Modern.az

“Siyasi partiyalar haqqında” qanun yenidən işlənir - Deputat 15 partiyanın qalmasını TƏKLİF ETDİ

“Siyasi partiyalar haqqında” qanun yenidən işlənir - Deputat 15 partiyanın qalmasını TƏKLİF ETDİ

Parlament

7 May 2021, 16:13

““Siyasi partiyalar haqqında” qanun yenidən işlənilir. Yaxın vaxtlarda olmasa da, gələcək sessiyalarda qanun müzakirəyə çıxarılacaq”.


Bu barədə Modern.az-a Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli məlumat verib. O qeyd edib ki, mövcud “Siyasi partiyalar haqqında” qanun zamanın tələbinə cavab vermir:


“Hesab edirəm ki, ciddi dəyişikliyə ehtiyac var. Doğrudan da, Azərbaycan hakimiyyəti böyük jest etdi. Sədri vəfat etmiş və fəaliyyəti olmayan partiyalar belə qeydiyyata alındı. Bununla bərabər, qeydiyyata alınmayan, fəaliyyəti olmayan partiyalar da mövcuddur. Cəmiyyətdə haqlı olaraq, “bu qədər partiya nəyə lazımdır” sualı yaranır. Aktivliyi olmayan partiyaların arasında inteqrasiya olmalıdır, birləşməlidirlər. Bəzən bu kimi fikirləri səsləndirəndə bizim özümüzü də ittiham edirlər ki, bəs Vəhdət Partiyasının fəaliyyəti? Rəhbərlik etdiyim partiya Milli Azadlıq Hərəkatında böyük rol oynayan Bakı Kəndlər Birliyinin əsasında yaranıb. Partiyamızın bazası var, üzvləri kifayət qədərdir, həmişə qərargahı olub, seçkilərdə iştirak edib. İddiaları səsləndirəndə özümüzə də aid edirik ki, partiyanın fəaliyyətində yeni baxışlar var”.


Dünya siyasi sistemində iki tip partiyanın mövcudluğuna toxunan Tahir Kərimli bunu açıq və qapalı partiyalar kimi xarakterizə edib:


“Açıq tipli partiyalara Amerika Birləşmiş Ştatlarını misal göstərə bilərik. Bu ölkədəki partiyalarda üzvlük haqqı olmur, qaydalar kəskin qoyulmur. Qapalı partiya tipi isə Azərbaycandakı kimidir. Qanunda müəyyən olunub ki, partiyanın 1000 nəfər üzvü olmalıdır, bundan sonra qeydiyyat üçün müraciət edə bilərlər.

İndiki vəziyyətə nəzər saldıqda görürük ki, siyasi partiyalar xeyli zəifləyib. Dəfələrlə bildirmişik ki, proporsional seçki sistemi bərpa olunarsa, partiyaların siyasi aktivliyi artar və bu onların böyüməsinə, genişlənməsinə səbəb ola bilər. Etiraf edək, Azərbaycanda hakim Yeni Azərbaycan Partiyasını çıxmaqla heç bir siyasi partiya üzvlük haqqını toplaya bilmir. Düşünmək lazımdır ki, partiyalar işlək partiyalar olsun, dövlətin siyasi həyatında iştirak etsin, dövlət idarəetmə sistemində yeri olsun, seçkilərdə aktivlik göstərsin. Ona görə, hesab edirəm ki, Azərbaycanda 10-15 siyasi partiyanın qeydiyyatının saxlanması kifayət edər. Qanunvericiliyi də, ictimai-siyasi həyatı da bu istiqamətdə formalaşdırmalıyıq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü