Modern.az

“Aqil müəllim, nə vaxt vuruşmağa gedəcəyik?” - Deputata müraciət

“Aqil müəllim, nə vaxt vuruşmağa gedəcəyik?” - Deputata müraciət

21 Sentyabr 2012, 16:27

20 ildən artıqdır ki, Azərbaycanın 20 faiz torpağı ermənilər tərəfindən zəbt olunub. Öz torpaqlarından uzaq düşən 1 milyon qaçqın və köçkün bu illər ərzində ölkənin müxtəlif rayon və şəhərlərində məskunlaşıblar. 20 il ərzində onlar dövlət tərəfindən tikilən yeni mənzillərlə təmin olunurlar və bu təmin olunma davam edir. Lakin bizim toxunacağımız məsələ onların yaşayış tərzi ilə bağlı deyil. Biz onların bu illər ərzində itirilən torpaqların geri alınması məsələsinə olan münasibətinə toxunmaq istədik. Belə ki, məcburi köçkünlərin bir çoxu cəmiyyət arasında belə bir söz işlədilər ki, “torpaqlarımızı alıb versinlər, gedək yaşayaq”.

Bu ifadə “silah versinlər, gedək torpaqlarımız alaq” sözlərilə əvəz oluna bilməzmi?

Məsələ ilə bağlı işğal olunmuş ərazilərdən seçilən deputatlardan münasibət öyrəndik.

124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinin deputatı Elman Məmmədov Modern.az-a açıqlamasında bildirdi ki, torpağın sahibi gedib torpağını almalıdır. Deputatın sözlərinə görə, bəzən də belə ifadələr işlədirlər ki, “İnşalllah torpaqlarımız qayıtsın, biz gedib yaşayaq”.

“Torpaq əsgərliyə getməyib, torpaq orada, elə öz yerindədir. Bizi hansı yolla torpaqlarımızdan çıxarıblarsa, torpaqlarımız hansı yolla düşmən tərəfindən işğal olunubsa, həmin yolla da düşməni torpaqlarımızdan qovub çıxarıb, dağılmış, viran qalmış yurd-yuvamıza yiyə durmalıyıq. Qaçqınlar deməlidirlər ki, “gedək torpaqlarımızı alaq”. Heç kim torpağı alıb, bizə qaytarmayacaq. Kiməsə desən ki, “mənim torpaqlarımı al qaytar”, deyəcək ki, “mən sənin torpağın uğrunda gedib müharibə etməliyəm?”. Torpağı torpaq sahibi istər siyasi, istərsə də diplomatik yolla almalıdır. Bu əmələ gəlməyəndən sonra, hərb yolu ilə torpağı azad etmək uğrunda çalışmalıyıq. Biz prezidentimizin rəhbərliyilə çalışırıq və son nəticədə ona nail olacağıq”.

83 saylı Ağcabədi-Füzuli seçki dairəsinin deputatı Aqil Abbas bildirdi ki, “torpağımızı alıb versinlər” ifadəsini hansısa dərdi-səri olan, ağır vəziyyətdə yaşayan qaçqın deyə bilər. Amma deputat bunu qəbul etmir.

“O sözü qəbul etmirəm və bunu bir az da qaçqınlara təhqir kimi qəbul edirəm, necə yəni “torpaqlarımızı alıb versinlər”. Onun yerinə “torpağımızı alaq” sözü işlədilməlidir. Şəxsən eşitməmişəm ki, hansısa köçkün bu sözü desin. Çünki neçə ildir ki, onların əhatəsində yaşayıram və onların deputatıyam. Onlar həmişə deyirlər ki, “Aqil müəllim, nə vaxt vuruşmağa gedəcəyik? Biz hazırıq vuruşmağa. Almanlar, amerikalılar, yoxsa Barak Obama torpağı alıb verəcək?”.
“Alıb-vermək” sözünü qəbul etmirəm. ATƏT bizim əvəzimizə torpaq alası deyil. Dəfələrlə möhtərəm prezident deyib ki, artıq cəmiyyət boğaza yığılıb və biz torpaqlarımızı azad etməyin yolunu bilirik. Təbii ki, bu torpaqlar azad olunmalıdır”.

A.Abbasın sözlərinə görə, müəyyən siyasi məsələlər var ki, onlar həll olunmalıdır. Deputat bunun müharibə yolu olmadığını deyir:
“Müharibə iki dövlətin arasında olur. Dağlıq Qarabağı azad etməyin yolu müharibə deyil. Dağlıq Qarabağı terroristlərdən azad etməliyik. Necə ki, Rusiya Çeçenistan, İnquşetiya və Dağıstanda torpaqları terroristlərdən azad edir, Türkiyə PKK ilə mübarizə edir və bizimdə Dağlıq Qarabağda məqsədimiz torpağımızı terroristlərdən təmizləməkdi. Biz haçan Ermənistan sərhədini keçəriksə, bu artıq müharibədir. Buna müharibə adı qoyub camaatı qorxutmaq lazım deyil”.

Deputat sonda onu vurğuladı ki, bu gün Ağdamdan və digər rayondan ən aşağısı 5 min oğlan silahsız, balta və yaba ilə hücuma keçməyə hazırdır.

“Qarabağ müharibəsində ölənlərin 18 mini könüllülər olub. Xalq əliyalın, baltası və yabası ilə vuruşub. İndi də həmin xalqda yaba da, balta da durur. Müharibə vaxtı vuruşanlar tək qaçqınlar olmayıb. Hər bir bölgədən vuruşanlar olub və həmin oğlanlar yenə də var. Bizim Müdafiə Nazirliyimiz, maddi-texniki bazamız, potensialımız var. Yəni, bu gün bəlkə də könüllülərə ehtiyac yoxdur. Dövlətin özünün böyük ordusu var. Öz torpaqlarımızı əsgərlərimizin hesabına azad etməyə imkanımız var. “Torpaqlarımızı alıb versinlər” sözünü hansısa bir qaçqın əsəbdən və yaxud da yorulub deyib, amma o sözü qəbul etmirəm”.

Anar Kəlbiyev

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir