Modern.az

Musa Yaqubdan bir də gəlməyəcək!

Musa Yaqubdan bir də gəlməyəcək!

7 May 2021, 18:00

Nəzirməmməd Quliyev

Çağdaş Azərbaycan ədəbiyyatının nəhəng siması, Azərbaycanın Xalq şairi Musa Yaqub dünyasını dəyişdi. Elçin Zahiroğlunun, Nadir Diridağlının qəfil zəngləri...sarsıldıq...bir-birimizə təsəlli dilədik...ayrı neyləyə bilərdik ki?!..


...elə bildim bütöv bir epoxanı itirdik. Təsəllimiz var...həyat sonsuz deyil...amma Musa Yaqubdan bir də gəlməyəcək! Musa Yaqubun yeri doldurulmayacaq! Düzdü, yeni yazarlar da var, yeniləri də doğulacaq. Amma o dəsti-xətti, o təkrarsız ədəbi nümunələri və bu yaradıcılığı başdan-başa tamamlayan, şahidi olduğum İNSANİ KEYFİYYƏTİ bir vəhdətdə cəmləşdirə bilən onun kimi ədib dünyaya gəlməyəcək...
 

Mən Musa Yaqubun beş kitabının redaktoru olmuşam. Onun yaradıcılığının əsas motivlərini və möhtəşəm məzmunlu ədəbi nümunələrini demək olar ki, əzbərdən bilirəm. Onun yaradıcılığını öz qeydlərimdə birmənalı olaraq "Azərbaycanın gerçək tarixi" adlandırmışam. Bu xalqın tarixini, mədəniyyətini, sosial durumunu onun qədər dərindən dərk edib işıqlandıran ikinci bir şair görməmişəm. İnsanda nə qədər VƏTƏNDAŞLIQ TƏƏSSÜBKEŞLİYİ - AZƏRBAYCANÇILIQ dəyərlərinə sevgi və hörmət ola bilər! Bu dəyərləri öyrənmək istəyənlər üçün ən böyük müəllim elə yaradıcılığa müəllimlikdən başlayan Musa Yaqub və onun əbədiyaşar poeziyasıdır.



Musa Yaqub bizi cismani tərk etməklə yaddaşlardan silinəcək şəxsiyyət deyil. Musa Yaqub zamanında və zamanından sonra da qiymətini, dəyərini artıra-artıra gedən nəhəng bir simadı. Azərbaycan durduqca yaşayacaq bir sima...deməli sonsuza qədər!


Allah sənə rəhmət eləsin, böyük ustad! Dünyamızda qoyub getdiyin işıq məzarını da, axirət dünyanı da nura qərq edər, inşallah! İnsanlığa, milli təəssübkeşliyə xidmət üzərində qurulan ömür və yaradıcılıq taleyin Sənin axirətinin də, axirətdən sonra dünyamızda əbədiyaşarlığının da müqəddəratıdır! Biz ayrılmırıq. Sən əbədi bizimləsən!..


- Dünyanın zəmisi heç imiş demə,

Dəryanın gəmisi köç imiş demə,

Heçimi, köçümü indi bilmişəm,

İndi bilməyim də gec imiş demə.

- Bəlkə də borcundan çıxmadım, Vətən,

Ömür bahar deyil bir də qayıtsın.

Ölsəm də, qoynunda qoy ölüm ki, mən

Çürüyüm, bir ovuc torpağın artsın.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir