Arxiv
8 mart 2021, 12:14 | MƏDƏNİYYƏT
Bir ananın monoloqu...

Mən qürurunu, fəxarətini haqsızlığa üsyan edib zülmə boyun əyməyən, son anadək rəşadətlə vuruşaraq həsrətli, hicranlı torpaqlarımıza vüsal, azadlıq toxumu səpən, övladının vüqarından, qəhrəmanlığından alan, Şəhid anası adlı müqəddəs mərama ucalan yüzlərlə azərbaycanlı xanımdan biri-Aytən Eyvazova. Xatirəsi nisgilli, qəmli gözlərimə işıq, nur gətirən, şücaəti, igidliyi pərişan qəlbimə təsəlli, hüzur bəxş edən Vətən oğlundan- son beşiyim İslamdan söhbət açmaq istəyirəm sizlərə. Düşündükcə xəyallar qanad açaraq uzaq keçmişə uçur, illər, fəsillər öncəsinə aparır məni, ailəmizdə yaşanan sevincli-kədərli anlarımız, qayğılı-qayğısız günlərimiz bir-bir gəlib keçir gözlərim önündən...

 

1999-cu il aprelin 7-də 5 nəfərdən ibarət ailəmiz daha da böyüdü, Uca Yaradan sonuncu övlad payı ilə sevinc, xoşbəxtlik gətirdi evimizə. Babasının adını qoyduğumuz üçün ailəmizdə hər kəs onu İslam deyil, Totu çağırardı. Elə körpəlikdən hər şeyə can atmağı, ürəkli, qorxmaz davranışı, şirin-şəkər şıltaqlığı ilə seçilirdi məhəllədəki həmyaşıdlarından. Atası ilə əl-ələ verib çalışdıq, halal zəhmətimizlə böyütdük övladlarımızı, qardaş-bacıları kimi İslam da yıxıla-dura, yaxşı-yaman yaşa doldu.Vaxt-vədə yetişdi, günlərin birində məktəb yaşına çatdı balam, əlindən tutub apardım Naxçıvan şəhərindəki 15 nömrəli tam orta məktəbə. İbtidai sinifdə sakitliyi, mehriban münasibətilə pedaqoji kollektivin hörmətini qazandı, bir müəllimdən şikayət, narazılıq eşitmədik İslam haqda. İkinci sinifdə oxuyanda dedi ki, ana musiqiyə marağım var, istəyirəm piano çalmağı öyrənim. Evimizin son beşiyi olduğu üçün atası da, mən də hər zamankı kimi qəlbinə dəymədik, arzusuna, istəyinə qarşı çıxmadıq. Həm evimizə yaxın olduğu üçün, həm də haqqında yüksək fikirlər eşitdiyimizdən Ərtoğrol Cavid adına Uşaq Musiqi və Bədii Sənətkarlıq Məktəbində piano ixtisasına yazdırdıq adını. Oxudu axıradək məktəbi, səlis ifa etməyi öyrəndi, musiqi alətinin sirlərinə dərindən yiyələndi, təhsilini davam etdirmək üçün şəhadətnamə də aldı. Ancaq bu yolu axıradək getmədi. Sən demə ürəyinin dərinliyində daha böyük arzular yatırmış övladımın. 8-ci sinfi bitirəndə dedi ki, əziz atam və anam, mən Heydər Əliyev adına Hərbi Liseyə sənədlərimi vermək niyyətindəyəm, arzum gələcəyin peşəkar zabiti kimi yetişməkdir, özü də qırmızı papaqlılardan olmaq istəyirəm. Soruşanda ki, ay övlad, qırmızı papaqlı nə deməkdir, dedi ki, bəs xüsusi təyinatlı bölmənin şəxsi heyəti başlarına qırmızı papaq qoyur, mən də orada xidmət keçmək istəyirəm. Ancaq əvvəlcə təhsil almalıyam ki, hərb sənətinə, bu sahəyə daha dərindən bələd olum. Atası da, mən də çətin, məsuliyyətli peşə olduğu üçün əvvəlcə razılıq verməsək də, könlümüzü ələ ala bildi. Ancaq gözündəki zəifliyə görə məktəbə qəbul ola bilmədi...

 

Deyirlər alın yazısından qaçmaq olmur, qismətində varsa, gec-tez çatacaqsan istəyinə. İslam da hərbi liseyə qəbul ola bilməsə də, bu peşəyə yiyələnmək fikrindən qətiyyən əl çəkmədi, sanki tale özü onu bu yola getməyə sövq edirdi. Belə ki, 2019-cu ildə hərbi xidməti bitirən kimi sənədlərini hazırlayıb hərbiyə yollandı, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının kursuna yazıldı. Mən də həmin dövrdə hərbidə işlədiyim üçün vaxtaşırı görürdüm övladımı, vəziyyəti ilə yaxından maraqlanırdım, elə hey deyirdi ki, ana, mənim ürəyim xüsusi təyinatlı bölmədə xidmət etmək üçün döyünür. Mən də az-çox bu sahədən başım çıxdığı üçün o bölmənin necə əzab-əziyyətə qatlaşdığını, xidmətlərinin ağır, məsuliyyətli keçdiyini bilirdim. Ana ürəyidir axı. Qorxurdum ki, başına bir xəta gələr. İstəmirdim, çox əzab-əziyyətə qatlaşsın övladım. İzah edirdim ki, sənin gücün, qüvvətin o qədərinə çatmaz, ay Totu. Amma nə faydası, o inadkar idi, həmişəki kimi dönmədi sözündən, çəkilmədi tutduğu yoldan. Bir neçə gün sonra kurs yoldaşlarından eşitdim ki, yuxarı komandanlıqdan yoxlamaya gəliblər, İslam da könüllü şəkildə cərgənin önünə çıxıb deyib ki, mən xüsusi təyinatlı bölmədə xidmət etmək istəyirəm. Komandir də onun böyük maraq və istəyini görüb, imtahan edib, İslam da sınaqdan uğurla keçərək arzusuna çatıb. O hadisədən bir həftə sonra gəlmişdi mənim xidmət yerimə, gördüm sivrilib qolu. Ürəyim yandı. Dedim, sənin nə canın-cüssən var, ay oğul, gərək getməzdin ora. Elə könüldən söylədi ki, ana, çox xoşuma gəlir bu formanı daşımaqdan, ağrı-acısı da şirindir xidmətin. Ta dinmədim, fikirləşdim ki, özü seçib bu yolu, qismət belə imiş...

 

Sentyabrın 27-si müharibə başlayanda iki ay idi, xidmətdəydi, zəng edəndə, evə gələndə hey deyirdi, bizi də göndərsəydilər döyüşə, gedib o nankorların başını əzərdik. Müharibəyə yollanan gün də gəlmişdi evə. Elə ürəkdən deyib-gülürdü ki, heç qorxu görmədim gözlərində. Yanında bir hərbçi yoldaş da gətirmişdi. Dedim: “Ay bala, Allah amanında, bir-birinizdən muğayət olun.” Dedi: “Ana, narahat olma İslamdan, mərdliyi, şücaəti bölməmizdə hər kəsə bəllidir, cəldliyinə, çevikliyinə, cəsurluğuna görə manqa komandiri veriblər onu, mən də əsgəri olduğum üçün çox sevinirəm.” Günorta saatlarında zəng gəldi telefonuna Totunun, heç nə demədən sağollaşıb, evdən tələm-tələsik çıxdı. Gedəndə qurban da dedim öz əməkhaqqı ilə. Hələ müharibəyə yola düşmədən bir-iki gün qabaq evimizə qapı-pəncərə sifarişi də vermişdi, düzəltdirmək istəyirdi baba ocağını. Elə döyüşdə olanda da hər telefon söhbətində deyirdi ki, ana, maaşımı çək, qurbanı da al, qapı-pəncərənin də pulunu verib götürün. Mən də qıymırdım, deyirdim, qoy sağ-salamat gəlsin, özü ürəyi istəyən kimi edər. Axırıncı dəfə zəng edəndə artıq Şuşa azad olunmuşdu, dedi, atamdan muğayət olun, artıq zəfərimizə az qalır, tezliklə qələbə müjdəsi verəcəyəm hamınıza. Şuşanın azad olunmasını noyabrın 9-da ailəlikcə geniş şəkildə qeyd edən zaman, Böyük Qələbəmizə aparan həmin saatlar sən demə İslamı da öz arzusuna, Şəhidlik məqamına qovuşdururmuş. Şəhadətə yetmə xəbərini isə düz 10 gün sonra eşitdik, yəqin ki, sosial şəbəkədə paylaşılan şəkillərdə də görmüsünüz, övladımı əsl hərbçilərə xas qarşıladım. Ali Baş Komandanın müvafiq sərəncamlarla İslamı “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif etməsi isə bir şəhid anası kimi məni hədsiz qürurlandırdı, nigaran könlümə qismən də olsa rahatlıq gəldi...

 

Əziz övladım, yəqin ki, indi Vətən yolunda canından, qanından keçən 100-lərlə dostunla, sirdaşınla cənnət bağında əyləşib seyr edirsiniz bizləri. Bilirəm, indi atan, qardaş-bacıların, mənim üçün çox darıxırsan, pərişansan, sağlığındakı kimi yenə əhvalımızı, yaşayışımızı düşünürsən. Qətiyyən narahat olma, hamımız yaxşıyıq, hər şey qaydasındadı. Uşaqlıqdan hey deyirdin ki, ata, ana, başınızı daim uca edəcəyəm, Eyvazovlar nəslinə layiq oğul olacağam, uğurlarımla sevindirəcəyəm hər birinizi, işləyib öz məvacibimlə saxlayacam sizi. Əhdinə sadiq qaldın, İslamım. Atam, anam üzülməsin, ürəkləri kövrəlməsin, narahatlıq keçirməsinlər deyib müharibə dövründə döyüş yoldaşlarınla xatirə şəkli belə çəkdirmədiyini də öyrəndik. Demək ki, bu müqəddəs yola çıxanda geri dönməyəcəyini yəqin etmişdin, arzun imiş şəhid olmaq. Mənə ən çox təsir edən sözün isə hərbçi yoldaşlarına: “Mən böyüməkdən deyil, anamın qocalmağından qorxuram”, – deməyin idi. Qorxma, son beşiyim, həsrətin bağrımı yandırıb-yaxsa da, qəhrəmanlığın, dönməzliyin, şərəfli missiyanı ailəmizin adına layiq, uğurla yerinə yetirdiyin üçün fəxr edirəm səninlə, barəndə eşitdiyim qürur dolu sözlərdən qəlbimə su səpilib, toxtağam. Uşaqlıqdan həmişə həmyaşıdların arasında özünü yaxşı tərəfdən, müsbət xüsusiyyətlərinlə tanıtmağa can atırdın. Ən gözəlini, ən alisini bacardın. İndi səni nəinki kəndimizin sakinləri, dost-tanışların, bütün Azərbaycan igid, qəhrəman eloğlu, Vətən, millət təəssübkeşi kimi tanıyır, sevir, milyonların qəlbində yaşayırsan. Oxuduğun 15 nömrəli məktəbdə hər gün müəllimlərin böyük ehtiramla adını anır, uşaqlar səndən vətənpərvərlik nümunəsi götürür, igidliyinlə bağlı qələmə alınan şeirləri sevə-sevə qiraət edir balacalar, küçəmizdən keçənlər üçrəngli sevdalınla bəzənən evimizin kandarında ayaq saxlayır, “Bu ocaqda bir igid yaşayıb, onu yad etməsək olmaz”, – deyib ruhuna dualar oxuyurlar.

 

Totum, qapımızın kandarına bir bulaq çəkdirmək istəyirəm, atanla da danışmışam,  canla-başla razıdır, adını da İslam qoyacağıq. Vətən üçün dolub-daşan o balaca qəlbində qaynayan böyük arzuların qoy suya dönüb axsın könüllərə, təravət gətirsin ürəklərə, aydınlığa çıxarsın evləri-eşikləri, bərəkət bəxş etsin ocaqlara. Aprelin 7-si sən cənnətdə dostlarınla, biz isə ilk dəfə sənsiz qeyd edəcəyik ad gününü, gələcəyik qəbrin üstündə ruhunla görüşə. 22 yaşın tamam olur artıq. Doğru deyiblər ki, övlad nə qədər böyüsə də, valideynin gözündə elə körpə uşaq kimi qalır. Sən də bizim üçün eləsən. Bu 22 il necə gəlib-keçdi, nə zaman böyüdün, yaşa doldun bilmədik, amma balaca ürəyinə dağ boyda vüqarı sığdıra bildin. Bax o xüsusiyyətindir səni fərqli edən, hər kəsə qismət olmayan əvəzolunmaz nemətdir... Anan sənə qurban olsun...

 

Nail ƏSGƏROV

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Milli Məclisin növbəti iclasının vaxtı AÇIQLANDI 23 Aprel 2021, 15:11 Siyavuş Novruzovdan “Mirələmovun videosu”na görə xəbərdarlıq 23 Aprel 2021, 15:10 YAP Hüseynbala Mirələmovun məsələsini müzakirə edir 23 Aprel 2021, 15:08 Azərbaycanda əcnəbilərin müvəqqəti olma müddəti uzadıldı 23 Aprel 2021, 15:06 BANM-nin tələbələri “Enactus Azərbaycan Yaz Məktəbi” layihəsində qalib oldu 23 Aprel 2021, 15:04 Universitetlər irəliyə getmək üçün müvafiq səlahiyyətlərə malik olmalıdır - Rektor 23 Aprel 2021, 15:00 Yeni uğurlar əldə olunur 23 Aprel 2021, 14:56 Deputat orta məktəblərdə dini dərslərin keçirilməsini TƏKLİF ETDİ 23 Aprel 2021, 14:53 “Bu qanun layihələri Prezidentin tövsiyələrinə tam uyğundur” - Əli Hüseynli 23 Aprel 2021, 14:48 Din xadimləri 5 ildən bir attestasiyadan keçiriləcək 23 Aprel 2021, 14:42 Azərbaycandan ABŞ administrasiyasına MESAJ 23 Aprel 2021, 14:37 Kütləvi dini ibadət və mərasimlərin icazəsiz keçirilməsi qadağan olunur 23 Aprel 2021, 14:32 Uşaqların dinə etiqad etməyə məcbur edilməsi qadağan olunur 23 Aprel 2021, 14:26 Müqəddəs yerlərə ziyarətlərin təşkili qaydası müəyyənləşir 23 Aprel 2021, 14:20 Ermənistanda daha bir nazir istefa verdi 23 Aprel 2021, 14:14 “Dni cərəyanlar uşaqları öz tərəfinə çəkir, başlarına oyun açır” - Vitse-spiker 23 Aprel 2021, 14:08 Deputat açıq havada toylara icazə verilməsini TƏKLİF ETDİ 23 Aprel 2021, 14:02 Hollandiya azərbaycanlıları sabah Ermənistan səfirliyi önünə TOPLAŞACAQ 23 Aprel 2021, 13:56 İcbari tibbi sığortanı ödəməyənləri bu cəzalar gözləyir 23 Aprel 2021, 13:50 Qarabağda subartezian quyuları qazılacaq - SƏRƏNCAM 23 Aprel 2021, 13:45 “Azərbaycanla İsrail arasındakı münasibətlərin potensialı yüksəkdir” - Mikayıl Cabbarov 23 Aprel 2021, 13:44 Adı səhvən şəhid olanların siyahısına düşən ZABİT 23 Aprel 2021, 13:38 Elm və innovasiya fondlarının statusu dəyişir 23 Aprel 2021, 13:34 Müharibə veteranlarının vahid informasiya bazası yaradılacaq 23 Aprel 2021, 13:28 Şəhidlərin və şəhid ailəsi üzvlərinin elektron reyestri yaradılacaq 23 Aprel 2021, 13:23 Milli Məclis insan alveri ilə bağlı hesabatı qəbul etdi 23 Aprel 2021, 13:18 Prezidentdən 5 rayonun su probleminin həlli ilə bağlı SƏRƏNCAM 23 Aprel 2021, 13:14 Pişik koronavirusdan öldü - Dünyada ilk 23 Aprel 2021, 13:10 Dövlət sosial sığorta şəhadətnaməsi ləğv olundu 23 Aprel 2021, 13:05 “Səfirliklərimizin yaxşı işləməməsi bu problemi daha da artırır” - Sabir Rüstəmxanlı 23 Aprel 2021, 13:00 ATU-da yeni TƏYİNAT 23 Aprel 2021, 12:56 “Narkomaniya ilə bağlı mübarizədə istədiyimiz nəticəni ala bilmirik” - Fazil Mustafa 23 Aprel 2021, 12:52 Koronavirusa görə oruc tutmamaq günah sayılırmı? - AÇIQLAMA 23 Aprel 2021, 12:46 Polşa səfiri Rusiya XİN-ə çağırıldı 23 Aprel 2021, 12:42 Nazirlikdən hava XƏBƏRDARLIĞI 23 Aprel 2021, 12:37