Modern.az

Qərb ölkələri \"Zəngəzur dəhlizi\"nin tezliklə açılmasını istəyir - SƏBƏB

Qərb ölkələri \

18 May 2021, 14:22

Azərbaycan, Rusiya və Ermənistan arasında 2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanatın 9-cu bəndi və 2021-ci il 11 yanvar tarixində Moskvada imzalanmış 4 bəndlik bəyanat "Zəngəzur dəhlizi"nin reallaşması üçün hüquqi zəmin yaradıb. Moskva bəyanatında kommunikasiyanın bərpasının 1 mart tarixindən etibarən reallaşacağı qeyd olunurdu. 
"Zəngəzur dəhlizi"nin əhəmiyyətini Prezident İlham Əliyev 2009-cu il 3 oktyabr tarixində Naxçıvanda keçirilmiş Zirvə görüşündə açıqlamışdı. Vaxtilə Zəngəzurun Azərbaycandan alıb Ermənistana birləşdirilməsi Türk dünyasının coğrafi parçalanması idi. Beləliklə, qədim Azərbaycan torpağı olan Zəngəzur indi Türk dünyasını birləşdirən körpü rolunu oynaya bilər. Çünki Zəngəzurdan keçən kommunikasiya layihələri bütün Türk dünyasını birləşdirəcək.

Azərbaycan "Zəngəzur dəhlizi"ndən dəmiryolu və avtomobil yolunun çəkilməsini istəyir. Bu yollar həm Azərbaycanının böyük hissəsini Naxçıvanla əlaqələndirəcək, həm də ölkəmiz Türkiyə ilə əlaqə quracaq. Qarabağ münaqişəsindən əvvəl də bu dəhliz istifadə olunub, amma münaqişədən sonra Naxçıvanla quru əlaqəsi, ancaq İran ərazisindən keçib. 

Bəs Qərb ölkələrinin "Zəngəzur dəhlizi"nin açılmasında marağı var?

Məsələ ilə bağlı ReAl Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli Modern.az-a danışıb. Onun sözlərinə görə, dəhlizin açılması Azərbaycan, Türkiyə, Rusiya və hətta Ermənistanın da maraqlarına xidmət edir.

 

“Rusiya bu yol vasitəsi ilə Gürcüstandan asılılığını azaldaraq, Azərbaycan və Ermənistan üzərindən dəmir və avtomobil yolu əlaqəsinin saxlanmasına çalışır. Hətta Ermənistanın da burda çıxarı ola bilər. Sadəcə, Ermənistanda hazırda revanşist qüvvələrin səsinin çox olması seçkidən öncə bu məsələnin professional çərçivdə həll olunmasına imkan vermir. Amma ağıllı başla fikirləşsələr, onlar üçün də beynəlxalq arenaya qoşulma imkanı yaranacaq. Türkiyə üçünsə, əhəmiyyəti daha böyükdür. Türk məhsulları yeni koridor vasitəsi ilə keçməklə müxtəlif ölkələrə ixracının artmasına gətirib çıxara bilər”.

 

İqtisadçı həmçinin "Zəngəzur dəhlizi"ndə keçəcək dəmir yolunun Qərb üçün önəmindən də danışıb. Onun sözlərinə görə, Qərb-Şərq dəhlizinin bir hissəsi kimi dəhliz önəmli rol oynaya bilər. Xüsusən, Misirin Suveyş kanalında baş verən gəmi qəzasının beynəlxalq yükdaşımalara vurduğu ziyan Avropanın "Zəngəzur dəhlizi"nin tezliklə açılmasında marağını artırıb.


“Hazırda dəmir yolu dünyada ən ucuz yük daşıma yollarından biridir. Son zamanlarda hətta dəniz nəqliyyatını da ötüb, çünki gəmilərlə yük daşımalarda xeyli bahalaşma müşahidə olunur. Beləliklə, dəmir yolunun əhəmiyyəti də artır. Bu, həmçinin Şərq-Qərb dəhlizinin iri bir tərkib hissəsi kimi fəaliyyət göstərsə, Avropa ölkələri üçün də yeni bir xətt olar. Çindən Avropaya gedən böyük dəmir yollarının əksəriyyəti Rusiya üzərindən keçir. Rusiya ilə Qərbin münasibətlərinin heç də xoş olmaması bu yükdaşınmalarda müəyyən problemlər ola bilər deyə, Avropa ölkələri də yeni alternativlərin olmasında maraqlıdır. Ona görə də regional və beynəlxaq ölkələr üçün də bu yol ticarət dövriyyəsinin asanlaşmasına kömək edə biləcək. Bu yaxınlarda Süveyş kanalındakı gəmi qəzası dünyanı  bir həftəyə yaxın ləngitdi.  Avropa ölkələri milyardlarla dollar ziyan gördülər. Bu hadisə yeni koridorların, dəmir yollarının əhəmiyyətini daha da artırdı. Sadəcə, Avropa ölkələrindən gələn mesaj budur ki, əməkdaşlıq qarşılıqlı razılaşma və güzəştlər əsasında olsun, bütün tərəflər qazanc əldə etsin”.

 

Aysel Məhərrəm

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü