Modern.az

Parlamentdə “Ali təhsil haqqında” qanun layihəsi hazırlanacaq

Parlamentdə “Ali təhsil haqqında” qanun layihəsi hazırlanacaq

18 Yanvar 2021, 15:21

Yanvarın 18-də Milli Məclisin Elm və təhsil komitəsinin  2021-ci ilin yaz  sessiyasında  onlayn  formada ilk  iclası  keçirilib.

 

Bu barədə Modern.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, onlayn iclası açan komitə sədri Bəxtiyar Əliyev  həmkarlarına qarşıdan gələn yaz sessiyasında uğurlar arzulayıb. Komitə sədri bildirib ki, ötən – 2020-ci il xalqımızın tarixinə qızıl hərflərlə yazılıb. Belə ki,  Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qəhrəman Ordumuz torpaqlarımızın ermənilər tərəfindən içğalına  son qoyub,  ölkəmizin  ərazi bütövlüyü  və suverenliyi bərpa  edilib.  Bəxtiyar Əliyev  igid  Azərbaycan övladlarının  şücaəti ilə bağlı  məqamların  dərsliklərə  salınacağını  dilə gətirib.  Şəhidlərə Allahdan rəhmət, qazilərimizə  tezliklə şəfa   arzulayıb.

 

Sonra  komitə  sədri  2020-ci ilin payız sessiyası ərzində görülən işlərin hesabatını  təqdim edib.   Qeyd  olunub ki, hesabat dövründə komitənin 13 iclası keçirilib və 26 məsələ müzakirə  edilib. Bildirilib ki,  “Təhsil haqqında”, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında”, “Bədən tərbiyəsi və idman haqqında”  və digər vacib  sənədlərdə  edilən mühüm  dəyişikliklər  qanunvericiliyin möhkəmləndirilməsində, sözügedən sahələrdə mövcud  olan boşluqların aradan  qaldırılmasında  mühüm rol oynayıb.

 

Bəxtiyar Əliyev hesabat dövründə vətəndaşlardan komitəyə 328 ərizə, məktub və müraciətin daxil olduğunu  bildirib.  Vətəndaşların qeyd  etdiyi   problemlərlə bağlı müraciətlər komitə sədri tərəfindən aidiyyəti qurumlara ünvanlanıb.

 

Sonra  payız sessiyası dövründə komitə üzvlərinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibindəki fəaliyyətindən, beynəlxalq  tədbirlərdə videokonfrans formatında  iştiraklarından  söz açan  komitə sədri, ümumilikdə Milli Məclisin ötən dövr ərzində qarşısında duran vəzifələrin öhdəsindən ləyaqətlə gəldiyini vurğulayıb.  

 

Bəxtiyar Əliyev  ötən ilin avqustunda  təhsil naziri Emin Əmrullayevin  iştirakı ilə komitə üzvlərinin videoformatda   görüşünün  keçirildiyini, COVİD-19 pandemiyası şəraitində təhsil müəssisələrinin fəaliyyətinin bərpasına və yeni dərs ilinə hazırlıqla bağlı  məsələlərin   geniş müzakirə  edildiyini vurğulayıb.

 

Hesabat  məqbul  hesab edilib.

 

Sonra onlayn iclasda  komitənin  2021-ci il yaz  sessiyasının qanunverilik işləri planı  müzakirə  edilib. Bəxtiyar Əliyev  yaz sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə ətraflı məlumat  verib.  Qeyd  edilib ki, qarşıdakı sessiyada komitədə  “Ali təhsil haqqında”  qanun layihəsi  hazırlanacaq, digər  vacib  qanunlar  üzərində iş  davam  etdiriləcək. Komitənin iş planı yekdilliklə təsdiqlənib.

 

Onlayn iclasda komitə  üzvləri  İsa Həbibbəyli, Musa Qasımlı, Eldar Quliyev, Aqiyə Naxçıvanlı, Kamilə Əliyeva,  Rəfael Hüseynov, Anar İsgəndərov, Tamam Cəfərova, Afət Həsənova, Ceyhun Məmmədov, Fatma Yıldırım, Müşfiq Məmmədli, Pərvin Kərimzadə, Etibar Əliyev,  Ülviyyə Ağayeva və Şahin Seyidzadə iştirak  ediblər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir