Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən Modern.az-a verilən məlumata görə, Buzovna qəsəbəsində fəaliyyət göstərən fiziki şəxs Sahib Abbasova məxsus broyler müəssisəsində dövlət nəzarəti aparılıb. Araşdırma zamanı müəyyən edilib ki, müəssisədə istehsal olunan məhsulların müvafiq keyfiyyətdə sabit istehsalına şərait yoxdur. Belə ki, cücənin tüklərdən, içalatdan təmizlənməsi sahəsi, kəsim sahəsi sanitariya normalarına cavab vermir. Seçilmiş nümunələrin Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) sınaq laboratoriyasında keçirilən müayinəsi zamanı broyler cücə əti və toyuq içalatında bağırsaq çöpü qrupundan olan bakteriyalar (fekal çirklənmə, E.Coli mikroorqanizimləri) aşkar edilib.
Müəssisədə istehsal olunan məhsullar üçün müvafiq normativ sənədlər üzrə (QOST 25391-82 bənd 1.1 və AZS 299-2008 bənd 3.1.1) müəyyən edilmiş qaydada təsdiq olunmuş texnoloji təlimat yoxdur. Bundan başqa, müəyyən olunub ki, müəssisdə halal məhsul istehsalı üçün mövcud normativ sənəd AZS 372-2012 “Halal” ət məhsulları standartının tələblərinə əməl olunmadığı halda məhsullar “Halal” məhsul kimi təqdim edilir. Bununla da müəssisə tərəfindən “Yeyinti məhsulları haqqında” Qanunun 5-ci, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 10-cu maddələri tələbləri pozulub.