Modern.az

Xaricdən Azərbaycana gətirilən cins qoyun-keçilərin aqibəti NECƏ OLDU?..

Xaricdən Azərbaycana gətirilən cins qoyun-keçilərin aqibəti NECƏ OLDU?..

İqtisadiyyat

4 Aprel 2021, 11:26

Bir neçə ildir, xaricdən Azərbaycana cins heyvanlar gətirilməkdədir. Məsələn, gün ərzində beş-altı litr süd  “SAANEN”, “Alpin” və “Hələb” keçi cinsləri, birdəfəyə 4-5 bala verən “Romanov” qoyunları... Ətlik, südlük-ətlik və südlük istiqamətli məhsuldarlıqları olan qoyun və keçilər Azərbaycan iqliminə uyğunlaşa bilirmi?



Bəzi məlumatlara görə, yerli fermerlərin aldıqları həmin heyvanlar tələf olur.

 

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynovun Modern.az-a verdiyi  məlumata görə, həmin heyvanların gətirilməsi hələ də davam edir və onların tələf olmasından söhbət gedə bilməz.



O bildirib ki, xaricdən yerli şəraitə tez adaptasiya olunan, ətlik, südlük-ətlik və südlük məhsuldarlığı və keyfiyyətləri yüksək olan damazlıq heyvanlar gətirilməsi ölkədə heyvandarlığın cins damazlıq tərkibinin yaxşılaşdırılması məqsədi daşıyır:

 

“Bu proses Nazirlik xətti ilə deyil, xüsusi təchizatçı şirkətlər vasitəsi ilə fermerlərin sifarişi əsasında baş tutur. Bu gün daha çox maraq göstərilən İsveçrədən gətirilən “Saanen” keçiləridir. “Saanen” cinsli keçilər məhsuldarlığı ilə yanaşı, südünün keyfiyyətinə görə də yüksək göstəricilərə malikdir. Əgər yerli keçilər gün ərzində 1 litr süd verirsə, İsveçrə cinsli keçilərdə bu göstərici 4-8 litrdir.

 

Gətirilən damazlıq qoyun cinsləri isə ətlik, südlük-ətlik və südlük istiqamətli məhsuldarlıqlarına və keyfiyyətlərinə görə seçilirlər. Bu cinslər yerli iqlim şəraitinə sürətlə uyğunlaşdığından fermerlər öz təsərrüfatlarında yerli qoyunlarla yanaşı, xarici cins qoyunlar yetişdirməyə də maraq göstərirlər”.



V.Hüseynov bildirib ki, hər bir fermer dövlət dəstəyi mexanizmindən yararlanaraq öz təsərrüfatları üçün bu heyvanlardan ala bilərlər.



“Mövcud qaydalara əsasən, xarici ölkələrdən gətirilmiş damazlıq heyvanlar fermerlərə 60 faiz dövlət güzəşti ilə satılır. Fermer 25 faiz ilkin ödəniş etməklə damazlıq heyvan alır, qiymətin 60 faizini dövlət ödəyir, qalan 15 faizi isə 3 il müddətinə kreditləşdirilir. Yəni, dövlət bu prosesi stimullaşdırmaq məqsədi ilə subsidiya siyasəti yeridir. Bu cür dövlət dəstəyi mexanizminin mövcud olması fermerlərimizin xaricdən gətirilmiş damazlıq heyvanlara marağını artırır. Ötən illər ərzində xaricdən gətirilmiş damazlıq cinslərdən ibarət heyvandarlıq təsərrüfatların sayının artması bununla bağlıdır”.


Nazirlik rəsmisinin sözlərinə görə, ötən illər ərzində xaricdən gətirilmiş damazlıq cinslərdən ibarət heyvandarlıq təsərrüfatlarının sayı artıb.



“Təsərrüfat sahiblərinin xaricdən gələn heyvanlarla bağlı heç bir şikayəti yoxdur”,- V.Hüseynov bildirib


Mehri Qurban

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi