Modern.az

"Onlar məni hədə yolu ilə susdurmaq istəyirlər" - AÇIQLAMA

"Onlar məni hədə yolu ilə susdurmaq istəyirlər" - AÇIQLAMA

26 Sentyabr 2012, 12:18

Millət vəkili Gülər Əhmədova hazırda Fransada yaşayan fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin (ABU) keçmiş rektoru Elşad Abdullayevi yaydığı videomateriala münasibət bildirib.

Deputat bildirib ki, bu videoçəkilişin həm səs, həm də görüntüsü başdan-ayağa montaj olunub və bunun kimlər tərəfindən hazırlandığı barədə də onda məlumatlar var.

Gülər xanımın sözlərinə görə, o, 7 ildir ki, millət vəkili olaraq artıq fəaliyyətinə xitam verilmiş Azərbaycan Beynəlxalq Unuversitetinin rektoru Elşad Abdullayevin cinayət əməllərinə qarşı mübarizə aparır:

"Onun universitetə qəbul zamanı yol verdiyi saxtakarlıq, cinayət əməlləri çoxlu sayda vətəndaşımıza külli miqdarda ziyan vurması ilə müşayiət olunub. Məndə vətəndaşların çoxlu sayda ərizələri var. Mən həmişə onun əməllərinə qarşı radikal mövqedə olmuşam. Bu gün də bütün gücümlə çalışıram ki, Elşad Abdullayev vətəndaşlarımıza vurduğu ziyanı ödəsin. Bunun üçün o Azərbaycana gətirilməli və qanun qarşısında cavab verməlidir.
Onlar məni şantaj, hədələmə yolu ilə susdurmaq istəyirlər. Amma onu da bilsinlər ki, mən bu montajın saxta olduğunu mütəxəssislər vasitəsilə sübut edəcəyəm. Şükür Allaha elm-textika o qədər inkişaf edib ki, bunu sübut etmək bir o qədər də çətin olmayacaq. Elşad Abdullayev vaxtını bu videomontajlara yox, tələbə valideynlərindən aldığı pulları necə ödəyəcəyi yollarını düşünməyə sərf etsə, yaxşı olar. Biz qanunun ali olduğu bir ölkədə, cəmiyyətdə yaşayırıq. İnanıram ki, haqq-ədalət tezliklə öz yerini tutacaq”.

Gülər Əhmədova APA-ya açıqlamasında deyib ki, Elşad Abdullayev Fransada siyasi mühacir kimi status almaq istəyir, ona görə belə addım atıb:

"Bu adam əvvəldən bilirdi ki, onun rəhbərlik etdiyi universitetdə baş verənlərlə bağlı mənə kifayət qədər müraciət edənlər var. Məndə olan materialların da çoxluğundan xəbərdar idi. Bu səbəbdən onun bu hərəkəti etməsindən təəccüblənmədim”.

G. Əhmədovanın sözlərinə görə, o, eyni situasiyanı sabiq səhiyyə naziri Əli İnsanovun həbsindən sonra da yaşayıb: “ Əli İnsanov həbs olunandan sonra Elşad Abdullayev məni 3 dəfə məhkəməyə verib. O bilirdi ki, mən 2002-ci ildə uşaq alveri ilə bağlı məsələ qaldırmışdım. Bundan yayınmaq üçün ona başa salmışdılar ki, məni indidən məhkəməyə verib, ona şər atdığımı iddia etsin. Yəni bu mənim üçün ilk hadisə deyil. Bu halı bir dəfə yaşamışam. Bu da ikinci hadisədir. Mənim üçün fərqi yoxdur. Mən materialları da yayıram, göndərirəm. İndi belə etməklə özü başa saldı ki, hansı dərəcədə günahkardır. Mən güman edirdim ki, o, bəlkə camaatın pulunu qaytaracaq. Çünki evi əlindən alınan, döyülüb gözü çıxarılan, intihar edən gəlinlər olub orada. Bunların hamısını açıqlayacağıq. Elşad Abdullayev nə edirsə etsin, dəxli yoxdur”.

Deputat deyib ki, onun Elşad Abdullayevə bəzi sualları da var: “Birinci, onda bu qədər pul hardandır? Əgər bu pulları leqal biznesdən qazanıbsa, onda vergisi hanı? Orqan mafiyasının başçısı daha neyləməlidir ki?”

G. Əhmədova video görüntünü sosial şəbəkələrdə müzakirə edənlərə də mesajının olduğunu deyib: “ Sosial şəbəkələrdə özlərini həddindən artıq aktiv aparanlara bir ismarışım da var. Zamanında özünü “Xədicənin bacıları” kimi təqdim edənlərə xitab etmək istəyirəm. Onlar indi “şok oldum”, “halım dəyişdi” kimi fikirlər səsləndirirlər. Burada şok olmalı bir hal yoxdur. Bu video görüntü başdan ayağa qədər montajdır. Bu ölkədə Elşad Abdullayevin hansı rəzilliklərlə məşğul olduğunu bilməyən yoxdur. Ona görə də Elşad Abdullayev kiminlə düşmənçilik edirsə, əksinə, həmin adama dəstək vermək lazımdır”.

G. Əhmədova görüntüləri izləyib-izləməməsi, hansı hissəsinin montaj olduğu barədə suala isə belə cavab verib: “Əsəbimdən əməlli-başlı baxa bilməmişəm. Bircə başlıqları oxuya bilmişəm. Bəlkə də bu adamla rastlaşanlar bilirlər ki, bu hansı xislətdə adam olub. Dünən köməkçim dedi ki, bu xəbəri ilk yayan “azpolitika” saytı da video görüntünün montaj olduğunu yazıb. Açığı, əvvəldən axıra qədər həmin görüntüyə baxmamışam. Bütün gecəni isə bizdə olan materialları toplamışam. Ən çox baxdıqlarım sosial şəbəkələrdəki statuslar idi. Həm də özünü “süddən çıxan ağ qaşıq” kimi göstərən mətbuat orqanlarını izləmişəm. Hamı nədənsə özü haqqında olanları unudur. Çalışırlar ki, belə vəziyyətdə özlərini İsa peyğəmbər, Müqəddəs Məryəm kimi göstərsinlər. Hər halda hamı bir-birini yaxşı tanıyır və bilir ki, kim-kimdir”.

Deputat video görüntünün çəkildiyi vaxtla bağlı suala konkret cavab verməyib: “Bir ayın içində mənim 40-50 cür video və foto görüntülərim ola bilər. Bu video isə neçə il əvvəlin görüntüsüdür. Bəlkə haradasa olanda çəkilib, yaxud da montaj olunub. Bu məsələləri hələ özüm araşdırmamışam. Bunları araşdırandan sonra bu suallara bir-bir cavab verəcəyəm. Mən heç vaxt suallardan qaçmıram. Onun danışıqlarından belə başa düşürəm ki, orda deputat seçkiləri-filan deyir, qardaşı ilə bağlı danışır. Yəqin, 2000-ci illərin əvvəllərindən söhbət gedir”.

G. Əhmədova artıq prokurorluğa müraciət etdiyini və E. Abdullayevlə bağlı materialları göndərdiyini deyib.

Deputat üzvü olduğu partiyadan və Milli Məclisdən bu görüntülərə hansı reaksiyanın verildiyi barədə suala isə qısa cavab verib: “Mənə heç kim heç nə deməyib”.

Video görüntüdəki digər şəxs-Sevinc Babayeva ilə əlaqə yaratmaq isə mümkün olmayıb. Direktor işlədiyi kitabxanadan onun işdə olmadığını bildiriblər.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir