Modern.az

Prezident Rusiya sülhməramlılarından nə üçün narazı olduğunu AÇIQLADI

Prezident Rusiya sülhməramlılarından nə üçün narazı olduğunu AÇIQLADI

26 Fevral 2021, 17:46

"Noyabrın 10-dan sonrakı dövrdən prinsip etibarilə məmnunam. Çünki 10 noyabrda imzalanmış Bəyanatda göstərilən əsas məsələlərdən biri Ağdam, Kəlbəcər və Laçın rayonlarının bizə qaytarılması idi və buna biz nail olduq. Dekabrın 1-də bu bölgələr bizə qayıtdı. Eyni zamanda, Bəyanatda göstərilən digər məsələlərlə bağlı, hesab edirəm ki, müsbət addımlar atılır. Bəzi məsələlər təbii olaraq hələ ki icra edilmir. Onlar üçün müəyyən zaman lazımdır. Amma hesab edirəm ki, məsələ prinsip etibarilə müsbət istiqamətdə gedir".

Modern.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında Türkiyənin Anadolu Agentliyinin müvafiq sualına cavabında söyləyib.


Dövlət başçısı vurğulayıb ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyət göstərməsi də bu istiqamətdə atılmış çox önəmli addımdır.

“Mən əminəm ki, bu monitorinq mərkəzi vasitəsilə bölgədə sabitlik və atəşkəs rejiminin möhkəmləndirilməsi işinə böyük töhfə veriləcək. Azərbaycan Prezidenti olaraq bildirmək istəyirəm ki, Azərbaycan tərəfindən hər hansı bir aqressiv addım atılmayacaq. Biz bunu heç vaxt etməmişdik və bu gün buna ehtiyac yoxdur. Ona görə 10 noyabr Bəyanatı prinsip etibarilə icra edilir”.

Bəzi məsələlərin 10 noyabr Bəyanatında öz əksini tapmadığını, amma ondan sonrakı dövrdə razılaşdırıldığını qeyd edən Prezident İlham Əliyev deyib:

“Bu məsələlərin bir qismi icra edilir, bir qismi isə hələ ki icra edilmir. Yenə də deyirəm, bəzi məsələlər var ki, Rusiyanın sülhməramlı qüvvələri bizim ərazimizə xarici vətəndaşların buraxılmasında o qədər də ciddi addımlar atmırlar. Bu, bizi narahat edir və bu narahatlığı da biz Rusiya tərəfinə çatdırırıq. Əminəm ki, vaxt keçdikcə bu məsələlər də tənzimlənəcək”.


Azərbaycan prezidenti xatırladıb ki, 10 noyabrdan sonra bizim bölgəmizdə və bütövlükdə dünyada tam yeni bir vəziyyət yaranıb:

“Biz bir məsələni də unutmamalıyıq ki, 10 noyabrdan sonra bizim bölgəmizdə və bütövlükdə dünyada tam yeni bir vəziyyət yaranıb. Biz bu vəziyyətə uyğunlaşmalıyıq, hər bir ölkə buna öyrəşməlidir. Bu, yeni bir vəziyyətdir, bizim üçün də, qonşu ölkələr üçün də. Burada həm logistik, həm texniki, həm nəqliyyat, eyni zamanda, psixoloji problemlər var”.

İlham Əliyev deyib ki, bəzilərinin gözləntiləri həddindən artıq çoxdur:


“Amma hər şeyin öz vaxtı var, öz yeri var. Biz addım-addım öz hədəfimizə çata bilmişik və mümkün olmayanı 44 gün ərzində reallığa çevirmişik. Bunu bu gün təkcə biz yox, beynəlxalq ekspertlər də deyir. Bizim apardığımız hərbi əməliyyat bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində öyrənilir. Hesab edirəm ki, biz müharibə dövründə və müharibədən sonra mümkün olan maksimum nəticəni əldə etdik və həyat davam edir, həyat yerində durmur, yeni məsələlər ortalığa çıxır”, -deyə dövlət başçısı vurğulayıb.


Azərbaycanın strateji baxışından danışan Prezident İlham Əliyev deyib:

“Biz nə istəyirik, bu günə qədər nə istəmişik, bundan sonra nə istəyirik. Bu arzulara, hədəflərə çatmaq üçün nə etməliyik? Bizdə çox aydın baxış və təsəvvür var. Biz bu ümumi plan çərçivəsində bundan sonra da öz addımlarımızı atacağıq və yeni nailiyyətlər, uğurlar da olacaqdır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır