbirçəklərimiz-ağsaqqallarımız yaşam tərzimizdə, xüsusilə ailə davranışında, tərbiyəsində  YAŞMAQlanmağı nəcib  əxlaq təcəssümü kimi qiymətləndirirdilər. Gənc analar, təzə gəlinlər, nişanlı qızlar yaşmaqlanmaqla böyüklərdən, xüsusilə qaynata-qaynanadan abır-həya saxlayırdılar. İşvəli nazənin  gözəllər yaşmaqla  ağız-dodaqlarını naməhrəm   gözlərdən qoruyurdu.   Klassik ədəbiyyatımızda zəriflik, həya-ismət  rəmzi kimi təsvir-təqdim edilirdi Yaşmaq. Bu baxımdan Koronavirus, hər cür yaramazlıqları ilə yanaşı məişətimizdə, yaşam tərzimizdə, həyatımızda unudulmaqda olan “YAŞMAQ” məsələsini önə gətirib.  “YAŞMAĞA” başqa adla yeni həyat verib. Onu arxaiklər dəstəsindən çıxarıb, yeni adla neologizmlər dəstəsinə qaytarıb.   MASKA adıyla Yer kürəsi vətəndaşlarına yeni tərzdə tanıtdırıb. YAŞMAğı beynəlxalq standart etalonu səviyyəsinə qaldırıb. İndi onu dünya ölkələri hamılıqla qəbul eləyir. Həm də heç bir milli, irqi, cinsi müxtəlifliklərə fərq qoymadan. Odur ki, bu gün sosial vəziyyətindən, siyasi mövqeyindən, vəzifə səlahiyyətlərindən asılı olmadan hər kəs bizim nazənin gözəllərin “yaşmağına” bürünür. Hətta heç kimlə  hesablaşmayan, bəzən də Fironluq iddiasında olan ayrı-ayrı prezidentlər də, cocuq məktəblilər də  MASKA taxmağa məhkumdurlar.

          
Bir ilə yaxındır insanlıq qəfil, həm də namərdliklə baş qaldırmış  Corona-19-a qarşı  mübarizə aparır. Hələlik səmərə yoxdur. Çarəmiz koronaya yoluxma sayını minimuma endirmək naminə məsləhət bilinən  mübarizə qaydalarına əməl etməkdir. Tövsiyə olunan üsullar isə çox sadə, hamının bacara bildiyi əməllərdir. Nə qədər  ki, bu müdhiş virusa qarşı əks təsirli vaksinlər icad olunmayıb özümüz fəal olmalıyıq. Gəlin,  qarşılaşanda bir-birimizlə hələlik,  əl-ələ verməyək,  yallı rəqsi ha oynamırıq ki. Sadəcə xoş təbəssümlə kifayətlənək. Həm də bir-birimizdən məsafə saxlayaq.  Maska dediyimiz yaşmağı  təkcə çənəyə yox, qaldırıb burnumuza  da bürüyək. Gigiyena tələbləri sağlamlığımız naminə xüsusilə mühümdür, ona ciddi diqqət yetirməliyik. Alimlər, məşhur tibb mütəxəssisləri bildirirlər ki, bu qaydalara əməl olunsa  gözəgörünməz koronavirus elə gözə görünmədən  qeybə çəkilər.  

     
Məsləhət bilinən çağırışa elliklə qoşulaq. İlk öncə özümüzdən başlayaq. Həm fərdi qaydada, həm də Yer  planeti vətəndaşları ilə birlikdə  elliklə mübarizəyə girişək! Bu yolla özümüzü də, ailəmizi də, həm də ətrafımızdakı  insanları koronavirusa yoluxmadan qorumuş olarıq.  Haydı! Fəal, məsuliyyətli, ardıcıl olaq!


Rafiq HƏSƏNOV,
Ahıl jurnalistlər birliyinin üzvü 
30 noyabr 2020-ci il.    

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Onun üstündən 6 kiloqram narkotik tapıldı 26 Yanvar 2021, 10:13 Yerevan Vardenis-Ağdərə yolundan istifadə üçün Bakıdan İCAZƏ İSTƏYİR 26 Yanvar 2021, 10:12 Oqtay Şirəliyev iclas ÇAĞIRDI 26 Yanvar 2021, 10:08 Dünyanın üç ən zəngin adamı - Onlar istəsələr, hər kəsə COVID-19 vaksini vurmaq olar 26 Yanvar 2021, 10:03 Mehriban Əliyevanın tapşırığı ilə Goranboyda yeni məktəb tikilir - FOTOLAR 26 Yanvar 2021, 10:00 Bayden Trampın impiçmentini DƏSTƏKLƏDİ 26 Yanvar 2021, 09:54 Xaçmazda ikimərtəbəli ev YANDI 26 Yanvar 2021, 09:50 Bu müəllimlər məcburi vaksinasiya olunacaqlar - VİDEO 26 Yanvar 2021, 09:45 Azərbaycan əhalisi ən çox bu xəstəliklərdən əziyyət çəkir 26 Yanvar 2021, 09:40 Ermənilərin təslim olmaq çağırışını rədd edən Daşaltı ŞƏHİDLƏRİ... 26 Yanvar 2021, 09:34 Lavrov və Zərif Qarabağı müzakirə edəcəklər 26 Yanvar 2021, 09:28 Dünənki partlayışda ölən qadının fotosu yayıldı - azyaşlı qızının axtarışları davam edir 26 Yanvar 2021, 09:22 Yazıçılar Birliyi “Nizami Gəncəvi ili” üçün nə edəcək? 26 Yanvar 2021, 09:16 Neft ucuzlaşmaqda davam edir 26 Yanvar 2021, 09:10 Mərkəzi Bankın bu günə olan valyuta məzənnələri 26 Yanvar 2021, 09:05 Hindistanda hərbi helikopter qəzaya düşdü, pilot öldü 26 Yanvar 2021, 09:00 Şuşada Şəhidlər Xiyabanı... 26 Yanvar 2021, 08:55 Kişi arvadı ilə dalaşdı özünü binadan atdı 26 Yanvar 2021, 08:50 “WhatsApp” 30 milyon abunəçisini itirdi 26 Yanvar 2021, 08:42 ABŞ-da 74 yaşlı qadın maliyyə naziri oldu 26 Yanvar 2021, 08:36 Qorxu koronavirusa yoluxma riskini artırır 26 Yanvar 2021, 08:31 Azərbaycanın Avropa Şurasına üzvlüyünün 20 illiyi qeyd olundu - FOTO 26 Yanvar 2021, 08:26 Merkel Baydeni Almaniyaya dəvət etdi 26 Yanvar 2021, 08:20 Koronavirusa yoluxanların sayı 100 milyonu ötdü 26 Yanvar 2021, 01:00 Bayden Trampın bu qərarını ləğv etmədi 26 Yanvar 2021, 00:49 Xırdalanda dağıntılar altından bir nəfərin cəsədi çıxarıldı - VİDEO - YENİLƏNİB 26 Yanvar 2021, 00:35 Partlayışda qonşularına kömək edən şəxsin ayağı sındı   26 Yanvar 2021, 00:29 İcbari Tibbi Sığorta sistemi 2 mərhələdə həyata keçiriləcək 26 Yanvar 2021, 00:17 Teledərslərin bu günə olan CƏDVƏLİ 26 Yanvar 2021, 00:01 “Fənərbaxça” 3 xalı 3 qolla qazandı 25 Yanvar 2021, 23:50 Putin prezidentlikdən sonra çalışacağı sahəni açıqladı 25 Yanvar 2021, 23:38 Baş nazir istefa verəcək 25 Yanvar 2021, 23:29 “Türk Hava Yolları” bu ölkəyə uçuşları dayandırdı 25 Yanvar 2021, 23:17 Sumqayıtda maşın piyadanı vurub öldürdü 25 Yanvar 2021, 23:03 Avtobus qəzasında 21 nəfər öldü 25 Yanvar 2021, 22:54