Modern.az

Musa Yaqubu, Fikrət Qocanı əvəzləyəcək yeni nəsil yetişirmi?..

Musa Yaqubu, Fikrət Qocanı əvəzləyəcək yeni nəsil yetişirmi?..

Ədəbi̇yyat

8 May 2021, 16:14

Son bir neçə gündə Azərbaycanın iki tanınmış ədəbiyyat xadimi dünyasını dəyişib: Musa Yaqub və Fikrət Qoca... Bu itkilərlə sözü misraya düzüb, ona poetik anlam verən dəyərli söz adamlarının sırası bir az da seyrəldi.

Bəs itirdiyimiz görkəmli şairləri əvəzləyəcək yeni nəsil yetişirmi?


Xalq şairi, deputat Sabir Rüstəmxanlı Modern.az bildirib ki, dünyadan köçən şair və  yazıçıların izi ədəbiyyatda daim qalacaq:


“İtirdiyimiz qələm adamlarının ədəbiyyatda xüsusi yeri var. Onlar çox dəyərli ədəbi sənətkarlarımızdır. Heç kəs heç kəsin yerini tuta bilməz. Onların kitabları, yazıları var. Gələcək nəsil onların yazıları ilə böyüyəcək. Onlar əbədiyyətə qovuşublar, amma yazdıqları kitablar oxunduqca, xatırlanacaqlar.

Ədəbiyyatda hər kəsin öz mövqeyi, izi var. Yeni nəsil gəlir. Onların da arasından dəyərli simalar yetişəcək. Sənət meydanımız heç zaman boş qalmıyacaq. Biz millət olaraq istedadlı xalqıq. Narahat olmağa dəyməz, gedənlər gedir, yerinə başqaları gəlir”.


Yazıçı Əkrəm Əylisli:

“Öncə onu deyim ki, itirdiyimiz şairlər Səməd Vurğun məktəbinin davamçıları idilər. O məktəbdən tək 81 yaşlı Məmməd İsmayıl qalıb, qalanları rəhmətə gedib. Keçmiş nəslin yaradıcıları yeni nəsli bəyənmir. Çünki keçmiş nəsil sənətini özündən çox sevib, dəyər verib.

Onu da qeyd edim ki, yeni nəsil barədə heç də pis düşünmək lazım deyil. Çünki onların Musa Yaqubu, Fikrət Qocası, Məmməd İsmayılı yetişir. Hətta deyə bilərəm ki, mən bu gün yeni nəsil yazarların elə şeirlərini oxuyuram ki, bəlkə də keçmiş nəsildənm belə güclü yazan olmayıb.

Çox rəngarəng, maraqlı yeni nəsil gəlir. Ən əsası da poeziyada. Çünki nəsrdə bunu tez görmək olmur, amma poeziyada tez müşahidə olunur. Hər halda bədbin olmağa dəyməz. Biz dünyaya gələndə heç nəyi dəyişməmişik, biz köçəndə də heç nə dəyişməyəcək. Bizim nəslin başının üstünü artıq ölüm kəsib, çox yaxındır. Həyat davam etdikcə, nəsillər də dəyişir. Hər gələn yeni nəsil əvvəlkindən daha bacarıqlı yetişir”.

Fidan İlqarqızı

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür