Azərbaycanda peşə təhsilinə maraq son illərdə daha çox müzakirə olunan mövzulardan birinə çevrilib. Əmək bazarının tələbləri, texnologiyanın sürətli inkişafı və bəzi sahələrdə praktik bacarıqlara ehtiyacın artması peşə təhsilinin əhəmiyyətini yenidən gündəmə gətirir. Mütəxəssislər hesab edirlər ki, yaxın illərdə peşə məktəbləri yalnız alternativ seçim kimi deyil, iqtisadiyyat üçün əsas kadr bazalarından biri kimi çıxış edə bilər.
Məsələ ilə bağlı Modern.az-a açıqlama verən deputat Tahir Mirkişili bildirib ki, peşə təhsili artıq sadəcə alternativ yol deyil, iqtisadi inkişafı təmin edəcək əsas sütunlardan birinə çevrilməkdədir:
"İnkişaf etmiş ölkələrin təcrübəsi də göstərir ki, rəqabətqabiliyyətli iqtisadiyyat yalnız universitet məzunları ilə deyil, yüksək ixtisaslı texniki və peşəkar kadrlarla formalaşır".
Deputatın sözlərinə görə, Azərbaycanda qeyri-neft sektorunun inkişafı, sənayeləşmə, rəqəmsal transformasiya, yaşıl enerji, tikinti, logistika, aqrar sahə və xidmət sektorunda genişlənmə peşəkar kadrlara tələbatı sürətlə artırır. Onun fikrincə, bu gün işəgötürənlər üçün diplomdan daha çox praktik bacarıq, müasir texnologiyalarla işləmək qabiliyyəti və peşəkarlıq ön plana çıxır:
"Bu baxımdan peşə təhsili gənclərin əmək bazarına daha qısa müddətdə daxil olmasına və sənətə sahib olaraq sabit gəlir əldə etməsinə real imkan yaradır. Mən elə gənclər tanıyıram ki, ali təhsili bitirəndən sonra peşə təhsili məktəbinə daxil olublar, bundan sonra yüksək maaşlı işlə təmin olunublar".

Tahir Mirkişili hesab edir ki, robotlaşma və süni intellektin inkişafı peşə təhsilinin rolunu azaltmır, əksinə, onu daha da aktuallaşdırır. Deputatın fikrincə, gələcəyin əmək bazarında yalnız nəzəri bilik yox, texniki bacarıqlar və rəqəmsal səriştələr də həlledici olacaq:
"Robotlaşma və süni intellekt peşə təhsilinin əhəmiyyətini azaltmır, əksinə onun əhəmiyyətini artıraraq yeni məzmunla zənginləşdirir. Çünki robotları quraşdıracaq, proqramlaşdıracaq, texniki xidmət göstərəcək və rəqəmsal istehsal proseslərini idarə edəcək mütəxəssislərə ehtiyac daha da artır. Gələcəyin peşələri ənənəvi peşələrin rəqəmsal bacarıqlarla birləşməsini tələb edir".
Deputat əlavə edib ki, son illər Azərbaycanda peşə təhsilinin məzmununun yenilənməsi, müasir peşə məktəblərinin və emalatxanaların yaradılması, işəgötürənlərlə əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm addımlar atılır. Onun sözlərinə görə, qarşıdakı mərhələdə əsas hədəf peşə təhsilini əmək bazarı ilə daha sıx əlaqələndirmək, dual təhsil modelini genişləndirmək və məzunların məşğulluq göstəricilərini yüksəltməkdir.
"Çox xoşdur ki, bu gün peşə məktəblərinə üz tutan və orada həvəslə sənətə yiyələnən xeyli gənclərimiz var. Biz diplom həvəsindən uzaqlaşıb, sənətə sahib olmağa istiqamətlənməliyik. Dövlət başçısının da dediyi kimi, diplom bilik və savad olmadan əhəmiyyətini itirir".
Tahir Mirkişili vurğulayıb ki, güclü peşə təhsili sistemi həm gənclər arasında məşğulluğun artmasına, həm də Azərbaycanın rəqabətqabiliyyətli iqtisadiyyatının inkişafına mühüm töhfə verə bilər:
"Ölkənin iqtisadi gücü yalnız yüksək texnologiyalardan deyil, həmin texnologiyaları peşəkarlıqla tətbiq edən insan kapitalından asılıdır".