Modern.az

Saz Ədalətsiz qalıb, indi onu kimsə əvəz edə bilmir 

Saz Ədalətsiz qalıb, indi onu kimsə əvəz edə bilmir 

16 Aprel 2021, 15:35

Zaman-zaman məşhur ifaçılar musiqi alətlərinə öz möhürlərini vurublar. Onların bu musiqi alətləri ilə adı qoşa çəkilib. Saz deyəndə Aşıq Ədalət, kamança deyəndə Habil Əliyev, gitara deyəndə Rəmiş göz önünə gəlirdi. İndi onların hər biri haqq dünyasına qovuşub. Bəs, onlrı əvəz edən varmı?

İlk sazdan başlayaq. 

Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri aşıq sənətidir. Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomima, teatr sənəti elementləri üzvi şəkildə birləşir. Qədim zamanlardan Azərbaycanın məşhur ozanları, saz ifaçıları olub. Onlardan biri də sazın danışan dili, deyən sözü, görən gözü olan əfsanəvi ozan Dədə Ədalət, yəni Ədalət Nəsibovdur. Ədalət Nəsibov yaradıcı insan idi. Aşıq sənətinə bir sıra yeniliklər gətirmişdi.

 

Modern.az saytı indiki dövrdə Ədalət Nəsibovu əvəzləyəcək və ya onun yolu ilə gedən aşıqlarımızın olub-olmadığını soruşub.

 

Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm Qasımlı 20-ci əsr Azərbaycan ifaçılığında  solo sazın ən böyük ustadının Əmrah Gülməmmədov olduğunu qeyd edib:


Əmrah Gülməmmədovdan sonra Ədalət Nəsibov artıq üfüqləri son dərəcə genişləndirib.  Sazın səsini Avropaya qədər yayan Ədalət Nəsibov olub. Ədalət Nəsibov solo saz ifaçısı olaraq UNESCO-da ayrıca diski buraxılmış bir aşıqdır. 25 ildən çoxdur ki, UNESCO-da onun ifalarınn diski buraxılıb və Azərbaycan aşıq sənətini təmsil edir. Ədalət Nəsibov həm saz ifaçısı, həm də dastan bilicisi idi. Gözəl ifalar ediridi,  özünəməxsus səs tembri vardı. 

Onun yetişdirdiyi iki böyük sənətkarı isə xüsusi qeyd etmək lazımdır. Xanlar Məhərrəmov və Əli Quliyev Ədalətin şagirdləridir. Bu iki ifaçı ona layiq sənətkarlar kimi yetişiblər. Ədalət Nəsibov hər zaman bu aşıqların adını xüsusi olaraq çəkirdi. 

Başqa ifaçılarda var ki, Ədalət yolu gedirlər. Məsələn, Ədalət Dəlidağlı, Nemət Qasımov və s. 

Ədalət Nəsibov məktəbi bu gün də yaşamaqda davam edir. Bundan sonra əsrlər boyu Ədalət Nəsibov Azərbaycan sazının sehrli simlərində yaşayacaq. Onun nə qədər gözəl şagirdləri gəlsə də,  öz barmaqlarının səsini, hərarətini heç nə əvəz edə bilməz. 

Ədalət Nəsibovun bizə qalan musiqi irsi bənzərsizdir.  O Azərbaycan aşıqlığının Qızıl Fondu olaraq daim dövriyyədə olacaq”. 


Jurnalist, mədəniyyət yazarı İradə Sarıyeva deyir ki, aşıq Ədalət bu sənətin çox görkəmli nümayəndələrindən biridir.

“20-ci əsrdə aşıq sənətinin çox böyük ustadları olub - Hüseyn Saraclı, Dədə Əmrah, Kamran Əfəndiyev və s. Aşıq Ədalət də onların bir sənət yoldaşı idi. Ədalətin üstün cəhəti isə onun sazı paytaxt Bakıda sevdirməsi oldu. Sazı kənddən şəhərə gətirən də aşıq Ədalətdir. Bu gün mən deməzdim ki, Ədalət zirvədə sənətkar var. Gözəl saz ifaçılarımız var, həm qadınlar,  həm də kişilər arasında amma Ədaləti əvəz edən heç kim yoxdur. Onu əvəz etmək mümkünsüzdür. Qədim saz ifaçılarımızın hər biri bir zirvədir, epoxadır - onları əvəz etmək olmaz. 

Ədalətyönümlü sənətkarlarımız yetişir. Məsələn, Ədalət Dəlidağlı Ədalət Nəsibovun sənət bulağının suyundan içib, onun şagirdi olub, gözəl sənətkardır, amma heç kəs Ədalət Nəsibov ola bilməz”. 


Aşıq Ədalət Dəlidağlı indiki dövrdə solo saz çalanların hər birinin Ədalət Nəsibov yolu getdiyini vurğulayıb:


“Özlərini ona oxşatsalar da, bilərlər onun yolunu gedərlər,  amma Ədalətdən yüksək yerə qalxa bilməzlər.  Ədalət Nəsibov tək gəldi, tək getdi.

Mən 1993-cü ildən dünyasını dəyişənə qədər Ədalət Nəsibovun şagirdi olmuşam. O dünyasını dəyişsə də, mənim üçün sağdır. Bəşəriyyət üçün Ədalət Nəsibov bir nömrəli sənətkardır. Onun sinəsində dastanlar, şeirlər yatırdı. O sonsuz bir liman, kainat idi”.


Mehri QURBAN

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır