Modern.az

Onlar 30 ildir nala-mıxa döyürlər! - Deputatlardan səfirlərə ETİRAZ

Onlar 30 ildir nala-mıxa döyürlər! - Deputatlardan səfirlərə ETİRAZ

12 İyul 2021, 14:00

ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Azərbaycandakı səfirləri rəsmi Bakının dəvətini  qulaqardına vuraraq, iyulun 9-10-da Füzuliyə və Şuşaya səfərdən imtina etdilər. Bu hadisə Azərbaycan cəmiyyətində hiddətlə qarşılanıb.


Həmsədr ölkələrin diplomatları Mixail Boçarnikov (Rusiya), Zakari Qross (Fransa) və Erl Lisenberger (ABŞ) bu səfərdən imtina etməklə hansı mesajı vermək istəyirlər?

Modern.az saytı deputatlardan bu suala cavab istəyib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib ki, mədəni paytaxtımız olan Şuşaya səfərin təşkil olunması və səfərdə üç böyük dövlət təmsilçisinin iştirak etməməsi təbii ki, gözlənilməz idi:

“Sanki beynəlxalq qanun sadəcə balaca dövlətlər üçün yazılıb. Böyük dövlətlər bunu çox gözəl bilirlər ki, Şuşa 30 il ərzində işğal altında olub. Bu gün beynəlxalq qanunu da böyük tribunalardan müdafiə edirlər. Amma onlar istədiyi formada, tərzdə təqdim etdikləri üçün bax belə ikili standartlar gündəmə gəlir. İkili standartlar kiçik dövlətlər üçün deyil, əksəriyyəti açıq-aşkar öz mövqeylərini ortaya qoyur. Ancaq böyük dövlətlər daim ikili standartlarla çıxış edirlər. Bunun da səbəbi var. Səbəb ondan ibarətdir ki, onlar həm nala, həm də mıxa vuraraq, öz maraqlarını həyata keçirirlər. 30 ildir davam edən, amma Azərbaycan tərəfindən son qoyulmuş münaqişəni yenə də hansısa formada öz maraqları üçün istifadə etmək istəyirlər.

Buna görə də, həqiqəti müəyyən edək ki, Qarabağ məsələsində özümüzə və dostlarımıza arxalanmalıyıq. Hesab edirəm ki, bu ən böyük nəticədir. Amma qısa bir müddət keçəcək, yeni yaranmış reallıq onları da məcbur edəcək ki, bu məsələlərdə iştirak etsinlər”.

 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, onlar olmayan Minsk qrupunu bərpa etmək istəyirlər:


“ATƏT-in Minsk qrupunun artıq görməli olduğu bir iş qalmayıb. Onun görməli olduğu işləri Azərbaycan özü görüb. Bu kimi atılan addımlar da Minsk qrupunun yenidən dirçəltmək anlamına gəlir. Digər tərəfdən, güya tərəfsizlik göstərmək istəyirlər. Amma artıq bunların tərəfləri məlumdur. Biz gördük ki, müharibə dövründə Fransa Ermənistanı açıq-aşkar müdafiə elədi, Amerika ümumiyyətlə bu məsələyə qarışmaq istəmədiyini bildirir. Rusiyanın isə mövqeyi məlumdur.

Bu cür addımlara qarşı biz öz etirazımızı bildirməliyik. Şuşa işğaldan azad edilmiş Azərbaycan ərazisidir və orada quruculuq işləri gedir. Biz sizi quruculuq işləri ilə tanış etmək, həmçinin Qarabağda törədilən vandalism aktlarını göstərmək istəyirik ki, sizin müdafiə etdiyiniz ermənilər bu işləri görüb”.


Milli Məclisin Qarabağdan – Cəbrayıldan seçilmiş üzvü Ceyhun Məmmədovun sözlərinə görə, ABŞ, Fransa və Rusiya səfirlərinin Şuşaya getməkdən imtina etmələri bu ölkələrin Azərbaycanla münasibətlərdə səmimi olmadığını, bölgədə sülhün tez bir zamanda təmin olunmasına maraq göstərmədiyini söyləməyə əsas verir:

“Hər üç ölkə həm də ATƏT-in Minsk qrupunun həmsədridir və zaman-zaman guya, sülhə nail olmaq üçün sözügedən təşkilatın rolunun qabardılmasına, prosesdə aktiv iştirakına nail olmağa çalışırlar. Bu cür yanaşma ilə ATƏT prosesə hansı töhfə verə bilər? Yoxsa onlar işğalçını - Ermənistanı dəstəkləyirlər?

Əgər onlar səmimidirlərsə gedib yerində ermənilərin törətdikləri vəhşilikləri, Azərbaycanın qısa müddətdə necə böyük quruculuq işlərinə başladığını görməli idilər.

Burada bir vacib məqam da var. Onlar Azərbaycanın bölgədə yeni reallıq yaratmasını qəbul etməlidirlər. Onsuz da Azərbaycan qarşısına qoyduğu bütün məqsəd və hədəflərə nail olacaq.

Dövlətimiz Azərbaycanın narazılığını mütləq həmin dövlətlərin diqqətinə çatdırmalıdır. Eyni zamanda, həmin dövlətlərlə əməkdaşlığın gücləndirilməsi, erməni yalanlarının ifşası istiqamətində siyasətimizi davam etdirməliyik”.


Deputatı Asim Mollazadə deyib ki, Azərbaycan artıq 30 ildir ki, ATƏT-in Minsk qrupunun buna bənzər hərəkətlərinə şahid olur:


“Minsk qrupu öz acizliyini bir daha nümayiş etdirdi. Onların üzərinə düşən vəzifəni Azərbaycan əsgəri yerinə yetirdi. Torpaqlarımız işğaldan azad olundu, Azərbaycanın 10 minlərlə vətəndaşı öz yurduna qayıda biləcək. Şuşada bərpa işləri ilə tanış olmaq istəməyən Minsk qrupunun üzvləri əslində üstlərinə düşən vəzifəni yerinə yetirə bilməyəcəklər. Çünki onların öz hökümətlərini məlumatlandırmaq üçün informasiyaları olmayacaq. Bu, bir daha onu göstərir ki, böyük ölkələrdə fəal erməni diasporu var. Çox güman ki, onların səyi nəticəsində bu kimi addımlar atılıb”.

 

Aysel Məhərrəm

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir