Modern.az

Azərbaycanda “Türkiyə həftəsinin” yekunlarına dair mətbuat konfransı keçirilib

Azərbaycanda “Türkiyə həftəsinin” yekunlarına dair mətbuat konfransı keçirilib

26 Sentyabr 2012, 13:06

Sentyabrın 26-da Prezident yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Azərbaycanda Türkiyə həftəsi”nin yekunlarına dair mətbuat konfransı keçirilib.
Mətbuat konfransında  23 – 28 sentyabr tarixlərində “Türkiyə həftəsi” çərçivəsində Gəncə, Lənkəran və Ağdamda olan Türkiyə və Azərbaycan beyin mərkəzlərinin nümayəndələri, millət vəkilləri, universitet müəllimləri və media işçilərindən ibarət nümayəndə heyəti səfər barədə Azərbaycan və türk mediasının nümayəndələrinə məlumat veriblər.

Gəncədə “Tarixdən günümüzə: Türkiyə-Azərbaycan Münasibətləri” mövzusunda konfransda Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov, APA-nın  direktoru Vüsalə Mahirqızı, Milli Məclis Aparatı Analitik İnformasiya Şöbəsinin müdir müavini Hatəm Cabbarlı, Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin direktoru Bülent Aras, Beynəlxalq Antalya Universitetinin rektoru Cihat Göktepe, Yalova Universitetinin müəllimi Nevra Esentürk, Türkiyə XİN SAM-ın nümayəndəsi Sərkan Razi, “Today’s zaman” qəzetinin müxbiri Lamiyə Adılqızı iştirak ediblər. Bundan başqa Gəncədəki Türkiyənin baş konsulu Haluk Ağca və Gəncə Dövlət Universitetinin rektoru Elman Məmmədovla da görüşlər keçirilib.  

Lənkəranda keçirilən “Azərbaycan-Türkiyə Münasibətləri Regional Kontekstə” mövzulu konfransda millət vəkili Fazil Mustafa, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin aparıcı elmi işçisi, Türkiyə üzrə koordinator Cavid Vəliyev, AKP Ankara Millət vəkili Tülay Salamoğlu, USAK direktor müavini Kamer Kasım, Türkiyə XİN SAM-ın nümayəndəsi və Uludağ Universitetinin müəllimi Ferhat Pirinççi, SETA-nın eksperti Ufuk Ulutaş, Türkiyə XİN SAM-ın nümayəndəsi Özcan Gültekin iştirak ediblər. Eləcə də Lənkəran şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov və Lənkəran Dövlət Universitetinin rektoru Asəf İsgəndərovla görüşlər keçirilib və Türkiyənin Lənkərandakı fəxri konsulluğunun binası ziyarət edilib. 

25 Sentyabr 2012-ci il tarixində nümayəndə heyəti Ağdama səfər edib, Ağdamın icra başçısı Nizami Sadıqovla və Ağdamda yaşayan məcburi köçkünlərlə görüşlər keçiriblər. Bu görüşlər 26 sentyabr 2012-ci il tarixində Bakıda keçiriləcək rəsmi görüşlər, eləcə də 27 sentyabr 2012-ci ildə Naxçıvan səfəri ilə yekunlaşacaq.      

Bakı görüşlərində iştirak etmək üçün xüsusilə Türkiyə Respublikası Baş Nazirliyi Xalq Diplomatiyası koordinatoru Cəmaləddin Haşimi, Xaricdə yaşayan Türklər və qohum xalqlarla iş üzrə Dövlət Komitəsinin sədr müavini Gürsəl Dönməz və Türkiyə Əməkdaşlıq və Koordinasiya Agentliyinin sədri Mehmet Sürəya Ər Bakıya səfər ediblər.    

Bu görüşlərin və müzakirələrin keçirilməsinin əsas məqsədi Türkiyə-Azərbaycan münasibətlərinin inkişafına dəstək vermək, qarşılıqlı olaraq Azərbaycan və Türk ictimaiyyətini Türkiyə və Azərbaycan məsələləri haqqında məlumatlandırmaqdır.   2011-ci ilin oktyabr  ayında Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi Türkiyənin beş səhərində (Trabzon, Kars, İqdır, Ərzurum və Konya ) “Azərbaycan Həftəsi” keçirib.

Modern.az    
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu