Modern.az

Birinci Qarabağ müharibəsinin döyüşçüləri də TƏLTİF OLUNA BİLƏR

Birinci Qarabağ müharibəsinin döyüşçüləri də TƏLTİF OLUNA BİLƏR

8 İyul 2021, 08:03

2020-ci ilin dekabr ayında və 2021-ci ilin iyun ayında elan olunmuş sərəncamlarla verilmiş medallar Vətən müharibəsinin iştirakçılarına paylanır.
Müdafiə Naziliyinin məlumatına görə, bu günədək Azərbaycan Ordusu üzrə 160.000 medaldan yalnız 13.300 medal aidiyyəti üzrə sahibinə təqdim olunub.
 
Nazirlik bəyan edib ki, təltif olunanların sayının çox olması səbəbindən medalların hazırlanma prosesi müəyyən vaxt aparacaq.

Vətən müharibəsi iştirakçılarının təltif olunduğu bu vaxtda Birinci Qarabağ savaşının döyüşçüləri də yada düşür. Axı onlar da Vətən uğrunda canlarını fəda etmiş, əllərini-ayaqlarını itirmiş, qəhrəmanlıq göstərmişdilər... şəhid və qazi olmuşdular... Baxmayaraq ki, müharibəni uduzmuşduq. Amma bu, onların günahı deyildi... Böyük əksəriyyərinin heç bir orden medalı yoxdur...

Qarabağda qazanılan Zəfəri nəzərə alaraq, Birinci Qarabağ müharibəsi iştirakçılarının də təltif olunması mümkündürmü?


Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov mövzu ilə bağlı  Modern.az-a danışıb. O, Ermənistanın pis niyyətlərinin qarşısını alanların Birinci Qarabağ döyüşçüləri olduğunu vurğulayıb:


“Birinci Qarabağ müharibəsində iştirak edən döyüşçülərimiz torpaqlarımızın 80%-ni saxladılar və Ermənistanın işğalçılıq niyyətinin qarşısını almağa nail oldular. Bilirik ki, düşmənin ən böyük arzusu dənizdən-dənizə “böyük Ermənistan” yaratmaq, həmçinin Azərbaycan ərazisini tam şəkildə işğal etmək idi. O pis niyyətlərin qarşısını alan məhz Birinci Qarabağ müharibəsinin döyüşçüləridir.

İlk müharibə zamanı vəziyyət ürəkaçan deyildi. Bunun səbəbi hər kəsə aydındır, hər şey yalnız insan gücünə bağlı idi. Birinci Qarabağ müharibəsini İkinci Qarabağ müharibəsi ilə müqayisə etmək mümkün deyil. Azərbaycan Ordusunun hazırki peşəkarlığına baxanda hər şeyi görə bilərik”.



Ş.Ramaldanov Birinci Qarabağ müharibəsi iştirakçılarının təltif oluna biləcəyini mümkün sayır:

“Birinci Qarabağ müharibəsi iştirakçılarının da mükafatlandırılması ilə bağlı fikirlə razıyam. Lakin bir sual ortaya çıxır: İlk Qarabağ müharibəsində iştirak edən döyüşçülər necə xarakterizə olunsun ki, biz onları hansısa statusla orden və medallarla təltif edə bilək?

Düşünürəm ki, bununla bağlı komissiya yaradıla və mükafatlandırma konkret sənədləşmə əsasında aparıla bilər. Hazırda hansı medal və ordenlə kim təltif olunmalıdır, biz bunun mexanizmini dəqiqləşdirə bilmirik.  
Bəli, Birinci Qarabağ müharibəsində iştirak edən döyüşçülər təltiflərdən kənarda qalıblar, onlara diqqət yetirilmir.

Amma müvafiq komissiya yaradıldıqdan sonra onların hər biri mükafatlandırılmasa da, bir hissəsi yəqin ki, təltif oluna bilər. Komissiya fəaliyyətə başlasa, nəticələrinə uyğun olaraq qərarlar qəbul ediləcək”.

 

Mehri Qurban

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi